Qərib səs Abdal-Gülablıya qayıtdı

post-img

Səxavət Məmmədov – 70

Azərbaycan mədəniyyətinə Cabbar, Bülbül, Üzeyir bəy, Seyid, Xan və digər dahiləri bəxş edən Qarabağ torpağı Səxavət Məmmədov kimi bir sənətkar da yetişdirib. “Segah”a yatımlı səsi ilə ürəkləri oxşayan gənc xanəndə ilk ifaları ilə sənətə öz möhürünü vura bilib. 

Səxavət Məmmədov 1953-cü il ok­tyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Musiqi aləminə barmaqlarını qarmonun şirmayı dillərində gəzdirə-gəzdirə gəlib. Toylara getməyə utansa da, bəzən səsini zilə çəkib oxumaqdan özünü saxlaya bil­məyib. Elə böyük yola da səsinin “bələd­çiliyi” ilə çıxıb.

Asəf Zeynallı adına musiqi texniku­munda oxuyub və ustad xanəndə Hacı­baba Hüseynovdan muğamı mükəmməl öyrənib. Bu ərəfələrdə Səxavəti əsgər aparıblar. Jurnalistlər Hacıbaba Hüsey­novdan “ən yaxşı tələbəniz kimdir?”, – deyə soruşanda məşhur xanəndə deyib: “Ən yaxşı tələbəm əsgərlikdədir”.

Daha sonra Xalq artisti Əlibaba Məm­mədovun "Hümayun" ansmblının solisti olan Səxavətin “Ay bəri bax”, “Yar bizə qonaq gələcək”, “Ay çiçək”, “Sarı bülbül”, “Sona bülbüllər”, “Azad bir quşdum” kimi mahnıları şirin və həzin səslə oxuması onu sənətsevərlərin gözündə daha da ucaldıb. Təəssüf ki, bu gün “Segah” li­baslı o mahnılar Səxavətsiz ah-zar edir. 

...Lənkərandan üzü Bakıya yol gələ-gələ maşındakı radioqəbuledici vasitə­silə onun haqqında konsert-oçerkə qulaq asırdım. “Uca dağlar”ı ifası ilə sanki bir qədər də ucaldırdı. Mahnıdan sonra Əli­baba Məmmədovla müsahibəni verdilər. Ustad sənətkar belə bir əhvalat danışdı: “Moskvada konsert zamanı Səxavətin çıxışından sonra bir rus musiqişünas professor səhnə arxasına gələrək on­dan ağzını açmasını xahiş elədi. Mən: “Nə üçün?”, – deyə soruşdum. Bildirdi ki, inanmıram, insan belə heyrətamiz səslər çıxara bilsin. Yəqin ki, bu cavan oğlanın boğazına nəsə bir aparat qoyulub. Amma heç bir aparatın olmadığını görəndən sonra həmin musiqişünas başını bula­ya-bulaya eləcə bunu deyə bildi: “Çox təəccüblüdür! Möcüzədir!” 

“Onun səsi, necə deyərlər, uzaqdan seçilirdi, bənzərsiz idi. Elə bil qeybdən gəlirdi. Bu səsin ruhu vardı. Boğazları başqa bir aləm idi”. – Bu fikir də Əlibaba Məmmədova məxsusdur.

1983–88-ci illərdə İncəsənət İnstitu­tunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə layiqincə təmsil edib. Səxavət Qarabağ hadisələrinin ilk illərində özünün yarat­dığı “Qarabağ” instrumental ansamblı ilə o, hər tərəfi gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dün­yaya çatdırırdı. Həmin qarışıq zamanda kənar seyrçi mövqeyində dura bilməyən Səxavət özünün müəyyən əlaqələri və dostları vasitəsilə cəbhə bölgəsinə si­lah-sursat alıb göndərirdi ki, eloğluları nankor erməni separatçılarına qarşı vu­ruşa bilsinlər. Özü də hər dəfə Ağdama gedəndə cəbhə üçün alınan silahları, patronları aparırdı. 

