Heydər Əliyev Bolqarıstan türklərini repressiyadan necə xilas edib?

post-img

Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in mərkəzi ofisində Bolqarıstan türkü, “Bultürk” Bolqarıstan Türkləri Mədəniyyət və Xidmət Birliyinin sədri, araşdırmaçı yazar Rafet Ulutürkün iştirakı ilə “Heydər Əliyev və Azərbaycan-Bolqarıstan əlaqələri: Ulu öndərin Bolqarıstan türkləri qarşısında tarixi xidmətləri” mövzusunda dəyirmi masa keçirilib. Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən tədbirdə, TAİB İdarə Heyətinin üzvləri, Gənclər Təşkilatının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. 

TAİB sədrinin müavini, sabiq dövlət qulluqçusu Eyvaz Hümbətov Ulu Öndərin hələ Sov.İKP MK Siyasi Bürosunun üzvü, Nazirlər Kabineti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrlərdə sosialist ölkələrində yaşayan türk mənşəli xalqların hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətindən və onun bu yöndə prinsipial mövqeyindən bəhs edib. 

Rafet Ulutürk Bolqarıstan türklərinin Heydər Əliyevə xüsusi sevgisindən söz açaraq, Ulu Öndərin xidmətlərini heç vaxt unutmayacaqlarını bildirib. Onun sözlərinə görə, keçən əsrin 80-ci illərinin əvvəllərindən başlayaraq Bolqarıstan türklərinə qarşı repressiya aparılıb. Həmin dövrlərdə Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü kimi Bolqarıstana bir neçə dəfə səfər edib. Burada türklərin ad və soyadlarının zorla dəyişdirilərək bolqarlaşdırılması prosesi gedirdi, Ramazan və Qurban bayramları qadağan edilmişdi, 4 min türk qətlə yetirilmiş, 30 min nəfəri zindana salınmışdı. H.Əliyev Todor Jivkovun antitürk siyasətini tənqid edərək bu prosesin dayandırılmasını SSRİ rəhbərliyi adından tələb edib: “Heydər Əliyevin müdaxiləsindən sonra bu proses dayandırıldı”, – deyə Ulutürk vurğulayıb. 

Qeyd edək ki, Heydər Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri olmuş Aleksandr İvanovun da bu tarixi fakt barədə maraqlı qeydləri var. Aleksandr İvanov xatirələrində qeyd edir ki, Heydər Əliyevin Todor Jivkovla sərt telefon danışığının şəxsən şahidi olub. 

Rafet Ulutürk onu da qeyd edib ki, Türk Dövlətləri Təşkilatının fəaliyyətini diqqətlə izləyir və Azərbaycanın türk xalqları arasında əlaqələrin inkişafı prosesinə verdiyi töhfələri yüksək qiymətləndirir. Dəyirmi masada Azərbaycan-Bolqarıstan əlaqələrinin bugünkü ürəkaçan səviyyəsindən də söhbət açılıb. 

Anar ƏLİ
XQ



Mədəniyyət