Yadımdadır, 1970-ci illərin ikinci yarısında Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində mənimlə milliyyətcə balkar olan Boris Berbekov adlı bir tələbə təhsil alırdı. Kabarda-Balkarın paytaxtı Nalçik şəhərindən idi. Çox şən, həyatsevər gənc idi. Aramızda dostluq münasibətləri yaranmışdı.
Boris Azərbaycanın, bütövlükdə türk dünyasının tarixi ilə yaxından maraqlanırdı, mənə də yeri düşdükcə bu barədə çoxlu suallar verirdi. Təbii ki, onun suallarını həvəslə cavablandırmağa çalışırdım.
Biz söhbət zamanı Azərbaycan və balkar xalqlarının dillərində eyni, yaxud oxşar sözlərdən də tez-tez söz açırdıq. Hər dəfə hər iki dildə işlənən yeni bir söz “kəşf edəndə” bundan çox məmnun qalardıq. Vahid türk dil ailəsinə məxsus olmağımız biz bir-birimizə daha yaxından bağlayırdı.
O dönəmdən məndə qədim və şanlı tarixi olan balkar xalqının mədəniyyətinə, bu xalqın istedadlı sənət və incəsənət adamlarının fəaliyyətinə dərin maraq oyanmışdı.
Dostumun söhbətlərindən öyrənmişdim ki, balkarlar (çox vaxt özlərini alanlar adlandırırlar-müəllif) — Şimali Qafqazda yaşayan və qumuqlar, qaraçaylılar ilə birlikdə türk xalqları ailəsinin qıpçaq qoluna aid olan qədim xalqdır.
Balkarlar onlarla qonşuluqda yaşayan qaraçaylılara dil və adət-ənənələr baxımından çox yaxındırlar. Bəzi araşdırmaçılar qaraçaylılarla balkarları hətta eyni xalq hesab edirlər. Belə ki, yaylaq-qışlaq maldarlığı ilə məşğul olan bu xalqın bir hissəsi Şimali Qafqazın düzənliyində (qışlaqda) daim məskunlaşaraq qaraçay, dağlarda (yaylaqda) qalanlar isə balkar və yaxud “malkarlar” adlanmağa başlayıb. Xatırlayıram ki, bu versiya ilə tələbə dostum da razılaşırdı.
Tarixən Şimali Qafqazın dağlıq ərazilərində yaşadıqları üçün balkarlar özlərini “davlular” (dağlılar) da adlandırırlar. Balkarlar Kabarda-Balkar Respublikasında kabardinlərdən sonra ikinci böyük xalqdır.
Balkarların dəqiq sayları barədə səhih məlumatlar azdır. Onların ümumi sayının təxminən 170 min olduğu bildirilir. Balkarların əsas hissəsi, təxminən 110 min nəfəri, tarixi vətənləri olan Kabarda-Balkarda yaşayır. Onların Türkiyə, Suriya və Misirdə mühacir adı ilə böyük diasporları mövcuddur.
Təəssüf ki, 1944-cü ildə balkar millətindən olan zabit və əsgərlər cəbhədə faşist Almaniyasına qarşı vuruşarkən, onların ailələri sovet hökuməti tərəfindən ağır repressiyaya məruz qaldı. Balkar xalqı Qazaxıstan çöllərinə deportasiya olundu.
Balkarlar sürgünlük illərində ağır məhrumiyyətlərə məruz qalıblar. Nəhayət, 1957-ci ildə onların hüquqları qismən bərpa olunub. Balkar ədəbiyyatı və incəsənətində bu mövzuda bir çox təsirli əsərlər yaranıb.
Məsaim ABDULLAYEV
XQ