Mirzə İbrahimovun ömür yolu işıqla zülmət arasında nur körpüsüdür
Müasir Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan xalq yazıçısı Mirzə İbrahimovun bütün həyat və yaradıcılığı xalqına, torpağına, millətinin xoş gələcəyinə xidmətdən ibarət olub. "Böyük dayaq" romanındakı məşhur monoloq bu mənada Mirzə İbrahimovun həyatdakı məqsəd və mübarizəsinin ən gözəl göstəricisi kimi öz dəyərini həmişə saxlamaqdadır: "Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndədir, fikrim işığını səndən alır. Həyatımın nəşə və sevincinə səbəb sənsən! Həyat yolunun sürüşkən döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan sən olmusan”.
Yazıçının həyat yolunun bütün mənzərələrini əks etdirən bioqrafiyasına nəzər saldıqda bu monoloqun məna dərinliyinə heyrət kəsilirsən.
1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı balaca bir kənddə dünyaya göz açan Mirzə hələ çox körpə ikən anasını itirib. Sonra ailə Bakıya gəlib. Burada da tale onların üzünə gülməyib. Az keçmir ki, 8 yaşlı Mirzə aclıq və xəstəlik üzündən atasını və qardaşını da itirir. Taleyin bu qaranlıq döngələrində yaşamaq naminə Balaxanı və Zabratda muzdurluq edib. Sonralar fabrik-zavod məktəbinə daxil olub. Gündüzlər fabrikdə çalışıb, axşamlar məktəbdə oxuyub.
Taleyi onda gətirdi ki, qarşısına, sözün həqiqi mənasında, mərhəmətli insanlar, əsl ziyalılar, yaxşı müəllimlər çıxdı. Hüseyn Əfəndi, İbrahim İbrahimbəyli, Cəmil İbrahimov, Qambay Vəzirov, Mehdixan Vəkilov kimi işıqlı insanlar Mirzə İbrahimovun yolgöstərəni və müəllimləri oldular. Səməd Vurğunun böyük qardaşı Mehdixan Vəkilov Mirzə İbrahimova sözün həqiqi mənasında himayədarlıq edərək onu oxumağa həvəsləndirdi, ruhdan düşməyə qoymadı.
Gənc oğlanın fitri istedada malik olduğu müəllimlərinin də diqqətini çəkdi. O, ötən əsrin 20-ci illərində yaradılan Proletar Yazıçılar Cəmiyyətinə üzv qəbul edildi. Burada Ənvər Məmmədxanlı, Mirvarid Dilbazi ilə tanış oldu. Yaradıcılığa şeirlə başlayan Mirzə İbrahimov dövri mətbuatda yavaş-yavaş dərc olundu. Neft Texnikumunda oxuyub. Sonra iki illik Elmi-Tədqiqat İnstitutunun kurslarında təhsil alıb. Bir müddət Naxçıvanda yaşayaraq çalışıb. "Həyat" pyesini də (1935) elə burada yazıb. Sonra Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. Cəlil Məmmədquluzadənin yaradıcılığı ilə bağlı "Böyük demokrat" mövzusunda dissertasiyasını müəyyən səbəblər üzündən bir qədər gec - 1941-ci ildə müdafiə edib. Repressiya tufanının qara caynaqları Azərbaycanın hər yerinə sirayət etdiyi bir zamanda Mirzə İbrahimovu Bakıya çağıraraq Azərbaycan Dövlət Opera və Balet Teatrına direktor təyin ediblər. Az müddətdən sonra isə Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi təyin olunan Mirzə İbrahimov Moskvada Stalinlə görüşmüş, Xruşşov, Molotov, Malenkovla söhbət etmişdir. Təbii ki, Mirzə İbrahimov o dövrün nüfuzlu şəxsiyyətlərindən biri sayılırdı. Bəlkə də elə böyük sənətkarı gələcəkdə anbaan izləyən həbs kabusundan bu görüş xilas edib.
İkinci Dünya müharibəsi illərində Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işləri gedirdi. M.C.Bağırov bu tədbirlə bağlı Mirzə müəllimdən məlumat istərkən aldığı cavabdan qəzəblənmiş, üzünə böhtanlar yağdırmış, onu kapitalist ölkələrinə "satılmış siyasi düşmən" adlandırmışdır. Yazıçılar ürəklərində "heyif Mirzədən" fikirləşsələr də, bu sözləri dilə gətirə bilməyiblər. Hətta iclas salonundan çıxandan sonra da bir müddət ona yaxınlaşıb söhbət etməyə cəsarətləri çatmayıb. Çünki bunu dərhal yuxarıya çatdıra bilərdilər. Beləliklə, Mirzə İbrahimov işdən çıxarılıb. Bir müddət işsiz qalıb. Qələmini yerə qoymadan yazıb–yaratsa da, ailə səksəkədə idi. Hətta Mirzənin pal-paltarını da hazırlamışdılar. Hər an hər şey ola bilərdi.
