Milli radionun ustad jurnalisti

post-img

İlyas Adıgözəlli – 85

Bugünlərdə radiojurnalistikamızın tanınmış nümayəndəsi, Əməkdar jurnalist İlyas Adıgözəllinin 85 yaşı tamam olur. Peşəkar qələm sahibi ömrünün 60 ildən çoxunu mərkəzi mediada yaradıcılığa həsr etmiş, çoxsaylı verilişləri və müxtəlif mövzulu yazıları ilə milli jurnalistikamıza öz töhfəsini vermişdir.

İlyas Adıgözəlli 1938-ci il oktyabrın 15-də qədim Borçalının Sadaxlı kən­dində anadan olmuşdur. Uşaqlıqdan qulaq asdığı Azərbaycan Radiosunun xəbərləri, ədəbi-bədii verilişləri İlyasın dünyagörüşünü xalqımızın gündəlik həyatına, milli-mənəvi dəyərlərinə yönləndirmiş, yetkinlik qazanmasın­da aparıcı qaynaqlardan biri olmuş­dur.1956-cı il noyabrında Gürcüstan Radiosunda Azərbaycan dilində hər gün yarım saatlıq proqramın açıl­ması və bunun son dərəcə maraqla qarşılanması orta məktəbin sonuncu sinfində oxuyan İlyasda radiojurnalis­tikaya sonsuz bir sevgi yaratmış və bu hadisə onun gələcək taleyini müəy­yən etmişdir.

Gələcəyin yetkin qələm sahibi orta məktəbi bitirdikdən sonra Bakıya gəl­miş, Azərbaycan Dövlət Universitetin­də ali jurnalist ixtisası almışdır. Tələ­bəlik illərindən İlyas Adıgözəlli nüfuzlu mətbuat orqanlarında maraqlı yazı­larla çıxış etmişdir. Azərbaycan Döv­lət Radio və Televiziya Verilişləri Ko­mitəsində işə başlayan gənc jurnalist taleyini birdəfəlik bu böyük jurnalist kollektivi ilə bağlamışdır. Bu illərdə “Araz” radiostansiyasında şöbə müdi­ri, baş redaktorun müavini, baş redak­tor, “Araz” proqramının baş direktoru, radioda şərhçi vəzifələrində çalışmış­dır. Milli radiomuzun aparıcı jurnalist­lərindən biri olmaqla yanaşı, bir çox gəncin də yaradıcılıqda püxtələşmə­sinə də öz köməyini göstərmişdir.

İlyas müəllimlə çoxillik həmkarlıq və dostluq əlaqəmiz bizi bir-birimizə sıx bağlamışdır. O, canlı jurnalistika məktəbi, zəngin xatirələr kitabıdır. Olub-keçənlərdən o qədər maraq­la danışır ki, insan onlardan ayrıla bilmir. Bu şirin “söhbətcillik” onun radiojurnalistikada ustadlığa çat­masından güc alır. 85 yaşın zirvə­sindən jurnalistikaya gəldiyi illəri belə xırdalayır:

– Dərsdən çıxan kimi redaksiyala­ra gedirdim. “Kommunist” (indiki “Xalq qəzeti” – red.), “Bakı”, “Azərbaycan gəncləri” qəzetləri, televiziya və ra­dio ilə əməkdaşlıq edirdim. Redaksi­yalardan tapşırıqlar alıb, obyektlərə yollanırdım. “Kommunist” qəzetində “Siz yatandan sonra” adlı bir rubri­ka açmışdım. Orada gecə növbə­sində işləyən həkimlər, maşinistlər, çörək zavodlarında çalışanlarla bağlı məqalələr hazırlayırdım. Eyni za­manda, Tbilisidə, Yerevanda çıxan qəzetlərə müxtəlif janrlı yazılar gön­dərirdim. Tələbəlik illərində qonorar hesabına yaxşı dolanırdım. 

