“Odlar yurdu”nu dünyada tanıdan opera rejissoru

post-img

Hazırda Ankarada yaşayan soydaşımız, tanınmış opera rejissoru, Xalq artisti, jurnalist-tədqiqqatçı, doaspor fəalı Əflatun Nemətzadə Vətənə çox bağlı olan ziyalılarımızdandır. Söhbətimizin əvvəlində ondan özünün ömür yoluna nəzər salmasını xahiş etdik. 

– Biz ailədə 11 uşaq olmuşuq, – deyə cavab verdi. – Əlimizdən kitab düşməzdi. Astaranın Ərçivan kəndindəki dədə-baba evimizdə 2 minədək kitab var idi. Meşəyə odun qırmağa gedərdik, orda yarım saat, bir saat dincələndə atam: “Açın kitabları­nızı” – deyərdi. Baxçada kartofların dibini belləyəndə də oxuyardıq. Bu bir alışqan­lıq deyildi, zərurət idi. Ərçivanın kitabxa­nasındakı bütün kitabları oxumuşdum, keçmişdim rayon mərkəzindəki kitabxa­naya. Atam Lənkəran bazarına meyvə aparanda onunla gedir və kitabxanaya qaçırdım. Babam – həkim Mirzə Mütəllim Ərdəbili İranda məşhur adam olub, Bakı­da da tanınıb. Bizim ailədə hamı ali təhsil alıb. 

– Siz o vaxtkı Teatr İnstitutunu bi­tirmisiniz.

– Bəli. Həm orada oxuyur, həm də mətbuata məqalələr yazırdım. “Ədəbiy­yat qəzeti”ndə, “Azərbaycan gəncləri”in­də yazılarım çap olunurdu. O zaman mən təqaüdlə yaşaya bilmədiyim, işləmək istədiyim üçün aspiranturadan çıxdım. Ailəmiz atamın adi müəllim maaşı ilə do­lanırdı, mənə pul göndərə bilmirdilər. 

Bir gün müəllimim Turan Cavid məni yanına çağırıb dedi ki, heç yerə getmə, burda muzeydə işlə, dissertasiyanı da yaz. Muzeydə işləyə-işləyə qəzetlərə yazır, qonorar da alırdım, Ordan da iki dəfə dövlət xətti ilə Moskvaya getdim. Mədəniyyət nazirinin yanına gedib dedim ki, Moskvaya getmək, opera rejissorluğu oxumaq istəyirəm. Bir aylıq ezamiyyə ka­ğızı ilə məni göndərdilər Rusiyaya. Gedib Sankt-Peterburq konservatoriyasına qə­bul olundum. Oranı bitirəndən sonra təyi­natımı Sverdlovsk operasına verdilər. Bir müddət işləyib, qayıtdım vətənə. Burda opera qoydum, çox uğurlu alındı. Mədə­niyyət naziri Zakir Bağırov çağırıb dedi ki, Heydər Əliyev sənin burda qalıb, işləmə­yini məsləhət görüb. Mənə ev də verdilər. 

Bir müddət sonra müsabiqə üçün “Karmen” operasını işlədim. Sonra tale yolları məni Moskvaya apardı. Bir gün tamaşa zamanı dedilər Heydər Əliyev səni görmək istəyir, dərhal getdim yanı­na. Dedi ki, axı, mən səni Bakıya dəvət etmişdim, burda neynəyirsən? Dedim müsabiqə vardı, mən də müsabiqədən uğurla keçdiyim üçün bura dəvət etdilər. “Yaxşı” dedi. Orda işləyə-işləyə müxtə­lif ölkə operalarına dəvət aldım, amma Yəməni seçdim. Sonra da Türkiyə, An­kara... 

– Siz Yəməndə ilk dövlət teatrının əsasını qoydunuz?

– Elədir. O vaxta qədər Yəməndə te­atr yox idi. İstedadlı uşaqları seçib onlara aktyorluqdan dərs keçməyə başladım. Eyni vaxtda “O olmasın, bu olsun” mu­siqili komediyasının tərcüməsinə baş­ladıq. Onun parçaları ilə tələbələrimlə etüdlər keçdik. Parça-parça hazırladıq komediyanı, sonra da onları bağladıq pərdələrlə bir-birinə. 1981-ci martın 10-da – Ümumdünya Teatr günündə tama­şanın premyerası oldu. Orda SSRİ-dən gəlmiş bir azərbaycanlı, Mərkəzi televi­ziyada işləyən müxbir vardı. Tamaşadan hissələri çəkib Moskvaya, televiziyaya göndərdi. Bu, böyük rezonans doğurdu.