Görünür, bütün ziyalıları sürgünə göndərmək yuxarılara da çox sərf etmirdi. Bir müddətdən sonra yenidən Mirzə İbrahimova vəzifə veriblər. O, bu dəfə Azərbaycan xalq maarif komissarı kimi çalışmışdır (1942-1946). Bu arada təsis edilən Azərbaycan Elmlər Akademiyasının (1945) ilk həqiqi üzvlərindən biri də Mirzə İbrahimov olmuşdur.
İkinci Dünya müharibəsi zamanı sovet ordusu sıralarında Cənubi Azərbaycanda olan Mirzə İbrahimov burada "Vətən yolunda" qəzetinin məsul redaktoru vəzifəsində çalışmışdır. O, bu dövrdə səngərlərdə olur, xüsusilə də azərbaycanlı diviziyalarının vuruşduğu döyüş bölgələrinə gedir, əsgərləri qələbəyə ruhlandırırdı.
Azərbaycan Yazıçılar İttifaqının sədri işlədiyi vaxtlarda Mirzə İbrahimov eyni zamanda respublika Nazirlər Sovetinin sədr müavini olmuşdur. Lakin bu arada filosof Heydər Hüseynovla bağlı müsbət xasiyyətnamə verməsi yuxarıların xoşuna gəlməmiş və bu da növbəti zərbə almasına səbəb olmuşdur. Doğrudur, Stalin vəfat etdikdən sonra Xruşşov dövründə bir qədər mülayimləşmə başlayır. Həmin vaxt Mirzə İbrahimov respublika Ali Soveti Rəyasət Heyətinin sədri seçilir (1954-1958), dalbadal keçirilən qurultayların iştirakçısı və büro üzvü olur. Kitabları çap edilir, dramları tamaşaya qoyulur.
Milli düşüncənin boğulduğu illərdə dilimizin dövlət dili olması, dövlət idarələrində dərhal Azərbaycan dilinə keçilməsi sahəsindəki fəaliyyəti Mirzə İbrahimova baha başa gəldi. Azərbaycan dilini bilməyənlər Mirzə müəllimi "azğın, satqın, millətçi" kimi töhmətləndirərək cəzalandırdılar. Onu dərhal tutduğu vəzifədən - Ali Sovetin sədrliyindən azad etdilər. Yenə işsizlik, yenə xoflu görüntülər, mənəvi işgəncələr, qorxulu gecələr... Mirzə İbrahimova o dövrdə qorxudan yanaşan, salam verən az oldu. Qızı Sevda İbrahimova mənimlə söhbətində o günləri belə xatırlayırdı: "Atamı o gün qoluna girib evə ötürən yalnız tanınmış jurnalist Nəsir İmanquliyev olub. Atam uzun müddət Nəsir müəllimin xeyirxahlığından, geniş ürəyindən bizə danışardı. Kaş, Mirzə İbrahimov bu gün müstəqil respublikamızda doğma dilimizin rəsmi dil kimi status qazanmasını görəydi".
1959-cu il iyulun 6-da Azərbaycan KP MK-nın növbədənkənar plenumu çağırılaraq tələb olunmuşdu ki, Mirzə İbrahimov mətbuatda çıxış edərək səhvlərini boynuna alsın, üzr istəsin. Böyük yazıçı isə ona olan haqsızlığı belə cavablandırmışdı: "Dil olmasa, xalq ölüb gedər, yaşaya bilməz. Ağlı başında olan kəs doğma dilini qorumalıdır".
Zaman ötdü, tündləşmiş siyasi həyatda bir qədər durulma əmələ gəldi. Mirzə İbrahimov yenidən Yazıçılar İttifaqının sədri seçildi. İstedadlılara, ehtiyacı olanlara, mənzilsiz yazıçılara, şairlərə xüsusi qayğı və diqqət göstərdi. Mirzə İbrahimov üç dəfə müxtəlif vaxtlarda Yazıçılar İttifaqına rəhbərlik edib. Hər dəfə də hökumət tərəfindən aldığı zərbələrə görə vəzifədən azad olunub. Növbəti bir zərbə isə Nəsiminin yubileyi ilə bağlı olmuşdur. Nəsiminin yubiley komissiyasının iclası zamanı Moskvadan zəng edərək deyirlər ki, tədbir olmasın, çünki Nəsimi türkmən yazıçısıdır. Mirzə İbrahimov isə tarixi faktlarla Nəsiminin Azərbaycan şairi olduğunu nəinki sübut edir, hətta həmin yubiley Moskvada Böyük Tearda keçirilir. Lakin bu xidmətin "mükafatı" olaraq Bakıya qayıdan kimi Yazıçılar İttifaqının sədri vəzifəsindən azad edilir. Maraqlıdır ki, hər bir işsizlik xaosundan sonra yazıçıya ya vəzifə verilirdi, ya da fəxri ad, mükafat, daha başqa töhfələr. Mirzə müəllim işıqla zülmətin arasında qalmışdı.
