Ağaclar təmiz hava və gözəllikdir, adamlar isə “yaşıl sakinlər”in qənimidirlər
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən illər ərzində həyata keçirilən genişmiqyaslı abadlıq–quruculuq işləri paytaxt Bakının estetik görünüşünü və infrastrukturunu əsaslı şəkildə yaxşılaşdırıb. Eləcə də bu layihələr şəhərin ekoloji mühitini qorumaq və yaşıllıq sahələrinin artırılması məqsədi daşıyıb. Belə bir dinamik inkişafın müsbət nəticələrinə baxmayaraq, qarşıya çıxan müəyyən mənfi hallar da ciddi narahatlıq yaradıb. Bu mənfi hallar sırasında ağacların qanunsuz kəsilməsi, bununla da yaşıllıqların məhv edilməsi, həmin ərazilərdə iaşə obyektləri və parklanma yerlərinin yaradılması daha çox müşahidə olunub.
Bakıda yaşıllıqların məhv edilməsi, ağacların kəsilməsi, xüsusən də bütün bunların gecə saatlarında törədilməsinə dövlətimizin başçısı çıxışlarının birində kəskin iradını bildirib: “İctimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.
Yaşıllıq sahələrinin azalması təkcə ekosistemi zərərli təsirlərlə üz – üzə qoymur, həm də paytaxtın estetik görünüşünü və sakinlərin həyat keyfiyyətini aşağı salır. Lakin belə hallarda dövlətimizin başçısının təşəbbüsü ilə gerçəkləşdirilən müəyyən layihələr vurğulanan qanunsuz fəaliyyətlərin qarşısını alır. Prezident İlham Əliyev bu cür vəziyyətlərə həssaslıqla yanaşaraq, müvafiq qurumlara mövcud problemlərin aradan qaldırılması üçün konkret tapşırıqlar verir. Ağacların kəsilməsi ilə zəbt edilən ərazilər dərhal dövlət tərəfindən nəzarətə alınır və buradakı qeyri – qanuni tikintilər dayandırılır. Belə ərazilərdə məhv edilən yaşıllıqların yerində əsasən sakinlərin istirahəti və asudə vaxt keçirməsi üçün parklar salınır. Bu, eyni zamanda, vətəndaşların sağlam həyat tərzini dəstəkləmək və onların sosial rifahını yüksəltmək məqsədi daşıyır.
Dövlətin belə neqativ hadisələrə operativ müdaxiləsi həm də vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Eyni zamanda, ağacların qanunsuz kəsilməsi və ərazilərin bərpası təkcə dövlətin hüquqi qüvvəsini göstərmir, eləcə də şəhər əhalisinin təhlükəsizliyi və sağlam ətraf mühitdə yaşaması üçün mühüm bir addım kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə Bakı şəhərinin getdikcə gözəlləşməsi və ekoloji mühitin qorunması istiqamətində atılan addımlar dövlətimizin başçısının şəhərsalma və ətraf mühitin yaxşılaşdırılması sahəsindəki idarəetmə bacarığının bariz nümunəsidir. Ölkə rəhbərinin tapşırığı ilə həyata keçirilən abadlıq –quruculuq işləri, sadəcə, estetik görünüşün yaxşılaşdırılması ilə məhdudlaşmır, həm də şəhər sakinlərinin sosial və ekoloji cəhətdən sağlam həyat yaşamalarını gerçəkləşdirir.
Lakin bu prosesdə hər bir vətəndaşın, eləcə də cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. İctimaiyyətin qeyri – qanuni ağac kəsiminin qarşısını almaq üçün fəal şəkildə məlumatlandırılması və maarifləndirilməsi mühüm önəm daşıyır. Dövlətin operativ reaksiyası isə yalnız hökumətin gücünü deyil, eyni zamanda, cəmiyyətin irəliyə doğru atdığı mühüm addımları nümayiş etdirir.
İndi isə bu istiqamətdə yol verilən neqativ halların aradan qaldırılması məqsədilə son vaxtlar həyata keçirilən tədbirlərə qısa nəzər salaq. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən bir neçə gün bundan əvvəl reallaşdırılan nəzarət tədbirləri zamanı Xəzər rayonunun Mərdəkan qəsəbəsində, Nəsimi rayonunun 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində, Yasamal rayonunun A.M.Şərifzadə küçəsi, 722 ünvanında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 165 min 260 manat məbləğində ziyan dəydiyi müəyyənləşdirilib.
