Türk Dünyası Media və İncəsənət Simpoziumu

post-img

Bakı Dövlət Universitetində (BDU) “Heydər Əliyev İli” çərçivəsində tədbirlər silsiləsindən Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş III Bey­nəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumu baş­lanıb.

Tədbirdən əvvəl universitetin foyesin­də təşkil olunmuş qrafik dizayn sərgisinə baxış keçirilib. Rektor Elçin Babayev simpoziumu açaraq 2023-cü ilin Türk dünyası və Azərbaycan üçün əlamətdar olduğunu vurğulayaraq bildirib ki, bu il müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin 100 illik yubi­leyi böyük sevgi və ehtiramla qeyd edilir. Qardaş Türkiyə Cümhuriyyəti qurulma­sının 100-cü ildönümü də xalqlarımızın böyük bayramıdır. 

Bildirilib ki, Vətən müharibəsi zamanı və ondan sonra Azərbaycan reallıqla­rının dünyaya çatdırılmasında türk me­diası önəmli rol oynayıb. Azərbaycanla Türkiyə arasında “Media sahəsində stra­teji əməkdaşlıq haqqında” Anlaşma Me­morandumunun təsdiq edilməsi, “Birgə Media Platforması” çərçivəsində Azər­baycan–Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılması qardaş türk döv­lətləri üçün yol xəritəsidir. Məhz dezinfor­masiyalara qarşı birgə mübarizə, dünya ictimaiyyətinin düzgün məlumatlandırıl­ması, televiziya və kino sahəsində ortaq işlər, media qurumlarının tərəfdaşlığı gü­nün tələbinə çevrilib. Ortaq dəyərlərimi­zin təbliği baxımından bu gün keçirilən III Beynəlxalq Türk Dünyası Kommunikasi­ya (Media) və İncəsənət Simpoziumu da bu böyük missiyaya töhfə verəcək. 

Türk Dünyası Jurnalistlər Federasi­yasının (TDJF) sədri Menderes Dəmir çıxışında qeyd edib ki, ümumtürk ailəsi­nin güclü olması üçün türkdilli mətbuatın, mədəniyyət xadimlərinin, alimlərinin üzə­rinə böyük vəzifə düşür. Bu istiqamətdə birgə layihələr həyata keçiriləcək, ortaq dəyərlər daha geniş təbliğ olunacaq.

Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin kafed­ra müdiri, professor Nazire Taşpolato­va, Qazaxıstan Avrasiya Universitetinin dekanı, professor Kairat Omirbayulya, Şimali Kipr Türk Cümhuriyyətinin Lekfe Avropa Universitetinin dekanı, professor Elif Asude Tuncay çıxış edərək konfran­sın işinə uğurlar arzulayıblar. 

Mərasimdə BDU və Türk Dünyası Jurnalistlər Federasiyası arasında əmək­daşlıq protokolu imzalanıb. Sonra re­jissor Vaqif Mustafayevin Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə Ankarada keçirilən “VIII Türk Dünyası Sənədli Film Festivalı”nda baş mükafatı qazanan “Fikrət Əmirov” sənədli filmi və TDJF-nin fəaliyyətinə həsr olunmuş video-çarxlar nümayiş olunub. 

Xatırladaq ki, “Doqquz ölkə, doqquz şəhər, bir festival” şüarı altında keçirilən kino bayramında mükafata layiq görülən filmlərin dünyanın 9 ölkəsində nümayiş etdirilməsi planlaşdırılıb. Bu sıradan ilk nümayiş BDU-da keçirilib.

XQ

Sosial həyat