Ədəbi yaradıcılığa ötən əsrin əvvəllərindən başlayan Mirzə İbrahimov Azərbaycan ədəbiyyatına bir-birindən maraqlı, məzmunlu əsərlər bəxş edib: "Cənub hekayələri", "Gələcək gün", "Güləbatın", "Xosrov Rüzbeh", "Böyük dayaq", "Pərvanə" və s. Dramaturq kimi də Mirzə İbrahimovun yaradıcılığı zəngindir. "Həyat" onun tamaşaya qoyulan ilk pyesi idi. Mirzə müəllim bir-birinin ardınca müəyyən fasilələrlə "Madrid", "Məhəbbət", "Kəndçi qızı", "Yaxşı adam", "Közərən ocaqlar" adlı pyeslərini yazdı. Həm tamaşaçılar, həm də ədəbi tənqid tərəfindən bu əsərlər yüksək qiymətləndirildi. Mirzə İbrahimovun ədəbiyyatşünaslığın və ədəbi tənqidin zənginləşməsində misilsiz xidmətləri var. "Həyat və ədəbiyyat", "Xəlqilik və realizm cəbhəsindən", "Böyük şairimiz Sabir", "Gözəlliyin qanunları ilə", "Böyük satira ustası" "Əbədi qeydlər", "Tufanlara kömək edən bir qələm" kitabları bu gün də öz ədəbi dəyərini saxlamaqdadır. Xalq yazıçısı Əli Vəliyevin təbirincə desək, Mirzə İbrahimov həqiqətən sənət zirvəsinə inadlı bir yürüşdə idi. Yaradıcılıq həvəsi, istirahət bilmədən gecə-gündüz çalışmaq onun gündəlik iş vərdişinə çevrilmişdi.
Azərbaycan dili uğrunda apardığı mübarizə, milli təəssübkeşlik, üzləşdiyi təzyiqlər, çəkdiyi əziyyətlər unudulası deyildi. Bir şeyə fərəhlənirsən ki, bu gün Mirzə İbrahimovun arzuları çiçək açıb. Ulu öndər Heydər Əliyev həmişə Mirzə İbrahimova diqqət və qayğı ilə yanaşıb. Qara caynaqlardan çox vaxt onu məhz Heydər Əliyev xilas edib. Təsəvvür edin, millətçi damğası vurulan bir şəxsə sonra məhz Heydər Əliyev tərəfindən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi mühüm vəzifə etibar olundu. Beynəlxalq Nehru mükafatına (1979) layiq görüldü. Sanki Heydər Əliyev Mirzə İbrahimova olan təzyiqlərin, zərbələrin acığını çıxmaq üçün onun 1981-ci ildə Sosialist Əməyi Qəhrəmanı adını almasına nail oldu. 2002-ci ildə Mirzə İbrahimovun anadan olmasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi barədə sərəncam da Heydər Əliyev imzalamışdır.
Yazıçılar Birliyinin sədri Anar öz xatirələrində yazır: "Zamanın bütün mürəkkəbliyi Mirzə İbrahimovun zəngin tərcümeyi-halında əksini tapmışdır. Düşünürəm ki, bu mürəkkəb, sınaqlarla dolu həyat yolu yalnız Mirzə İbrahimovun yaradıcılıq fəaliyyətinin deyil, həm də onun insani müdrikliyinin təşəkkülünə səbəb olmuşdur". Ötən əsrin 80-ci illərində Azərbaycan və Ermənistan ziyalılarının Moskvada Mixail Qorbaçovun sədrliyi ilə keçirilən görüşü çoxumuzun yadındadır. Ermənilər çıxış edərək ünvanımıza nələr söyləyirdilər... Sanki bu görüş qəsdən təşkil olunmuşdu ki, erməni "ziyalıları" bizi söysünlər, təhqir etsinlər, istədikləri şəri atsınlar, böhtan yağdırsınlar, bir sözlə, bizi borclu çıxarsınlar. Mirzə İbrahimovun o toplantıda rəqiblərinin ünvanına dediyi ilk söz qurbağa gölünə atılmış daşa bənzədi: "Yunan əsatirlərinin birində deyilir ki, Allah adamı bədbəxt etmək istəyəndə əvvəlcə onun ağlını alır..." O axşam Mirzə müəllim ürəyimizdən tikan çıxartdı, çoxumuzu şok vəziyyətindən qurtardı.
Filologiya sahəsində milli elmi kadrların hazırlanmasında böyük işlər görmüş Mirzə İbrahimov ömrünün sonunadək Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Onun əsərləri dünya xalqlarının dillərinə dəfələrlə tərcümə edilmişdir. Əsərləri əsasında bədii və sənədli filmlər çəkilmişdir.
1993-cü ildə 82 yaşında Bakıda dünyasını dəyişən Mirzə İbrahimov Fəxri xiyabanda torpağa tapşırılıb. İşıqla zülmət arasında ötən ömrün nuru əbədidir. Bu işıq dünənlə bu günü birləşdirən körpüdür, açılan sabahlarımızdır...
FLORA XƏLİLZADƏ,
Əməkdar jurnalist