Belə bir vəziyyətlə iyul ayında da qarşılaşılıb. Bakı şəhərində və Abşeron rayonunun inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkarlanıb. Araşdırma zamanı paytaxtın Nəsimi rayonunun Mərdanov qardaşları, Sabunçu rayonunun Bəşir Bünyadov, Xətai rayonunun Rahib Məmmədov, Nərimanov rayonunun Ağa Nemətulla, Hacı Məmməd və Faiq Yusifov küçələrində, eyni zamanda, Nərimanov rayonunun Dərnəgül qəsəbəsində, eləcə də Bakı – Sumqayıt avtomobil yolunun 14-cü kilometrliyində və Xırdalan şəhərinin Hacı Zeynalabdin Tağıyev küçəsində ağac və kolların qanunsuz kəsilməsi nəticəsində geniş həcmdə yaşıllıqlar sıradan çıxarılıb. Ağacların qanunsuz kəsilməsi nəticəsində vurulan ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələnin hüquqi qiymətləndirilməsi üçün toplanmış materiallar hüquq – mühafizə orqanlarına göndərilib.
Bu məqamda yaşıllıqlara qarşı laqeydliyi ifadə edən acı bir mənzərəni də xatırlatmaq istərdik. Bu gün Biləcəri qəsəbəsinin Natəvan küçəsində yerləşən meşəlik ərazi acınacaqlı vəziyyəti ilə narahatlıq doğurur. Ərazinin baxımsızlığı, buradakı ağaclara qulluq edilməməsi, onların çoxunun quruması, bəzilərinin isə aşması bu sahəyə məsul qurumların biganəliyi kimi qiymətləndirilir. Biləcəri Bələdiyyəsindən isə ağacların aşması və ya quruması ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə və Dövlət Ekoloji Ekspertiza Agentliyinə məlumat verildiyi bildirilir. Adıçəkilən agentlik isə yaşıllıqların quruması səbəbindən kəsilməsinə rəy verilməsi ilə bağlı hər hansı müraciət daxil olmadığını təkzib edir, onlara bu barədə heç bir dəlil – sübut göndərilmədiyini vurğulayır.
Ekoloqlar tərəfindən ağacların quruması, eləcə də qəzalı vəziyyətə düşməsi əsasən iki səbəblə əlaqələndirilir. Birincisi, qurumanın ağaclara vaxtında düzgün aqrotexniki qulluq göstərilməməsi, ikincisi isə xəstəliklə əlaqədar olduğu bildirilir. Qeyd edilir ki, yaşıllıq mülkiyyətçiləri üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirsələr, vaxtında monitorinq və qiymətləndirilmə aparsalar, ağacların indiki kimi bu cür kütləvi surətdə məhvi halları da azalar.
