III “Qorqud Ata” Türk Dünyası Film Festivalı başa çatdı

post-img

Dünən Heydər Əliyev Mərkəzində “Şuşa - Türk Dünyasının Mədəniyyət Paytaxtı 2023” ili çərçivəsində III "Qorqud Ata" Türk Dünyası Film Festivalının təntənəli bağlanışı olub.

Mərasimdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, rəsmi şəxslər, türk dünyasının tanınmış sənət adamları və digər qonaqlar iştirak ediblər. Arzu Əliye­va mərkəzdə milli geyimlər və Azərbayca­nın klassik və müasir filmlərinin posterləri olan sərgi ilə tanış olub.

Sonra mərasimdə Azərbaycan pay­taxtında 4 gün davam edən festivala həsr olunan videoçarx nümayiş olunub.

TÜRKSOY-un Baş katibi Sultan Raev festival barədə təəssüratlarını bölüşərək bu sənət bayramının türk dünyası film­lərini tanıtmaq üçün böyük bir fürsət ol­duğunu bildirib: “Bu festivala gələcəkdə də dəstək olmağa davam edəcəyik". O, TÜRKSOY-un xüsusi mükafatını Xalq ar­tisti Fəxrəddin Manafova təqdim edib.

Münsiflər heyətinin sədri, Xalq artisti Vaqif Mustafayev festivalın əhəmiyyətin­dən bəhs edib.

Daha sonra sənədli və bədii filmlər müsabiqəsi üzrə münsiflər heyəti qonaq­lara təqdim olunub. Türk dünyası kinema­toqrafiyasına verdiyi töhfələrə görə Ho­caqulu Narlıyev, Mayagözəl Aymedova, Çarlıyar Seyidli (hər üçü Türkmənistan), Serdar Gökhan, Metin Günay (hər ikisi Türkiyə), Həmidə Ömərova, Oqtay Mirqa­sımov, Orman Əliyev, Ağasi Məmmədli (hamısı Azərbaycan), Firdavs Abduxa­likov (Özbəkistan) və Azamat Satıbaldı (Qazaxıstan) fəxri mükafatlarla təltif olu­nublar.

“Jambıl” filminə görə qazaxıstanlı re­jissor Dosjan Janbotaev, "Hep 33 yaşın­da" filminə görə türkiyəli rejissor Murat Pay xüsusi mükafata layiq görülüb.

“Ən yaxşı aktyor” nominasiyası üzrə mükafatı Ahmet Amandurdiyev (“Qızıl alma”, Türkmənistan), “Ən yaxşı aktrisa” nominasiya üzrə mükafatı isə Təhminə Rafaella ("Məryəm", Azərbaycan) qaza­nıb.

“Ən yaxşı ssenari” mükafatına Özbə­kistan – “Abdulla Oripov” (Özbəkistan) fil­mi layiq görülüb. "Ən yaxşı rejissor" nomi­nasiyasında Zhuraeva Asel Talibzhanova ("Tanrıverdi", Qırğızıstan) qalib olub.

"Ən yaxşı sənədli film" nominasiya­sında 3-cü mükafat “Mənim dairəm” (Öz­bəkistan), 2-ci mükafat “Arqau” (Qazaxıs­tan), 1-ci və əsas mükafata isə “Sonuncu” (Azərbaycan) filmləri layiq görülüb.

"Ən yaxşı bədii film” nominasiyasın­da "Yıldız tozu" (Türkiyə, rejissor Ahmet Sönmez) filmi qalib olub. Mükafatı Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva təqdim edib.

Azərbaycan Respublikasının mədə­niyyət naziri Adil Kərimli növbəti “Qorqud Ata” festivalının Türkmənistan Anev şəhə­rinə ötürülməsini və orada keçiriləcəyini simvolizə edən “Durna quşu” mükafatını Türkmənistanın nümayəndəsinə təqdim edib. Nazir Bakı festivalının əhəmiyyətini yüksək qiymətləndirərək əməyi keçənlərə təşəkkürünü bildirib.

Bədii hissədə “Dədə Qorqud” dasta­nının motivləri əsasında hazırlanmış ədə­bi-bədii kompozisiya nümayiş olunub.

Xatırladaq ki, festival Azərbay­can Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azər­baycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 8–11-dək paytaxtımızda keçiri­lib.

XQ





Mədəniyyət