Sənət xəbərləri

post-img

8 Noyabr - Zəfər Günü münasibə­tilə bu gündən Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı başlanır.

Nazirlikdən XQ-yə bildirilib ki, “Zəfər” festivalı Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, İsmayıllı, Biləsu­var, Sabirabad, Xaçmaz rayonlarının bir sıra mədəniyyət ocaqlarında tarixi qələ­bəmizə həsr olunmuş silsilə tədbirlərlə davam edəcək.

Festival çərçivəsində bədii kollektiv­lərin və solistlərin iştirakı ilə rəngarəng proqramlar, bəstəkarlarımızın tarixi Zəfə­rimizə həsr etdiyi simfonik əsərlərdən və vokal-xor nömrələrindən ibarət konsert, Vətən müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş tamaşalar, muğam axşamı və digər mədəni tədbirlərin təşkili nəzər­də tutulub.

Sözügedən tədbirlərə şəhid ailələri və qazilər, Azərbaycan Dövlət Uşaq Fi­larmoniyasında və Azərbaycan Dövlət Kukla Teatrında keçiriləcək tamaşalara isə şəhid və qazi övladları da dəvət olu­nacaqlar. 

Festival noyabrın 8-dək davam edə­cək.

***

“PAŞA Həyat” şirkətinin dəstəyi ilə “İRS” silsiləsi çərçivəsində nəşr edilən “Şirvanşahların minilliyi” və “Kəlam və fırça” kitablarının təqdimat mərasimi keçirilib.

Bu kitablar Azərbaycan, rus və ingilis dillərində yayımlanıb.

Mərasimdə çıxış edən “İRS” jurna­lının baş redaktoru Musa Mərcanlı bu günədək “İRS” seriyasından olan bütün nəşrlər haqqında məlumat verib. “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov bu kitabların ölkə tarixinin, mədəniyyətinin dünyaya nüma­yiş etdirilməsində önəmli olduğunu əsas­landırıb, rəhbərlik etdiyi qurumun korpo­rativ sosial məsuliyyət fəaliyyətində bu istiqamətin mühüm yer tutduğunu vurğu­layıb. O bildirib ki, indiyədək 20-dən çox kitab buraxılıb və bu cür layihələr bundan sonra da davam etdiriləcək. 

Digər çıxış edənlər – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, aka­demik İsa Həbibbəyli və tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov Azərbaycan tarixinin gələcək nəsillərə ötürülməsində kitabların əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, “İRS” seriyasından olan “Şir­vanşahların minilliyi” kitabında Şirvan­şahlar dövlətinin iqtisadi, beynəlxalq və digər əlaqələrinə aid yeni yanaşmalar, faktlar qeyd edilib. Kitabın azərbaycan­çılıq ideyalarını izləyən qiymətli bir nəşr olduğu diqqətə çatdırılıb.

*** 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xalq artisti, Lənkəran Dövlət Dram Teatrının apa­rıcı aktyoru Qabil Quliyevin yaradıcılıq fəaliyyətinin 50 illiyinə həsr olunmuş “Yarım əsrlik sənət yolu” adlı tədbir keçirilib.

Teatr Muzeyinin fondunda qorunan, aktyorun həyat və yaradıcılığını əks et­dirən eksponatlardan hazırlanmış vide­oçarx, həmçinin onun oynadığı tamaşa və filmlərdən kadrlar nümayiş olunub. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova sənətkarın ömür yolundan danışaraq onu təbrik edib.

Opera və Balet Teatrının solisti, xanəndə Mütəllim Dəmirov və Azərbay­can Milli Konservatoriyası nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinin və İn­cəsənət Gimnaziyasının tələbələri sənət­karın şərəfinə konsert proqramı ilə çıxış ediblər.

XQ





Sosial həyat