Mirzə Babayev: Mən də Mirzəbəylidə doğulmuşam... Hə, nə dəyişdi?

post-img

Ailəmizin nizamının pozulması atamı çox üzürdü. Əvvəl onun anası, sonra böyük qardaşı, daha sonra isə iki qızı – mənim cavan bacılarım dünyalarını dəyişdilər. İkinci dünya müharibəsinin minbir əzabına dözərək, cəbhədən əlil qayıtmış kişi indi bu itkilərə dözə bilmirdi. Atam həmin illərdə Mirzə Babayevin ifasında radioda səsləndirilən “Kimlər gəldi, kimlər getdi...” mahnısını həyəcansız dinləyə bilmirdi. Həmin mahnı televiziyada veriləndə isə, müğənninin jestləri, səhnə hərəkətləri musiqinin də təsirini artırırdı, sözlərin də. 

... Dövlət radiosunda veriliş aparma­ğa başladığımdan təxminən iki il keçir­di. Atam mənim verilişlərimdə xanəndə Yaqub Məmmədov, müğənni Rəsmiyyə Sadıqova və qaboy ifaçısı Kamil Cəlilov­la söhbətlərimi eşitmişdi. Ona görə də, kəndə gedəndə mənə tapşırdı ki, Mirzə Babayevlə də söhbət hazırla, o mahnını sənin verilişindən də eşidim. Söz verdim. Amma düşünürdüm ki, Mirzə Babayev kimi hər günü, hər saatı “zanit”dir deyilən, gah mahnı yazılışında, gah kino çəkilişin­də, gah da el məcislərində olan sənətka­rı o qədər də tanınmamış bir aparıcının verilişinə gətirmək... asan məsələ deyil.

İş elə gətirdi ki, məqsədimə çata bil­dim. Daha doğrusu, bir neçə görkəmli sənətkara dediyim “Əslində, sizin belə bir təbliğata ehtiyacınız yoxdur, amma mənim sizinlə söhbət etməyə ehtiya­cım var” arqumentim Mirzə dayını da yumşaltmışdı. Studiyaya gələnədək çox məsələlərdən, xüsusən, Sovet əsgər­lərinin teleşirkətdə törətdiyi təxribatlar haqqında xeyli söhbət elədik.

Səsyazma studiyasında isə onun oxuduğu yeni mahnılar, çəkildiyi filmlər, bəstəkar Tofiq Quliyevlə dostluğu, me­marlığı ataraq estradaya gəlməsi, oradan da kinostudiyaya cəlb edilməsi, gələcək planları və digər mövzularda suallarımı olduqca ciddi şəkildə cavablandırdı. Son üç sualımın cavabı isə birbaşa zarafat idi. Həmin zarafatları da efirə verdik: 

– Mirzə müəllim, bir qəzetdə oxumuş­dum ki, siz Hökməlidə doğulmusunuz. Başqa bir yazıda isə qeyd edirlər ki, siz Maştağada dünyaya gəlmisiniz. Özünüz isə demisiniz ki, mən İçərişəhərdəki “ağ­şalvarlılar” nəslindənəm. Bunların hansı doğrudur? 

– Həə... Sən hansı rayonda və ya kənddə doğulub böyümüsən?

– Qutqaşen rayonunun Mirzəbəyli kəndində. 

– Mən də Mirzəbəylidə doğulub bö­yümüşəm. Hə, nə dəyişdi? Heç nə. Sən də deyə bilərsən ki, Dərbənddə doğulmu­şam. Əmin edirəm ki, heç nə dəyişməyə­cək. 

– Bayaq həyətdə söhbət edərkən siz beş-altı dəfə “alə” sözünü işlətdiniz. Mən narahat idim ki, efirdə də o sözü eşidə­cəyik.

– Alə, həyətin həyət söhbəti var, efirin efir... 

– İndi mən dinləyicilərə sizin məşhur ifalarınızdan birini – Soltan Hacıbəyovun Zeynal Xəlilin sözlərinə yazdığı “Kimlər gəldi, kimlər getdi?” mahnısını təqdim edirəm. 

– Sifarişçi kimdir?

– Atam. 

– Qonorar nağd olacaq, yoxsa köçür­mə ilə? 

– Kənddə köçürmə olmur. 

– Atana salam söylə!

***

... Allah atama da rəhmət eləsin, Mir­zə dayıya da, Soltan Hacıbəyova da, Zeynal Xəlilə də. 

Təbii ki, qəzet səhifəsində, bu rubri­kada musiqi səsləndirmək olmur. Amma mahnının bir bəndinin sözlərini xatırlat­maq mümkündür: 

Hər dövranda bir gərdiş var,

Min rəng çalır bu rüzigar.

Hünər göstər, bir şey apar

Bu dünyadan, bu dünyadan.

Aparmaq olmur, qardaş, indiyədək aparan olmayıb. Sadəcə, yaradıcı adam­ların əsərləri, yaxşı adamların isə söhbət­ləri qalır. 

P.S. Həmkarımız İlqar Həsənov mə­nim 50 yaşım münasibətilə keçirilən təd­birdə bu mahnını bəzi yeni müğənnilər­dən yaxşı oxumuşdu. 

 

İttifaq MİRZƏBƏYLİ
XQ

Mədəniyyət