Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Şirin Əhmədov və Yusif Qasımlı “İpək Yolunun incisi” Beynəlxalq Daşkənd Film Festivalından qayıdıblar. Onlar, xəbər verdiyimiz kimi, gənc rejissorlar üçün “5 gündə film” müsabiqəsində uğurla çıxış ediblər.
Filmin rejissoru Şirin Əhmədov “XQ”yə müsahibəsində festivalla bağlı təəssüratını bölüşdü. O qeyd etdi ki, Özbəkistanda nümayiş etdirilən “100 addım” onların ilk filmi deyil:
– İlk filmimiz “Bakı küləyi” olub. Bu film Bakı Beynəlxalq Qısa Filmlər Festivalında xüsusi mükafata layiq görülüb. İlk filmimiz sənətimizdə birinci addımımız oldu. Növbəti – “Qütb ulduzu” filmi hazırda kinoteatrlarda nümayiş etdirilir. Onlardan başqa “Yuxusuz gecə” adlı bir qısa filmimiz də var. Ümumiyyətlə, müxtəlif mövzulara müraciət edir və işimizin yaxşı olması üçün ciddi səy göstəririk. Çox sevinirik ki, “5 gündə film” müsabiqəsinə təqdim etdiyimiz filmi münsiflər yüksək qiymətləndirdilər. Bu, bizim üçün daha bir sənət uğurumuz kimi yaradıcılıq əhvalımızı yüksəltdi.
Tələbə rejissor bildirdi ki, “100 addım” 5 gün ərzində çəkilməli, mövzusu Özbəkistanı əhatə etməli idi:
– Fikirləşdik ki, bu mövzuya bir qədər fərqli yanaşaq. Ssenaridə babanın karate ilə məşğul olan kor nəvəsini hər gün 100 addım gəzdirməsindən söhbət açılır. Uşağa həm valideyn, həm də müəllim olan bu qoca hər gün evindən məşq elədiyi yerə qədər addımlarını saymasını, hər addımında qarşılaşdıqları tarixi yerləri, yaxud maraqlı hadisələri yadda saxlamasını istəyir. Onu başa salmaq istəyir ki, bu addımların hər biri həyatda qoyduğumuz izdir və onun çox böyük mənası var”.
Universitetin elm-yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva müsabiqədə rəqabətin çox böyük olduğunu dedi:
– 5 gün ərzində Özbəkistan, onun tarixi, ənənələri haqqında film çəkilməli idi. Gənclərimiz çox gözəl film ərsəyə gətirdilər. “Yüz addım” gənclərimizin bu sahədəki potensialını göstərir. Bu, həm də Azərbaycan kinosunun növbəti qələbəsidir. İnanırıq ki, gənclərimiz gələcəkdə daha yüksək zirvələr fəth edəcəklər.
Filmin operatoru, Yusif Qasımov müsabiqədə qalib gəldiklərinə görə çox məmnun olduğunu söylədi:
– 5 gün ərzində yaxşı film ərsəyə gətirmək çətin olsa da, biz bunu bacardıq. Filmimiz layiqli qiymətini aldı.
L.QURBANOVA
XQ