Heydər Əliyev dühasının nəğmələşən salnaməsi

post-img

“Azərbaycançılığın musiqili təqdimatı” toplusu işıq üzü görüb. Bir çox məşhur mahnının müəllifi olan bəstəkar, şair, ifaçı Bəhram Nəsibovun irsini yaşadan İctimai Birliyin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə buraxdığı bu jurnal Ulu öndər Heydər Əliyevin 100 illiyinə layiqli töhfədir. 

Nəşrdə Bəhram Nəsibovun müa­sir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin hakimiyyətə qayıdışını, nadir şəxsiyyətini və ölməz əməllərini tərənnüm edən şeir, mahnı və marşlar, not yazıları toplanıb. 

Musiqi toplusunu vərəqlədikcə Bəh­ram Nəsibovun bəzi mahnılarını hələ Ulu öndərin sovet dönəmindəki quruculuq iş­lərindən ilhamlanaraq yazdığı məlum olur. Zamanında ümummilli lider də bəstəka­rın “Deyin, hardadır?”, “Naçar gedər” və başqa mahnılarını çox bəyənmişdi. Ulu öndərin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışını ilk alqışlayan sənət adamların­dan olan Bəhram Nəsibov Məhəmmədhü­seyn Şəhriyarın “Heydərbabaya salam” poemasına oxşar şəkildə təbrik şeiri yaza­raq mətbuatda çap etdirmişdi:

Heydər baba, sən bu xalqın babası,

Səndən deyir hər bölgəsi, obası.

Gey əyninə bir peyğəmbər əbası,

Qurtar bizi dərdi-qəmlər əlindən,

Alqış sənə Azərbaycan elindən!

Bəhram Nəsibov daha sonra xalqın duyğu və düşüncələrinin ifadəsi olaraq yazdığı “Min yaşa, Heydər baba” mahnı­sını tamamlayaraq Zeynəb Xanlarovaya təqdim etməli idi. Amma ağır xəstələndi­yi üçün həmin əsər müəyyən müddətdən sonra ifa olunub: 

Gəlişinlə cana gəldi bu ellər,

Hünərinə alqış dedi könüllər.

Bundan belə daha olmaz qan-qada,

Səadətlə ömr eləyər nəsillər.

El-obadan güc alıb min yaşa, 

Heydər baba!

Xalqa xilaskar olub, sən yaşa, 

Heydər baba!..

Daha sonra qeyd olunur ki, Bəhram Nəsibovun akademik Zərifə Əliyevanın timsalında bütün analara həsr etdiyi “Mə­nim anam” mahnısı da ulu öndəri çox tə­sirləndirmişdir. Həmin mahnının ilk ifaçısı – Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Səttar Nəsirov bu barədə xatirələrində bəhs edib. 

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə iclas zalına gətirilən və həmin sessi­yanın qərarı ilə rəsmiləşdirilən üçrəngli Azərbaycan bayrağının ilk musiqili vəs­fi də Bəhram Nəsibova aiddir. Topluda “Azərbaycan bayrağı” adlanan həmin marşla bərabər, sözləri Səttar Zərdablıya və Nazim Tapdıqoğluya aid olan “Heydər bayrağının altından keçək”, eləcə də dahi siyasətçinin Türk dünyası ilə əlaqələrin təməlini qoymasını tərənnüm edən “Azər­baycan və Türkiyə” mahnıları not yazıları ilə birlikdə çap olunub. 

“Azərbaycançılığın musiqili təqdima­tı”nda, həmçinin Bəhram Nəsibovun Ulu öndərə məhəbbətlə yazdığı və 15 İyun Milli Qurtuluş Günü, Yeni Azərbaycan Partiyasının yaranması da daxil olmaq­la əlamətdar tarixlərə həsr etdiyi “Tələb eylə”, “Yeniləşən Azərbaycan” kimi mahnı və marşlar da maraq doğurur. 

Azərbaycan Bəstəkarlar İttifaqı mah­nı şöbəsinin rəhbəri, bəstəkar Gövhər Həsənzadə “Azərbaycançılığın musiqi­li təqdimatı” nəşri üçün qələmə aldığı məqalədə Bəhram Nəsibovun əsərləri­nin sırf vətənpərvərlik ruhunda olduğunu vurğulayıb: “Bu mahnılarda böyük lider Heydər Əliyevin siyasi fəaliyyəti Azərbay­can xalqının rəmzinə, onun həyat yolu isə Vətənə sədaqət və məhəbbətin nümunə­sinə çevrilərək bəstəkarın yaradıcı dili ilə vəsf olunur... Bütün dünya azərbaycanlı­ların milli iftixarı – Ulu öndər Heydər Əli­yev yaddaşlarda xilaskar və qurucu dövlət xadimi kimi əbədi yaşayacaq. Sözləri və musiqisi Bəhram Nəsibova məxsus olan “Azərbaycan gəncliyi” mahnısı da məhz bu fikirləri parlaq şəkildə özündə əks et­dirir”. 

Xatırladaq ki, dəyərli nəşrin buraxıl­masını təşkil edən “Elm, təhsil, mədəniy­yət və azərbaycançılıq ideyasının təbliği məsələləri” layihəsinin rəhbəri bəstəkarın oğlu Adil Nəsibovdur.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət