Ankarada “Doqquz ölkə, doqquz şəhər, bir festival” şüarı altında keçirilən 8-ci Türk Dünyası Sənədli Film Festivalına yekun vurulub. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, TÜRKSOY-da ölkəmizin daimi nümayəndəsi Elçin Qafarlı və digər təşkilatların nümayəndələrinin də iştirak etdikləri yekun mərasimində tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayevin “Fikrət Əmirov” adlı filmi “VIII”nın baş mükafatına layiq görüldüyü elan olunub.
Türk Dünyası Jurnalistlər Birliyinin sədri Menderes Dəmir festivalın Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsi, bir sıra bələdiyyələr, birliklər, QHT-lər, universitetlər, media şirkətləri və digər təşkilatların dəstəyi ilə reallaşdığını bildirib. Ardınca türk dünyasına verdiyi töhfələrə görə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, mərhum Qənirə Paşayevanın adına təsis edilən şərəf mükafatı, Azərbaycan Mədəniyyət Nazirliyinin “Azərbaycanfilmin 100 illiyi” kimi bir sıra mükafatlar təqdim edilib. Ortaq tariximizin dünyada tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edən Türkiyə istehsalı olan seriallara festivalın ikinci mükafatını səfir Rəşad Məmmədov təqdim edib. Qalib filmlərin dünyanın 9 ölkəsində nümayişi nəzərdə tutulur. İlk nümayiş oktyabrın 25-də Bakı Dövlət Universitetində keçiriləcək.
Builki “Türk Dünyası Sənədli Film Festivalı”na ümumilikdə 371 müraciət olub. Onlardan müsabiqənin şərtlərinə uyğun 152 sənədli film seçilərək festivala qəbul edilib. 41 nəfərdən ibarət münsiflər heyətinin rəhbəri türkiyəli rejissor Fərda Gürcandır.
Festival çərçivəsində yaddaqalan tədbirlərdən biri rejissor Tahir Tahiroviçin təşəbbüsü ilə “Azərbaycanfilm” kinostudiyasının yaranmasının 100 illiyi münasibətilə foto-film sərgisinin təşkili olub.
Azərbaycanın Xalq artisti Vaqif Mustafayev əsas mükafatın nominantı seçildiyinə görə təşəkkürünü ifadə edib. Rejissor mərasimdən sonra jurnalistlərə müsahibəsində dedi:
– Ötən il Bursa şəhərində keçirilən “Qorqud Ata” Beynəlxalq Film Festivalında mən “Türk dünyasının ən yaxşı rejissoru” nominasiyasında mükafata layiq görülmüşdüm. Oradakı çıxışım zamanı münsiflər heyətinin qərarını ədalətli hesab etdiyimi dedim. İndi də bu fikirdəyəm. Bəzən insanın arzuları yerindəcə çin olur. Burada da belə oldu. Mən arzuladım, onlar da məni bu ada layiq gördülər. Məhz Türk dünyasına aid festivalda ən yüksək mükafata layiq görüldüyüm üçün özümü çox xoşbəxt hesab edirəm. Başqa ölkələrdə də mükafatlar ala bilərik. Lakin Türk dünyasında, öz yurdunda qiymət almaq insana çox doğma gəlir.
Daha sonra Vaqif Mustafayev “Fikrət Əmirov” filmindən söz açdı:
– Fikrimcə, yalnız milli mənsubiyyətini dərindən dərk edən bir sənətkar beynəlxalq səviyyəyə ucala bilər. Fikrət Əmirov da milli şəxsiyyət, milli sənətkar idi. Bizim milli musiqimiz də məhz Fikrət Əmirovun sayəsində çox yüksək səviyyəyə ucaldı. O, muğamlarımızı, mahnılarımızı əsas götürərək simfonik musiqiyə çevirmişdi. Bundan əlavə, mən Fikrət Əmirov haqqında bilinməyən həqiqətləri də bu film vasitəsilə insanlara çatdırmaq istədim. Əvvəllər bioqrafik filmləri eyni üslubda, yəni insanın həyatı və yaradıcılığı şəklində çəkirdilər. Lakin bu filmdə mən çalışdım ki, Fikrət Əmirovun həyatını, sənət taleyini, sevgisini, yüksək istedadını, müharibə illərini və digər məqamları insanlara göstərim.
Bu filmə baxanlar bütün bunlardan xəbərsiz olduqlarını deyirlər. Filmin təqdimat mərasimində də insanların çox təsirləndiklərini, hətta ağladıqlarını görmək olardı. Bütün bunları gördükdə mən Fikrət Əmirovu insanlara olduğu kimi tam tanıtmaq üçün çıxdığım bu yolda məqsədimə nail ola bildiyimi, rejissor kimi öz missiyamı yerinə yetirdiyimi anladım. Fikrət Əmirov musiqisi insanların hisslərinə dərindən təsir edir, bu filmin də eyni səviyyədə insanları təəsüratlandırması mənim üçün çox vacib idi.
Fikrət Əmirovla bağlı xatirələrini bölüşən Xalq artisti dahi bəstəkarımızı ilk dəfə 6 yaşı olanda gördüyünü söylədi:
– Valideynlərim mənim musiqiçi olmağımı istəyirdilər. O zamanlar Konservatoriyanın nəzdində Musiqi Məktəbi var idi və mən orada ritm üzrə imtahan verirdim. Qarşımda yaxasında medal olan iki nəfər oturmuşdu. Təbii ki, mən o zaman tanımasam da, onlardan biri Fikrət Əmirov, digəri isə Azərbaycanın Əməkdar artisti, nağara ustası Çingiz Mehdiyev idi. Fikrət Əmirov orada mənim istedadlı olduğumu dedi. Çünki bütün ritmləri dəqiqliyi ilə təkrarlayırdım.
Elə o zamandan Fikrət Əmirov yadımda qalmışdı. Mənim üçün Fikrət Əmirovun ailə üzvlərinin film ilə bağlı fikirləri çox vacib idi. Onlar ekran əsərinin əhəmiyyətini xüsusi qeyd etdilər və filmin gələcək nəsillərə ötürülməsi baxımından da vacibliyini bildirdilər. Bu sözləri eşitmək, təbii ki, mənim üçün çox sevindirici idi, lakin işin məsuliyyətini daha da artırırdı.
Türk dünyasının sənədli filmlər üzrə ən yüksək mükafatını almaq isə mənim üçün əməyimin ən gözəl bəhrəsidir.
XQ


