İsveçin paytaxtı Stokholmda “Heydər Əliyev İli” çərçivəsində qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə isveçli film mütəxəssisi Mikael Silkebergin “Odin kodu” adlı sənədli filminin təqdimatı keçirilib.
Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgərlərimizin qanı və canı bahasına torpaqlarımızın düşmən tapdağından tam azad edilməsinin Azərbaycan tarixinin ən vacib məqamlarından biri olduğunu bildirib. Qazanılan Qələbəni beynəlxalq hüququn və tarixi ədalətin təntənəsi adlandıran Zaur Əhmədovun sözlərinə görə, sevindirici haldır ki, bu gün belə bir bayram Azərbaycanın və onun zəngin mədəniyyətinin böyük dostu Mikael Silkeberg tərəfindən ərsəyə gətirilmiş, Skandinaviya və Azərbaycan arasında tarixi əlaqələrə həsr olunan "Odin kodu" sənədli filminin təqdimatı ilə qeyd olunur.
Daha sonra çıxış edən filmin rejissoru Mikael Silkeberg UNESCO üzrə Azərbaycan Milli Komissiyasına və Azərbaycanın İsveçdəki səfirliyinə filmin ərsəyə gəlməsində verdikləri dəstəyə görə minnətdarlığını bildirib. Qeyd olunub ki, bu film Azərbaycan və Skandinaviya ölkələri arasında qədim tarixə əsaslanan əlaqələrdən və bu əlaqələrin öyrənilməsinə böyük əhəmiyyət verən məşhur norveçli alim və səyahətçi Tur Heyerdalın ölkəmizə səfəri, Ümummilli lider Heydər Əliyevlə görüşlərdə səsləndirilən fikirlər və ortaya qoyulan hipotezalardan ilhamlanır.
Daha sonra “Odin kodu” sənədli filmi nümayiş olunub.