Ölkədə 8 Noyabr Zəfər Günü münasibəti ilə tədbirlərə start verilib. Oktyabrın 22-dən Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı başlayıb. Silsilə tədbirlərl paytaxtla yanaşı, Gəncə və Sumqayıt şəhərlərini, İsmayıllı, Biləsuvar, Sabirabad, Xaçmaz rayonlarının bir sıra mədəniyyət ocaqlarını da əhatə edəcək, tarixi qələbəmizə həsr olunmuş şənliklərlə davam edəcək.
İlk 2 gündə Bakının teatr və konsert zallarında Zəfərə həsr edilmiş konsert proqramları təqdim edilib, teatr tamaşaları oynanılıb. Tədbirlər çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İlqar Fəhminin “Balaca kişilər” tamaşasının nümayişi olub. Pyesin müəllifi “Balaca kişilər” tamaşasının məhz Zəfər Musiqi və Teatr festivalı çərçivəsində oynanılmasının çox əlamətdar hadisə olduğunu bildirib: “Tamaşada bəhs olunan o balaca kişilər məhz Vətənin bu günü üçün canlarından keçdilər. Onlar şəhid oldular ki, Azərbaycan bundan sonra yalnız zəfər gününü qeyd etsin. Festival yaxşı təşkil ounub, elə bilirəm növbəti il daha da gözəl keçiriləcək, çünki ümid edirəm ki, gələn ilə zəfərə həsr edilmiş sənət nümunələrinin sayı daha çox olacaq.”
Tamaşanın rejissoru, Əməkdar artist, festival iştirakçısı Nicat Kazımov isə qeyd edib ki, belə festivalların ənənə halını alması vacibdir: “Qoy, gələcək nəsillər də tariximizi, qəhrəmanlarımızı yalnız tarix kitablarından deyil, həm də sənət nümunələrindən tanısınlar, bilsinlər”.
Mədəniyyət Nazirliyinin musiqi sektorunun müdiri Vüqar Hümbətovun dediyinə görə, tədbirlər planı genişdir: “Oktyabrın 25-dən 27-nə qədər Bakının bir çox konsert zallarında bəstəkarların tarixi Zəfərimizə həsr etdiyi simfonik əsərlərdən və vokal-xor nömrələrindən ibarət konsertlər olacaq. Oktyabrın 27-də Bakı Kamera və Orqan musiqisi zalı Azərbaycan Dövlət Xor Kapellasının və solistlərin iştirakı ilə konsert gözlənilir. Şəhid və qazi övladları üçün konsert proqramı ilə Dövlət Uşaq Filarmoniyasında təqdim ediləcək. A.Şaiq adına Dövlət Kukla Teatrında Azərbaycan nağılları əsasında hazırlanmış “Yeddi nar çubuğu” uşaq tamaşası məxsusi olaraq şəhid və qazi övladları üçün oynanılacaq”.
İsmayıllı Mədəniyyət evində muğam konserti təqdim olunacaq. Əməkdar artist Aybəniz Haşımova və onun Sənət Akademiyasının uşaqları isə oktyabrın 31-də Biləsuvarda Cəbrayıl məcburi köçkün qəsəbəsində konsert proqramı ilə çıxış edəcəklər. Rəşid Behbudov adına Mahnı Teatrının kollektivinin çıxışı noyabrın 2-də Sabirabadda olacaq. Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri Xaçmaz rayonunda çıxış edəcək. Gəncə Filarmoniyasında Dövlət Rəqs Ansamblının konserti planlaşdırılır. Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı isə Sumqayıt Mədəniyyət evində olacaq.
Festival çərçivəsində Ağdamın Quzanlı qəsəbəsində yerli Dram Teatrının ifasında Ülviyyə Heydərovanın “İnanıram” tamaşası təqdim ediləcək. Səməd Vurğun adına Rus Dram Teatrının quruluşunda Aleksandr Nikuşinanın “Qələbə” tamaşasının Zəfər festivalı çərçivəsində oynanılması planlaşdırılır. Şuşa Musiqili Dram Teatrı isə noyabrın 2-si və 3-də “Dəmir yumruq” kompozisiyasını Lənkəran Dövlət Dram Teatrının səhnəsində nümayiş etdirəcək. Vətən müharibəsində şanlı Qələbəmizə həsr olunmuş tamaşalar, muğam axşamı və digər mədəni tədbirlərin təşkili noyabrın 8-nə qədər davam edəcək.
Tədbirlərdə ictimaiyyət nümayəndələri, şəhid ailələri və qaziləri, şəhid və qazi övladları iştirak edirlər.
R.QURBANLI
XQ

