32 filmdən 2-si

post-img

“Qorqud Ata” festivalı

Azərbaycanın ev sahibliyi ilə keçirilən “Qorqud Ata” Türk Dünyası Film Festivalı çərçivəsində Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabardin-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan (Rusiya Federasiyası) 32 bədii, sənədli və animasiya filmləri təqdim olundu. Maraq doğuran filmlərdən biri də türkiyəli kinematoqrafçıların çəkdiyi “Ulduz tozu” oldu. 

Ekran işində iki qardaşın - Kənan və Mustafanın həyat hekayəsindən bəhs olunur. Evlərinin çardağında uzanıb söhbət edən qardaşlar göy üzündə parlayan bir cüt ulduz görürlər. Yaşca kiçik olan Kə­nan böyük ulduzu seçir. On­lar bir-birlərinə söz verirlər ki, kimin ulduzu sönmək istəsə, digəri buna imkan verməyə­cək. Yaşamaq və bu həyatda mübarizə aparmaq üçün daim bir-birinə dəstək olacaqlar. 

Onlar hər gün dostları ilə birgə futbol oynayır, söhbət edir və əylənirlər. Bir gün Al­maniyada yaşayan dayıları Firudin onlara qonaq gəlir. Böyük qardaş Mustafaya ve­losiped, kiçik qardaş Kənana isə bir qutu şokolad hədiyyə edir. Kənan bundan məmnun olmayıb, Mustafanın paxıllığı­nı çəkməyə başlayır. Hər gün yaraşıqlı və bahalı velosipedə minmək arzusu ilə alışıb yan­sa da, qardaşı buna imkan vermir. Bir gün xəlvəti velosi­pedlə kənd yoluna çıxan Kə­nan dərəyə yuvarlanır. Bunu eşidən valideynləri tez hadisə yerinə gedirlər. Kənanı təcili xəstəxanaya aparırlar. 

Qardaşını itirmək qorxu­su ilə üzləşən Mustafa etdiyi hərəkətdən çox peşman olur. “Kaş ki, vaxtında icazə verəy­dim velosiped sürməsinə, indi belə olmazdı” - deyə düşünür. Çardaqda uzanaraq fikirlər se­linə qərq olan Mustafa qarda­şının seçdiyi nəhəng ulduzun hərəkət etdiyini görür. Cəld yerindən qalxıb velosipedinə minir və ulduzun ardınca sür­məyə başlayır. Onu yerə düş­məyə qoymayan Mustafa ul­duzu ovuclarının arasına alır. Qeybdən bir səs: “məni burax, qardaşın yaşayacaq, onun ta­leyi hələ qabaqdadır” - deyir. Mustafa qardaşının tezliklə sağalması üçün dua edir və əlindəki ulduzu səmaya doğru uçurur. Həmin an ulduzdan qo­pan zərrəciklər yerə səpələn­məyə başlayır. Bu zaman onun gözlədiyi ən böyük möcüzə baş verir, qardaşı sağalır... 

Filmin rejissoru Ahmet Sönmezdir. Filmdə rolları Sü­leyman Biçen, Berat Çağan, Serdar Özer, Açelya Devrim Yılhan, Toprak Can Adıgüzel və digər aktyorlar canlandırır­lar. 

Festival digər filmlərin nümayişi ilə də yaddaqalan oldu. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostu­diyasının “TRT” və “Sinema evi” ilə müştərək istehsalı olan “Məryəm” filmi də yük­sək dəyərləndirildi.

Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu fil­min təqdimatında bildirdi ki, “Məryəm” filmi gənc nəsil üçün çox vacib və nümunəvi bir ek­ran əsəridir. Bu film sevgi, vəfa tarixçəsidir. 

Ekran əsərində Məryəm adlı qızın uzun illər sonra ata­sını görmək üçün Azərbayca­na gəlişi təsvir olunur. Ailəsi ilə birgə yaşadığı kəndə gələn gənc qız atasını ucqar bölgədə yerləşən psixiatrik xəstəxanada tapır. Avtobus sürücüsü olmuş bu adam uzun illər əvvəl keçir­diyi ağır qəzadan sonra yadda­şını itirərək psixiatriya xəstəxa­nasına yerləşdirilir. Məryəm isə onun yaddaşını bərpa etmək üçün var gücü ilə çalışır. Uşaq vaxtı atası ilə birgə keçirdiyi ən xoş anları xatırlatmağa çalışan qızcığaz birgə çəkdikləri fo­toşəkilləri ona göstərir, hər gün xəstəxanaya gələrək atasının yaddaşını oyatmağa başlayır. Başına gələn hadisələri az da olsa xatırlamağa çalışan ata uzun zamandan sonra qızı­nı tanımağa başlayır. Filmdə göstərilən hadisələr Məryəmin xəstəxananın baş həkimi ilə üz-üzə gəlməsi və qarşısına çıxan çətinliklər ətrafında cərə­yan edir. 

“Azərbaycanfilm” kinostu­diyasının istehsal etdiyi "Mər­yəm" tammetrajlı bədii filmi­nin prodüseri Fariz Əhmədov, təsvir üzrə rejissoru Orxan Abbasov, rəssamı isə Zaur Abdullayevdir. Filmdə rolları aktyorlar Təhminə Rafaella, Ayşad Məmmədov Ərtoğrul Kamal, Zaur Şəfiyev, Qəmər Məmmədova, Nurəddin Meh­dixanlı ifa edirlər. Bakıda keçi­rilən film nümayişləri, müxtəlif tədbir və təqdimatlarla davam edən III “Qorqud Ata” Türk Dünyası Film Festivalı dünən sona çatdı. 

Fidan SALMANLI
XQ

Mədəniyyət