İlyas müəllim 1991 -ci il oktyab­rın 18-də müstəqilliyimizin elan olunması barədə xəbəri ilk olaraq “Araz” radiostansiyasında yayma­sını çoxillik fəaliyyətinin ən sevinc­li və unudulmaz anları kimi yada salır:

– Xəbər yayılandan az sonra ilk zəng Təbrizdən gəldi. Sevinc içərisin­də, “Araz”a qulaq asdıqlarını , xəbərin təsirindən kövrəldiklərini və fəxr etdik­lərini bildirdilər. 1993-cü ildə Vaşinq­tonda silsilə verilişlər hazırlamağımı da unuda bilmərəm. Maraqlı budur ki, orada Güney və Quzey Azərbaycan­dan olan iki gənc – Həbib və Nəidə evlənmişdilər. Onların da Araz adın­da bir oğlu olmuşdu. Onların timsa­lında Vətən bütövləşmişdi. Dinləyi­cilərə çatdırmışdım ki, Vaşinqtonda müstəqil Azərbaycan dövlətinin ilk səfirliyinin açılması mərasimində Araz balamız da iştirak edib. Amerikada Azərbaycan səfirliyi açılanda məra­simdən canlı reportaj hazırlamışdım. İlk səfirimiz Hafiz Paşayevdən qısa müsahibə almışdlm.

İlyas müəllimin oğlu Fikrət də onun yolu ilə gedib. Oğul Adı­gözəllinin ilk jurnasitika müəlli­mi ata özü olub. İndi bir ailədə 2 Əməkdar jurnalist var. Bu da İlyas Adıgözəllinin jurnalistikamıza bir töhfəsidir. Onu jurnalistika sahə-sinə istedadlı gənclərin gəlməməsi ciddi qayğılandırır:

– Bir zamanlar jurnalistika sahə­sinə bu sənətə möhkəm bağlı olan gənclər gəlirdilər. 1957-ci ildə biz uni­versitetin birincu kursunda oxuyarkən hüquq fakültəsinin nümayəndəsi de­kanımız Əli Sultanlı ilə auditoriyamı­za gəlmişdi. Bizə dedilər ki, hüquq fakültəsində 2 boş yer var, kim istəsə, keçə bilər. Uşaqların biri də irəli çıx­madı, jurnalist olmaq istədiklərini bil­dirdilər. İndi jurnalist tələbələr hüquq fakültəsinə dəyişmək istəyir. Belələri jurnalistikaya təsadüfən, topladıqları bal az olduğu üçün düşdüklərini deyir­lər. Bir də bəzi jurnalistlər daha çox nöqsan axtarırlar. Jurnalist üçün hə­yatın işıqlı tərəflərini görmələri önəm­lidir.

İlyas Adıgözəlli boya-başa çatdı­ğı doğma kəndi Sadaxlını çox sevir. Hər ilin bir ayını o yerlərdə istirahət etməyi dünyanın ən məşhur kurort­larında dincəlməkdən üstün tutur. Doğma kəndi barədə kitab yazmaq və öz yerini-yurdunu təsvir etmək onun gözəl arzularından biri idi. 2000-ci ildə “Azərbaycan” nəşriyyatında işıq üzü görən “Elim-obam Sadaxlı” ki­tabı beləcə yarandı. Burada nə yox­dur: kəndin qədim tarixi, uzunömürlü insanları , İkinci dünya müharibəsin­də dillərdə dastan olan iştirakçıları, alimləri, müxtəlif peşə sahibləri, kənd məktəblərinin fəaliyyəti. Nəşrin redak­toru kimi bildirim ki, İlyasın bu kitabı sadaxlılar üçün qiymətli hədiyyədir. 

Bugünlərdə İlyas Adıgözəllinin 85 yaşı tamam olur. Azərbaycan jurna­listikasının inkişafında səmərəli fəa­liyyəti dövlət tərəfindən yüksək qiy­mətləndirilmiş həmkarımıza bundan sonra da böyük yaradıcılıq uğurları və daha uzun ömür arzulayırıq.

Həmid VƏLİYEV,
Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist

Sosial həyat