Burada bir məsələ da narahatlıq doğurur. Bir sıra hallarda qırılıb avtomobillərin üstünə düşmüş ağaclar maşınların əzilməsi, vətəndaşlara maddi zərər dəyməsi ilə nəticələnir. Hətta bəzi vaxtlar insan tələfatı ilə də üzləşilir. Əlbəttə, belə acınacaqlı vəziyyət yuxarıda vurğulandığı kimi, ağaclara vaxtında düzgün aqrotexniki qulluq göstərilməməsi, nəticədə onlarda xəstəliklərin yaranması və içindən çürüyərək quruması isə əsasən yaşıllaşdırmaya məsul qurumların biganəliyindən irəli gəlir. Buna görə də ağacların güclü küləyə tab gətirməyərək aşması, maşınları əzməsi və vətəndaşlara maddi zərər dəyməsi ilə nəticələnir.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilir ki, güclü küləyin təsirindən ağacların qol–budağının qırılması heç də onların quruması və ya xəstə olması ilə bağlı deyil. Təbiət hadisələri ilə üzləşilən daha çox sağlam sapora ağaclarıdır ki, onlar güclü küləyə həssasdır və qeydiyyatı daim diqqət mərkəzində saxlanılır. Hətta həmin ağaclar qurumuş olsalar belə, onların özbaşına kəsilməsi, yaxud yerlərinin dəyişilməsi, budanılması qanunsuz hal sayılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, əvvəllər belə vəziyyətlə üzləşiləndə – qurumuş ağacların kəsilməsi zərurəti yarananda birbaşa bu nazirliyə müraciət olunurdu, amma indi müvafiq qanunda aparılan dəyişiklikdən sonra bununla bağlı yerli icra strukturlarına müraciət edilir. Onlar tərəfindən bu müraciət nazirliyə təqdim edildikdən sonra qurumun mütəxəssis qrupu göstərilən ərazidə olub ağacların ekspertizasını həyata keçirir, onların kəsilib – kəsilməməsinə qərar verir. Beləliklə, ciddi narahatlıq doğuran halın baş verməməsi üçün mövcud qanunvericiliyə əsasən, rayon icra hakimiyyətlərinə aid ərazilərdəki yaşıllıqlara onlar tərəfindən aqrotexniki qulluq göstərilməli, ağaclarda quruma və ya hər hansı təhlükəli vəziyyət müşahidə olunduğu təqdirdə isə mövcud vəziyyət barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilməlidir.
Burada belə bir sualla da qarşılaşılır: qırılıb avtomobillərin üstünə düşən ağaclar maşınların əzilməsinə səbəb olarsa, vətəndaşların üzləşdikləri maddi zərər necə aradan qaldırılır? Düzdür, belə hallarda bir sıra sığorta şirkətləri təbiət hadisələrindən zərərçəkmiş müştərilərin zərərini qarşılayır, amma bu, müqavilənin növündən asılı olur. Bəzi sürücülər isə maşınlarını sığortalayarkən belə halları nəzərə almadıqları üçün sonradan onlara dəyən zərərləri özləri qarşılayır.
Onu da bildirək ki, qurumuş ağaclar insanların həyatı üçün təhlükə mənbəyi sayılsa da, rəsmi qurumların icazəsi olmadan onları kəsənlərə cərimələr tətbiq edilir. Belə hallarda vətəndaşları gözləyən təhlükədən qorumağın yeganə yolu isə qurumuş ağaclarla bağlı rəsmi qurumlara müraciət etməkdir.
Qurumuş ağacların səbəb olduğu qəzalarla bağlı sakinlərlə apardığımız söhbətlər, bu məsələ ilə bağlı uzunmüddətli müşahidələr isə belə təhlükəli hadisələrin qarşısının alınmasına cavabdehlik daşıyan dövlət qurumlarını üzərlərinə düşən vəzifə öhdəliklərini yerinə yetirməkdə maraqlı olmadıqlarını deməyə əsas verir. Başqa sözlə, qurumuş ağacların zərərsizləşdirilməsi ilə bağlı məsələyə səhlənkar yanaşma daha çox diqqət çəkir, artıq ömrünü başa vuran, eyni zamanda, bədbəxt hadisələri, hətta insan itkisini şərtləndirən qurumuş ağacların kəsilməsinə, ərazidən götürülməsinə laqeydliklə yanaşılır, ən əsası isə bununla bağlı sakinlərin müraciətləri, necə deyərlər, qulaqardına vurulur.
Yeri gəlmişkən, bu sətirlərin müəllifi Nəsimi rayonunun Əlövsət Əliyev küçəsində baş verən belə bir hadisə ilə bağlı redaksiyamıza daxil olan məktubun araşdırılması zamanı şahid olub. Bu ərazidəki 5 mərtəbəli yaşayış binasının eyvanına “daxil olan” ağac budağının kəsilməsi haqqında müraciətin həllinə bürokratik məmurlardan “bu gün, sabah” vədi verilməklə iki ay vaxt lazım gəldi. Sadə prosedurlar heç bir əsas olmadan mürəkkəbləşdirilərək müşkül işə çevrildi.
