Qarabağda müasir rabitə şəbəkəsi qurulur

post-img

Azad edilmiş ərazilər ölkənin informasiya-kommunikasiya sisteminə qoşulur

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən dir­çəldilməsi, əhalinin tədricən geri qayıtması, eləcə də regionumuzun sülh və əməkdaşlıq məkanına çevrilməsi istiqamətində genişmiqyaslı işlər görülür. Bu ərazilərdə zəruri sosial-iqtisadi infrastruktur təminatı, iqtisadi canlanma­nın sürətləndirilməsi, habelə nəqliyyat potensialının artırılması və yaşayış məntəqələrimizin “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında yeni­dən qurulması yüksək templə davam etdirilir. 

Eyni zamanda, yaşayış sahələrində zəruri rabitə infrastrukturu qurulmaqla bu sahədə xidmətlər ‒ mobil rabitə, ra­dio-televiziya yayımı, xüsusi radiorabitə, poçt-maliyyə, internet və s. xidmətləri təşkil edilir. Şəbəkə və xidmətlərin əhatə dairəsi genişləndirilir. Efirə radionəzarə­tin və efir məkanının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görülür. Bu barədə Texniki Universitetin professoru Güləhməd Talıbov dedi:

– Artıq “Aztelekom” MMC bərpa iş­lərinə başlanan şəhər və kəndlərdə, o cümlədən Şuşada, Ağdamda, Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayo­nunun Talış kəndində telefon və internet xidmətləri göstərir. 

“Böyük Qayıdışa dair I Dövlət Proq­ramı”na uyğun olaraq Laçın şəhərində 800 evdə GPON texnologiyasının tətbiq olunması üçün layihə hazırlanıb, şəbəkə quraşdırılıb. Laçın şəhəri ilə yanaşı, ra­yonun Zabux və Sus kəndləri də GPON (Gigabit Passive Optical Networks) tex­nologiyası əsasında layihələndirilib. İşlər tamamlandıqdan sonra Zabux kəndində 250, Sus kəndində 75 ev təsərrüfatı xid­mətlərdən yararlana biləcək.

Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketlə­ri təklif olunur. Bu paketləri əldə edən abunəçilər tək internet xidməti deyil, “in­ternet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” paketlərini əldə edirlər. Bu məqsədlə ən yeni texnologi­yalar tətbiq edilir.

Müsahibimizin dediklərinə əlavə ola­raq bildirək ki, bu il sentyabrın 19-da baş­layan, bir gün sonra başa çatan antiterror tədbirlərindən sonra isə Xankəndi və Xo­calının da rabitə və rəqamsal imkanları artırılıb. İnternet infrastrukturu istismara verilib. Bu barədə “Bakı Telefon Rabitə­si” MMC-nin sözçüsü Alidə Mustafayeva məlumat verərək “Aztelekom” MMC-nin Xankəndi və Xocalı ərazilərində internet magistral xəttinin və genişzolaqlı internet şəbəkəsinin təmin edildiyini vurğulayıb. Eyni zamanda, “Aztelekom” MMC-nin işğaldan azad edilmiş torpaqlarda rabitə və rəqəmsal imkanların artırılması üçün tikintinin növbəti mərhələsinə keçməyə tam hazır olduğunu bəyan edib.

İnternet xidmətlərinin verilməsi im­kanlarının hələ də mövcud olmadığı ərazilərdə isə paylayıcı şəbəkə yenidən qurulacaq. Orada məskunlaşan əhali dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin ediləcək. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən isə Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədilə operativ olaraq TETRA radiorabitə şə­bəkəsi qurularaq istifadəyə verilib. Hazır­da həmin bölgədə “AzStateNet” şəbəkə­sinin qurulması istiqamətində hazırlıq işləri davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərdə mo­bil operatorlardan “Azercell” də yaxın­dan iştirak edir. İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran “Azercell” Ağdərə və Xocalıda baza stan­siyalarını işə salıb. “Azercell”dən bildirilib ki, bu stansiyalar LTE texnologiyasına aiddir. Onların sayı isə 100-dən çoxdur. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçi­nin Xocavənd və digər rayonların kənd­lərini əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 15-dən çox baza stansi­yası quraşdırıb. 

