Cəfər Cabbarlı adına Gənclər Kitabxanasında Azərbaycan Ədəbiyyat Fondu və “Azərbaycan–Türkiyə Sosial Tərəqqiyə Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə “Müharibə dövrü ədəbiyyatı” mövzusunda dinləmələr keçirilib.
Məclisin ümumi ruhunda özünü qabarıq göstərən başlıca amil o oldu ki, gənclərin Qarabağın azadlığı uğrunda mübarizə ruhunda tərbiyə olunmasında dövlət siyasəti ilə paralel olaraq, milli ədəbiyyatın da mühüm rolu var. Məhz Azərbaycan ədəbiyyatı xalqımızın Vətən müharibəsində tarixi Zəfər qazanmasına mənəvi stimul verib. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhərliyi ilə hər cür igidlik nümunəsi göstərməyə hazır olan yeni nəslin təmsilçiləri üçrəngli bayrağımızı Şuşanın, Laçının, Kəlbəcərin ən uca zirvələrinə taxıblar. Bu isə həm də müstəqillik və Vətən anlayışlarının daha dərindən dərk olunması yönümündə milli ədəbiyyatımızın xalq qarşısında xidməti kimi dəyərləndirilir.
Azərbaycan Ədəbiyyatı Fondunun direktoru, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü, tanınmış yazıçı, Əməkdar jurnalist Varis Yolçuyev dinləmələrin məqsəd və məramını açıqlayaraq dedi ki, 44 günlük Vətən müharibəsində və ondan sonra torpaqlarımızın işğaldan azad olunması mövzusu daha da aktuallaşıb. “Son illərdə bu barədə çoxlu dəyərli əsərlər yazılıb, amma müqəddəs savaşı, xalqımızın mübarizə əzmini, ordumuzun qəhrəmanlığını dünya ədəbi platformasına çıxara biləcək bədii nümunələr hələ yetərincə deyil. Gəlin, müharibə mövzusunun ədəbi müstəvidə daha dolğun işıqlandırılması ilə bağlı qarşıda duran vəzifələrdən danışaq”.
Sonra ictimai birliyin sədri, rəssam Nigar Helmi Abbasbəyli özünün bir sıra ölkədə nümayiş olunan “Qarabağ mirası” sərgisindən bəhs etdi. Qeyd olundu ki, mədəniyyətin bütün sahələrində, o cümlədən də bədii ədəbiyyatda müharibə mövzusunun aparıcı rolu daha da gücləndirilməli, bizə qarşı mənfur düşmənin apardığı mədəni soyqırımı faktları hər vasitə ilə ifşa olunmalıdır.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru Məhərrəm Qasımlı çıxışında görkəmli ədib Mir Cəlal Paşayevin müharibə mövzusunda qələmə aldığı əsərlərini nümunə göstərərək, bunun hazırkı ədəbi nəsil üçün əsl örnək olduğunu konkret misallarla əsaslandırdı.
Xalqımızın mübarizələrlə dolu şərəfli tarixi haqqında bir neçə sanballı əsərin müəllifi olan yazıçı, Əməkdar mədəniyyət işçisi Yunus Oğuz müasir ədəbi prosesdə müharibə mövzusunun tutduğu yerdən, yazılan əsərlərin təbliği, xarici dillərə tərcüməsi kimi məsələlərdən danışdı. Azərbaycan Yazıçılar Birliyi Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz, filologiya elmləri doktoru Esmira Fuad, filologiya üzrə fəlsəfə doktoru, jurnalist Şərəf Cəlilli, kitabxananın direktoru Aslan Cəfərov, Qarabağ müharibəsi veteranı, Əməkdar jurnalist Əntiqə Qonaq da çxışlarında mövzuya dair fikirlərini bölüşdülər, maraqlı təkliflər səsləndirdilər.
Gənc şair Cavid Qasımov müharibə mövzusunda yazdığı şeiri oxudu, şəhid ailələrinin üzvləri və başqaları çıxış etdilər. Müharibə mövzusunun ədalət və sülh problemi ilə vəhdət təşkil etdiyinə və yazarların bədii nümunələrə məhz bu aspektdən yanaşmalı olduqlarına diqqət cəlb edildi. Qələbəni bədii dillə əsaslandıran, təsəlli verən müharibə ədəbiyyatının qəlbləri tərpədə bilməsi, hər kəsi yaxşı mənada həyəcanlandırması üçün yazarların bütün istedad və bacarıqlarını səfərbər etməsinin vacibliyi dönə-dönə vurğulandı.
Ə.ƏLİYEV
XQ