Həmin vaxt mövcud vəziyyət araşdırılarkən digər təəccüblü məqamlar da diqqət çəkdi. Belə ki, paytaxtdakı binaların həyətində, parklarda, küçə və prospektlərdə insan sağlamlığına təhlükə yaradan qurumuş ağaclarla bağlı vətəndaş müraciətlərinə laqeyd yanaşılır. Cavabdeh qurumlar arasında yazışmaların uzun bir müddət çəkməsi isə qurumuş ağacların günlərin birində küləyə davam gətirməyib sınması ilə nəticələnir. Bu cür laqedliyin, səhlənkarlığın zərəri isə yuxarıda xatırlatdığımız kimi ağır olur.
Göründüyü kimi, təhlükə yaradan qurumuş ağacların müvafiq ərazidən götürülməsi elə də asan deyil. Əvvəla bu məsələdə qeyd etdiyimiz kimi, bürokratik əngəllərin mövcudluğu, cavabdeh qurumların sayının çox olması vətəndaş müraciətlərinə operativ baxılmasını çətinləşdirir. Ona görə də bununla bağlı yerli bələdiyyələr və icra hakimiyyətləri üzərinə mühüm vəzifələr düşür. Başqa sözlə, torpaq mülkiyyətçiləri olan bələdiyyə, yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən mütəmadi şəkildə ərazilərdəki yaşıllıqların vəziyyəti ciddi şəkildə öyrənilməli, monitorinqlər keçirilməli, qurumuş, xəstə, qəzalı ağac və kollar müəyyənləşdirilməlidir.
Prosesin ilk mərhələsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin əməkdaşları tərəfindən ağacın yerləşdiyi ərazidə əvəzinə yenisinin əkilməsi şərti ilə mövcud ağacın kəsilməsi və yaxud köçürülməsi barədə rəy verilməlidir. Bundan sonra isə təqdim edilən qərarın icrası müvafiq rayonun Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən yerinə yetirilməlidir.
Nəhayət, bu məsələdə fərdi şəxslər də vətəndaş məsuliyyəti daşıyırlar. Belə ki, onlar yaşadıqları, eləcə də digər ərazilərdə təhlükə törədə biləcək qurumuş ağaclara rast gəldikləri zaman, bu barədə inzibati dairənin səlahiyyətlilərinə, məsələn, yerli bələdiyyə orqanına və ya icra hakimiyyətinə məlumat verməlidirlər. Həmin qurumlar isə öz növbəsində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək qurumuş ağacların kəsilməsi haqqında razılıq rəyi almalıdırlar.
Sonda bu məsələ ilə bağlı bir yeniliyi də xatırlatmaq istərdik. Yaşıllıqları qorumaq, şəhərin ekoloji tarazlığını bərpa etmək və payız mövsümündə yeni ağacların əkilməsini reallaşdırmaq məqsədilə artıq respublikada pilot layihənin həyata keçirilməsinə başlanılıb. Qurumuş və qəzalı vəziyyətdə olan ağacların elektron şəkildə nömrələnməsi və nişanlanması nəzərdə tutulan və ilk dəfə Gəncə şəhərində gerçəkləşdirilən bu mexanizm ilə həm şəffaflığın, həm də ictimai nəzarətin gücləndirilməsi qarşıya əsas vəzifə kimi qoyulub. Eyni zamanda bu təşəbbüsün yaxın perspektivdə respublikamızın digər ərazilərində də həyata keçirilməsi də planlaşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın sözlərinə görə, Rəqəmsal Ekologiya İnformasiya Sisteminin tərkib hissəsi olan bu tədbir çərçivəsində quru ağaclar nişanlanaraq üzərində QR kod yerləşdirilir. Hər bir ağac haqqında məlumatı isə www.agac.az saytında ictimaiyyətə açıq şəkildə təqdim olunur.
İ.İbrahimova onu da qeyd edib ki, bu pilot layihə ağacların mühafizəsi baxımından böyük əhəmiyyətə malikdir və daha geniş miqyasda tətbiq olunması nəzərdə tutulur.