İnternet xidmətlərinin verilməsi im­kanlarının hələ də mövcud olmadığı ərazilərdə əsas magistralların və payla­yıcı şəbəkənin yenidən qurulması davam edəcək. Ora yerləşəcək əhali dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin ediləcək. 

Məlumat üçün bildirək ki, işğal döv­ründə Qarabağda qeyri-qanuni fəa­liyyətin miqyasına görə, dağ-mədən sahəsindən sonra ikinci yeri telekommu­nikasiya sektoru tuturdu. Rabitənin inki­şafı və rouminq xidmətləri işğal olunan regionla ünsiyyəti asanlaşdırır, bu da həm Ermənistandan, həm də dünyanın müxtəlif ölkələrindən etnik ermənilərin qeyri-qanuni olaraq köçürülməsi prosesi­ni gücləndirirdi.

Ermənilərin Qarabağda məskunlaş­masında və sərvətlərimizin talanmasında əsas rol oynayan şirkətlərdən biri “Qara­bağ Telekom” idi. Şirkətin baş direktoru Qaregin Odabaşyanın erməni mətbuatı­na verdiyi məlumata görə, məskunlaşma prosesinin sürətlənməsinə milyardlarla dram yardım edib. Bu da özlüyündə bey­nəlxalq hüququn pozulması deməkdir. Azərbaycan Respublikası XİN-in hesa­batında isə qeyd edilir ki, ayrılmış vəsait müxtəlif sahələrə – səhiyyə, təhsil, yeni kilsələrin inşası, təhlükəsizlik qüvvələri və digər sahələrə yönəldilib.

İşğal olunmuş ərazilərdə telekommu­nikasiya sektorunda erməni şirkətləri ilə yanaşı, müxtəlif vaxtlarda dünyanın on­larla tanınmış şirkəti də fəaliyyət göstə­rib. Onların arasında Böyük Britaniyanın “Vodafone”, Fransanın “Orange”, Rusiya və Niderlandın “VimpelCom” birgə şirkəti də olub.

Qarabağ işğaldan azad edildikdən sonra separatçıların qurduğu “Qarabağ Telekom” və digər telekommunikasiya şirkətləri fəaliyyətlərini dayandırdılar. İndi yuxarıda qeyd etdiyimiz kimi regionda zənglər və internet trafiki yalnız Azərbay­canın rabitə operatorları və provayderləri vasitəsilə həyata keçirilir. Tezliklə region müasir rabitə şəbəkəsinə çevriləcək.

Beləliklə, işğaldan azad edilmiş əra­zilərin ölkənin vahid informasiya-kommu­nikasiya məkanına hərtərəfli inteqrasiyası üçün magistral və lokal telekommunikasi­ya şəbəkələrinin tikilməsi və alternativlik təmin edilməklə respublikanın ümumis­tifadəli telekommunikasiya şəbəkəsinə qoşulması həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə yaşayacaq və fəaliyyət göstərəcək əhaliyə və dövlət qurumlarına yeni texnologiyalar əsasında keyfiyyətli və fasiləsiz telefon, internet, radio-televi­ziya yayımı, poçt-maliyyə və s. xidmətləri təşkil edilir. Efirə radionəzarətin və efir məkanının təhlükəsizliyinin təmin edilmə­si ilə bağlı zəruri tədbirlər görülür. Bunlar işğaldan azad edilmiş ərazilərin ölkə iq­tisadiyyatına qısa müddətdə reinteqrasi­yası baxımından önəmlidir. Bu sahədə regional əməkdaşlığın genişləndirilməsi və bölgənin telekommunikasiya poten­sialının gücləndirilməsi olduqca vacibdir. Qarabağda həyata keçirilən bərpa-quru­culuq işləri də bu məqsədə xidmət edir. Görülən işlər yaxın illərdə Qarabağı tele­kommunikasiya sektorunda ölkənin qa­baqcıl bölgəsinə çevirəcək.

 

Pünhan ƏFƏNDİYEV
XQ

Ağdam



Sosial həyat