XQ-nin kitab rəfi

post-img

Qara Qarayevin əsərləri Yaponiyada

Dünya şöhrətli bəstəkar Qara Qarayevin əsərlərindən ibarət not kitablarının Yaponiyada dərc olun­ması layihəsi davam etdirilir. 

Həmin silsilədən bəstəkarın daha iki əsərindən ibarət kitab çap olunub. Xatırladaq ki, layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşır. Yeni kitabda Qara Qarayevin “Yeddi gözəl” və “Don Kixot” baletlərinin par­titurasının daxil edildiyi iki not yapon musiqisevərlərinə təqdim edilib. Layihə çərçivəsində ilk dəfə olaraq kitabın üz qabığında bəstəkarın və əsərlərinin adı yapon və ingilis dillləri ilə yanaşı, Azər­baycan dilində də yazılıb.

Kitaba ön sözü bəstəkarın oğlu Fərəc Qarayev yazıb. Yaponiyada Qara Qarayevin digər əsərlərinin də çap olunması planlaşdırılır.

“İslamda rənglər fəlsəfəsi”

Praktiki Ali Tədqiqatlar Məktə­binin doktoru, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin tədqiqatçı­sı, islamşünas alim Kərim İfrakın “İslamda rənglər fəlsəfəsi” kitabı işıq üzü görüb.

Kitabda müsəlman aləmində rəng­lərin mənası və onların vasitəsilə ide­yaların ötürülməsindən danışılır, Azər­baycanın bir çox rəmzi məkanlarından bəhs olunur. Müəllif qədim əlyazmalar­dakı rənglərdən də söz açıb. 

Kitabda Azərbaycanda UNES­CO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəki Xan Sarayında isti­fadə edilmiş rəngli şəbəkədən, eləcə də Nizami Gəncəvinin “Xəmsə”sindən ətraflı bəhs olunur. Yaşıl rəngin İslam­da, xüsusilə də bayraqlarda daha çox işlənməsinə baxmayaraq, mistik göy rəngə, eləcə də qara və müqəddəs hesab edilən ağ rənglərə də üstünlük verildiyi şərh edilir. Müsəlman aləmin­də geometrik xalçaçılıqda da rənglərin böyük məna daşıdığı qeyd olunur.

Zəfər nəğmələri

Şair Gəray Göyyurdun “Şuşa Bəyannaməsi” adlı yeni şeir kita­bında Azərbaycan Ordusuna və İkinci Qarabağ müharibəsi şəhid­lərinə həsr edilmiş şeir və poema­lar toplanıb.

Kitabda Şuşa Bəyannaməsi bölgə­də sülhə çağırışın salnaməsi kimi poe­tik dildə tərənnüm olunur. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dostluğu ör­nək gətirilir: 

 

Bu dostluğun bərabəri yoxdu, yox!

Paxılları, xəbisləri çoxdu, çox!

Yağıların gözlərinə oxdu, ox 

İki qardaş, iki Cumhurbaşqanı!

 

Ümumiyyətlə, kitabda 8 lirik poema və qələbəmizə həsr olunmuş şeirlər toplanıb. Bütün nümunələr dövlətə, millətə, orduya, qazilərə və şəhidlə­rimizin ruhuna minnətdarlıq hissi ilə qələmə alınıb. 

Gəray Göyyurdun yeni kitabı “Nərgiz” nəşriyyatında çap edilib.

XQ





Sosial həyat