Eyyub HÜSEYNOV,
Azad İstehlakçılar Birliyinin sədri
Rəhbərlik etdiyim qurumda yaşıllıqların qanunsuz kəsilməsi, baxımsızlıq üzündən ağacların quruması, eləcə də qəzalı vəziyyətə düşməsi ilə bağlı vətəndaşlardan daxil olan şikayətlərə, müraciətlərə hər zaman həssaslıqla yanaşılıb, onların diqqətinə maarifləndirici məlumatlar çatdırılıb. Amma bu məsələyə əhəmiyyət verilməyəndə nəticə təəssüfləndirici olub. Məsələn, Muğan bölgəsində soyuq aylarda evlərin qızdırılmasında yulğun kollarından istifadə olunub. Lakin artıq 15 ildir ki, bu, qadağan edilib və nəticədə yulğun kolluqları bərpa edilib. Amma bu coğrafiyada məskunlaşan hansısa bir kənd sakini bəzən təsərrüfatına kanal çəkərkən yulğun kollarını kəsməyə məcbur olub. Nəticə də təbii ki, böyük məbləğdə cərimələnib.
Paytaxtımıza gəldikdə isə deyə bilərəm ki, Bakıda da bu sahədə bir sıra məqamlar ciddi narahatlıq doğurur. Belə ki, bəzi iş adamları tərəfindən hansısa bir obyektin inşası üçün müxtəlif yollarla ağaclar qurudulur. Belə bir xoşagəlməz əməlin gerçəkləşdirilməsi isə onların külli məbləğdə cərimədən yayınmaları ilə bağlı olur. Xatırladım ki, quruyan ağaclar küləyin təsirindən yıxılaraq avtomobilləri əzir, bəzən isə insan xəsarətləri ilə nəticələnir. Bütün bunlara əsaslanıb qeyd edim ki, quruyan ağacı, yaxud onun evin, yaxud obyektin damında “oturan” bir qanadını kəsmək qanunla qadağandır.
Yeri gəlmişkən, ağac kəsilərkən onun bələdiyyənin ərazisində və dövlət balansında, yaxud vətəndaşa məxsus çıxarışlı olması faktı da nəzərə alınmalıdır. Bu fikri bir qədər də konkretləşdirsəm, deyə bilərəm ki, vətəndaş ağacı özü əkibsə belə, həmin ağac onun həyətyanı sahəsindən kənardadırsa, onda onu kəsmək üçün mütləq torpaq mülkiyyətçisinə (yerli bələdiyyə, icra hakimiyyəti) müraciət edilməlidir. Həmin qurumların Ekologiya və Təbii Sərvətlət Nazirliyinə müraciətindən sonra nazirliyin mütəxəssisləri ağacın mövcud vəziyyətini öyrənmək üçün yerində baxış keçirir. İnsan həyatına və vətəndaşın əmlakına təhlükə törədəcəyi baxımından ağacın kəsilməsi, yaxud köçürülməsi zərurəti yaranarsa, müvafiq rəy verilir. Rəyin icrası yerli yaşıllaşdırma idarəsi tərəfindən gerçəkləşdirilir.
Ümumilikdə yaşıllıqların qorunub mühafizə edilməsi “Yaşılllıqların mühafizəsi haqqında” Qanunla tənzimləndiyinə görə vətəndaşların həyətyanı və bağ sahələrindəki ağacları kəsə bilməsi üçün həmin ərazinin vətəndaşın mülkiyyətinə aid olması barədə təsdiqedici sənədləri olmalıdır. Əgər həyətyanı torpaqların, bağ sahəsinin, xüsusi mülkiyyətə dair dövlət reyestrindən çıxarış sənədləri varsa, ağac vətəndaş tərəfindən kəsilə bilər. Amma bu, yoxdursa, onun ağac kəsməsi qanunvericiliyə ziddir.
Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli “Yaşıllıqların götürülməsi Qaydası”na əsasən ağac kəsilməsinə görə məsuliyyət, ümumiyyətlə, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar, əkinlər istisna olmaqla digər sahələrə şamil edilir. İctimai obyekt, avtotexniki xidmət məntəqələri və s. xüsusi mülkiyyətdədirsə və orada ağac kəsilirsə, o zaman şəxsə cərimə tətbiq edilir. Amma həyətyanı və bağ sahəsindəki ağaclar kəsilirsə, buna cərimə tətbiq olunmur.
Vaqif BAYRAMOV
XQ