Bu il “köhnə qitə”yə 12 milyard kubmetr qaz nəql ediləcək
Avropa Komissiyasının Avropa Birliyi ölkələrinin qaz bazarında vəziyyətə dair rüblük hesabatında bildirilir ki, cari ilin ilk 3 ayında Azərbaycan Trans–Adriatik Boru Kəməri (TAP) ilə Avropa İttifaqına (Aİ) qaz tədarükünü ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz və ya 2,8 milyard kubmetrədək artırıb. Cari ilin birinci rübündə Aİ-nin ümumi qaz idxalında (boru kəmərləri və mayeləşdirilmiş formada) Azərbaycanın payı əvvəlki rübdəki 3 faizdən 4 faizə yüksəlib.
Yanvar-mart aylarında Avropaya boru kəməri ilə qaz tədarükçülərinin ilk beşliyinə Norveç–21,7 milyard kubmetr (53 faiz pay), Şimali Afrika (Əlcəzair və Liviya) – 7,3 milyard kubmetr (18 faiz), Rusiya – 5 milyard kubmetr (12 faiz), Böyük Britaniya – 4,4 milyard kubmetr (11 faiz) və Azərbaycan – 2,8 milyard kubmetr (7 faiz) daxil olub.
Keçən il Azərbaycan qaz ixracını 18 faizə – 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr və ya 39 faizdən çox qaz ixrac edib. Bu il respublikamızdan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılıb, bunun isə 12-12,5 milyard kubmetrinin Avropaya nəql olunacağı nəzərdə tutulub.
“TAP AG” konsorsiumunun idarəedici direktoru Luka Skieppati İtaliyanın RCS Akademiyasında keçirilən “Xalis sıfıra keçid– innovativ enerji” adlı debatdakı çıxışında bildirib ki, TAP-ın kommersiya fəaliyyətinə başladığı vaxtdan Avropaya 28 milyard kubmetrdən çox Azərbaycan qazı ötürülüb ki, bunun da 23,5 milyard kubmetrdən çoxu İtaliyaya ixrac edilib.
L.Skieppatinin sözlərinə görə, “TAP AG” konsorsiumu əsasən, İtaliya və Balkan ölkələri bazarlarını “mavi yanacaq”la təmin edir. İtaliyada son aylar ərzində istehlakda bir qədər azalma nəzərə çarpıb, lakin bu ölkənin şaxələndirməni diqqətdə saxlaması vəziyyətin tezliklə normallaşmasına böyük ümid yaradıb.
TAP-ın gücünün iki dəfə artırılmasına gəlincə, L.Skieppati boru xəttinin artıq çəkildiyini və ötürücülük gücünün ikiqat artırılması üzrə işlərin, ən azı İtaliya hissəsində, çox vaxt aparmayacağını söyləyib.
Adıçəkilən konsorsiumun idarəedici direktoru, eyni zamanda, “TAP AG”nin qarşıya nəql imkanlarını və buna müvafiq olaraq qaz tədarükünü artırmaq, qaz turbinləri əvəzinə elektrik avadanlıqlarından istifadə etmək və nəhayət, gələcəkdə “yaşıl molekullar”ın nəqlini reallaşdırmaq kimi üç mühüm vəzifə qoyduğunu bildirib.
Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi olan TAP vasitəsilə Avropaya kommersiya qazının tədarükünə başlayıb. 25 il müddətinə nəzərdə tutulan tədarüklər Avropa bazarına illik 10 milyard kubmetrdən çox qazın ixracını nəzərdə tutur ki, bunun da 8 milyard kubmetri İtaliyanın, 2 milyard kubmetri isə hər birinə 1 milyard kubmetr olmaqla Yunanıstan və Bolqarıstanın payına düşür. Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə respublikamızdan İtaliyanın cənubuna qədər 3,5 min kilometr məsafədə uzanan CQD inteqrasiya olunmuş boru kəməri sistemidir. Onun ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. CQD-nin əsas xammal mənbəyi ehtiyatı 1,2 trilyon kubmetr olan “Şahdəniz” yatağıdır.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 faiz artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya təchizat 11,4 milyard kubmetr (39 faiz artım ilə) təşkil edib. 2022-ci ildə TAP vasitəsilə İtaliyaya qaz təchizatı 10 milyon, 325 milyon kubmetr (43,1 faiz artım ilə) təşkil edib.
Bu il ərzində Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12-12,5 milyard kubmetri Avropaya göndəriləcək.
XQ