Dünən Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının ikinci günündə -73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Vüsal Qələndərzadə yarışın qızıl medalına sahib olub.
XQ Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən bildirir ki, final qarşılaşmasında Vüsal müstəsna bacarıq və əzmkarlıq nümayiş etdirərək, əlavə vaxtda "seoi-otoshi" fəndi ilə Amerika Birləşmiş Ştatları təmsilçisi Cek Yonezuka üzərində parlaq qələbə qazanaraq dünya çempionu titulunu əldə edib.
Bu qələbə ölkəmiz üçün son 5 ildə gənclər arasında keçirilən dünya çempionatında qazanılan ilk qızıl medal olaraq tarixə düşüb. Sonuncu dəfə bu nailiyyəti 2018-ci ildə Rövşən Əliyev dünya çempionatında əldə edib.
Dünya çempionatındakı parlaq qələbə münasibətilə bütün cüdo ailəsini təbrik edirik!
Elçin ABBASOV
XQ