“Yerə enməm də səma şairiyəm”

post-img

Görkəmli şair, dramaturq Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvan rayonunun Şahtaxtı kəndində dünyaya gəlib, 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olub. 

Haradan haraya? Hüriyyət şairini doğma Şahtaxtı kəndinindən uzaq, yad Şevçenko kəndinə aparıb çıxaran səbəb onun dövrün "tələbləri"ni deyil, ürəyinin tələblərini yerinə yetirməsi, milli dövlətçi­lik əqidəsinə sadiqliyi olub. O heç zaman Vətən, xalq sevgisi ilə dolu olan ürəyinin əksinə getməyib, ictimai-siyasi problem­ləri olduğu kimi qələmə alıb. “Əsiri oldu­ğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir!” – deyib Hüseyn Cavid. 

Şair Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir.

Hüseyn Cavidin yaradıcılığında mü­hüm yer tutan, ən yaxşı dram əsəri sa­yılan “İblis” (1918) müharibə əleyhinə yazılmışdır. Müharibələrin günahsız in­sanların həyatına gətirdiyi faciələr Cavi­di hiddətləndirirdi. Şair bütün şər xislətli adamları İblis obrazında ümumiləşdirib, şər qüvvələrə, ədalətsiz müharibələrə lənət oxuyub. "İblis" Hüseyn Cavidin ilk səhnəyə qoyulan əsəridir.

1920–1930-cu illərdə Hüseyn Cavid “Peyğəmbər”, “Topal Teymur” “Səya­vuş”, “Xəyyam” adlı tarixi dramlar yazıb.

1938-ci ildə “sovet hakimiyyətinin əleyhinə işlər aparmaq”da ittiham olu­naraq həbs edilən, Sibirə surgün olunan şair ölümündən sonra 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə bəraət almışdır.

Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyi şairə layiq şəkildə qeyd olunub. Naxçıvanda ev-muzeyi yaradılıb.

Məzarı qərib, ruhu yad eldə dolaşan şairin nəşi Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə İrkutskdan doğma diyarı Naxçıvana gətirilərək dəfn edilib.1996- cı ildə şairin məzarı üzərin­də möhtəşəm məqbərə ucaldılıb.

Şairin öz dili ilə desək, "cümlə-xə­yanətlərə bais, hər kəsə xain" İblis Cavi­di çox uzaqlara sürgün etsə də, cismən öldürsə də, onun ruhunu öldürə bilmədi, çünki mübariz, üsyankar ruhlar daim sə­mada dolaşır:

Mən fəqət hüsni-xuda şairiyəm,

Yerə enməm də səma şairiyəm.

 

ZÜLFİYYƏ
XQ

Mədəniyyət