Hamının yaxşı tanıdığı xanəndə – Əməkdar artist Firuz Səxavət onun kiçik qardaşıdır. Səxavətin adını özünə təxəl­lüs götürüb. Buradaca qeyd edək ki, bu gün Səxavət Məmmədov dünyasını də­yişmiş digər sənətkarlardan ikiqat artıq xatırlanır: həm vaxtaşırı verilən lent yazı­ları vasitəsi ilə, həm də Firuz Səxavətin, az qala, eyni səs diaspazonlu ifaları ilə. Bir yadigar videoyazı da var, orada Firuz “Segah” oxuyur, Səxavət isə ona baxıb sanki bir müəllim fərəhi ilə gülümsəyir...

– Bu adı daşımaq böyük məsuliyyət­dir, – deyə Firuz müəllim kövrək səslə bildirir. – Çünki Səxavət həyatda da, sənətdə də böyük iz qoyub. Mən də ba­cardığımız qədər çalışıram ki, onun adını doğruldum. Yeri gəlmişkən, ayın 25-də filarmoniyada onun yubileyi qeyd oluna­caq. Siz də gəlin və xalqımızın Səxavəti necə böyük səxavətlə sevdiyini bir daha görün.

Cavabında: “Böyük məmnuniyyətlə gələrik” deyərək, dəvətə görə minnətdar­lıq etdim. 

Mənə Səxavət Məmmədovun kon­sertlərinə getmək nəsib olmayıb. Amma o, neçə dəfə görmüşəm. bizim həyəti­mizə gəlib. Sumqayıtda qonşum olan Əməkdar artist Təhmiraz Şirinovun ailəvi qonağı olanda görmüşəm onu.

– Xeyli vaxt Səxavətlə birlikdə “Hu­mayun” ansamblında çalışmışam, – deyə Təhmiraz müəllim xatirə “cığır”ını tutub gedir. – Səfərlərdə, qastrollarda çox ol­muşuq. Bənzərsiz xanəndə, gözəl insan, əsl dost idi. Sənətdə bir-birimizdən bəh­rələndiyimiz hallar da çox olub. Məsələn, mən “Azərbaycan maralı” mahnısını ondan sonra oxumuş və Səxavətin bəzi boğazlarını, necə deyərlər, oğurlamışam. İlahi, necə oxuyurdu?

Ay qız, gəzmə aralı, 

Könlüm səndən yaralı. 

Gözlərinə heyranam,

Azərbaycan maralı...

Heyf ki, Səxavət bizləri çox tez tərk elədi. Bu gün, sözün əsl mənasında, mə­nim könlüm onun ucbatından yaralıdır, – desəm, ifrata varmaraq. Allah rəhmət eləsin ona...

Səxavət Məmmədov 1991-ci ildə çə­kilmiş “Bəxt üzüyü” filmində mahnı ifa edib və qeyri-adi səsi hər kəsi heyrətə gətirib. O mahnı həm də, elə bil, Səxavə­tin ölümünə yazılıbmış: 

Azad bir quşdum, 

Yuvamdan uçdum, 

Torpağa düşdüm 

Bu gənc yaşımda”. 

Elə həmin il həyatda onun bəxti gətir­məyib – gözəl xanəndə Qarabağdan qa­yıdan zaman Qaradağ yolunda avtomobil qəzasına düşərək, 38 yaşında dünyasını dəyişib. Taleyin istehzasına baxın ki, Qa­rabağda müharibə vəziyyətinə görə onun adına Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbin­dən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixləri həkk olunmuş başdaşı Ba­kıdakı evinin həyətində qaldı…

Abdal-Gülablı 3 ildir ki, azadlığına qovuşub. “Azad bir quş” kimi yuvasından ayrı düşmüş Səxavət Məmmədovun qə­rib ruhu da doğma kəndinə qayıdıb. 

Bir də təskinliyimiz budur ki, unudul­maz sənətkarımız Səxavətin yeri hər za­man ürəyimizdədir.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət