“Türk ədəbiyyatının inciləri” 100 cilddə

post-img

Qədim Səmərqənd şəhərində Özbəkistan Yazıçılar İttifaqının təşəbbüsü ilə çap olunan “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitabın təqdimatı keçirilib.

Mərasimdə Özbəkis­tanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak edib. 

Təqdimatı Özbə­kistan Yazıçılar İttifaqı Səmərqənd vilayəti filialı­nın sədri Taşpulat Tuqalov açaraq 100 cildlik “Türk ədəbiyyatının inciləri” adlı toplu haqqında məlumat verib, burada bütün türkdilli dövlətlərin şair və yazıçı­larının təmsil olunduğunu bildirib, müstəqillik illərində Türk dünyasının şair və yazıçılarından ibarət bu həcmdə kitabın ilk dəfə çap edildiyini vurğulayıb. 

Senator Fərman Toşev Özbəkistanda və Türk dünyasında “Türk ədəbiyyatının inciləri” adlı 100 cildliyə böyük maraq olduğunu bildirib, toplunun Türk dünya­sı arasında mədəni-humanitar sahədə əlaqələri daha da dərinləşdirəcəyinə əmin olduğunu bildirib. 

Özbəkistan Yazıçılar İttifaqının əməkdaşı Risalət Heydərova, professor Adxambek Alimbekov, tanınmış şair Tahir Qəhhar və tərcüməçi, Azərbaycan Yazı­çılar Birliyinin fəxri üzvü Şəhla Qasımova toplunun hazırlanması istiqamətlərindəki fəaliyyətlərindən danışıblar. Bildirilib ki, 100 cildliyin 16 cildi Azərbaycan ədəbiy­yatına həsr olunub və topluda Nizami Gəncəvi, Heyran xanım, Xurşudbanu Natəvan, Hüseyn Cavid, Mikayıl Müşfiq, Almas İldırım, Əhməd Cavad, Rəsul Rza, Səməd Vurğun, Anar, Sabir Rüstəmxanlı, Füruz Mustafa, Akif Əhmədgil, Afaq Şıx­lı və digər 100-dən çox şair və yazıçının əsərləri toplanıb. 

Şəhla Qasımova Azərbaycan ədəbiy­yatı haqqında danışıb, Azərbaycan şair və yazıçılarını çox sevdiyini bildirib, Əh­məd Cavad, Mikayıl Müşfiq, Almas İldı­rımdan etdiyi tərcümələrindən nümunələr oxuyub. 

 

Qulu KƏNGƏRLİ
XQ-nin xüsusi müxbiri 

Səmərqənd

Mədəniyyət