Mən Yəmən teatrında 20-yə qədər əsəri tamaşaya qoydum, sonuncusu Şeksprin “Otello”su oldu. Ardınca məni Misirə dəvət etdilər, amma səfir imkan vermədi. Dedi ki, heç yerə getməyəcək­sən, səni bura biz dəvət etmişik, burda da işlə. 4 il işlədim Yəməndə. Sonra yoldaşım xəstələndi, oralar çox isti olur deyə, qayıtdıq Bakıya, mən daha geri dönmədim. 

– Əflatun müəllim, sizinlə “XalqTV”də olan və “YouTube”də yayım­lanan müsahibəyə baxmış dostum – Sumqayıt Dövlət Dram Teatrının rejissoru, Əməkdar artist Namis Şir­məmmədov mənə zəng vurub dedi ki, siz həm də Azərbaycan operasına ilk video material daxil edən sənətkarsı­nız. Sənət fəaliyyətinizdə daha hansı ilklər olub?

– Müəyyən yeniliklər olub. Vaxtını­zı çox almaq istəməzdim, çünki bunlar barədə internetdə bəzi materiallar var... Bir vaxt gəldi ki, məni Türkiyəyə dəvət etdilər. Ankara teatrında Süleyman Ələs­gərovun “Milyonçunun dilənçi oğlu” əsə­rini hazırladım. Türkiyənin o vaxtkı mədə­niyyət naziri də tamaşaya gəlmişdi. Mənə dedi ki, qal burda, getmə. 1991-ci il idi, dedim mənim Bakıda ailəm var, dedi gə­tirərik. Beləcə, Bakının razılığı ilə Ankara Opera Teatrına getdim. 

İlk dəfə azərbaycanlı gənclərin Tür­kiyədə təhsil almasına kömək edənlər­dən biri də mənəm. Orada Azərbaycana cəmi15 yer verilmişdi. Sayın artırılması­na nail olduq. Hər il 250-300 tələbə hərbi və tibbi sahə üzrə ali məktəblərə qəbul edildi. Ulu öndərin qayğısı sayəsində tələbələrə təqaüd də ayırdılar. Həm Tür­kiyə, həm Azərbaycan dövləti tələbələrə təqaüd verdilər. 

– Türkiyədə də operalar səhnələş­dirmisiniz...

– 2-ci dəfə ora dəvət ediləndə Mersin Dövlət Opera və Balet teatrını qurmağı xahiş etdilər. Burdan mədəniyyət naziri Polad Bülbüloğlu icazə vermədi. Tür­kiyənin mədəniyyət naziri özü gəldi, məni apardı. Ev də verdilər mənə. Teatrın bi­nası çox gözəl idi. Mersin Opera və Balet teatrını “Arşın mal alan”la açdıq. Orda çox tamaşalar hazırladım, ən böyük uğu­ru isə “Koroğlu” operası qazandı. 

– Ulu öndər haqqında “Üstün zəka” adlı maraqlı bir kitab yazmısınız... 

– Mən Ulu öndərlə Bakıda 1988-ci ildə tanış olmuşam. O vaxt Gürcüstanda dok­torluq işimin müdafiəsinə gedib-gələndə bir tamaşada bizi Eduard Şevardnadze ilə tanış etdilər. Səmimiyyətindən istifadə edərək ona dedim ki, Qorbaçov Siyasi Büroda Heydər Əliyevin üstünə gedəndə siz onu müdafiə etməmisiniz. O da dedi ki, Qorbaçov qəliz adamdır... Bu söhbət də daxil olmaqla Heydər Əliyev haqqın­da bildiklərimi, onunla bağlı xatirələrimi qələmə alır, bəzən Türkiyə qəzetlərində dərc elətdirirdim. 

Bir gün Heydər Əliyevin tapşırığı ilə Süleyman Dəmirəl haqqında məqalə yazdım. Naxçıvana gələndə ona bu barə­də məlumat veriblər, o da qəzeti görmək istədiyini bildirib. Ulu öndər mənə zəng vurub dedi: “Süleyman Dəmirəl səni köş­kdə gözləyəcək, apar o yazını, ona oxu”. “Türk dünyasını tacı baba Süleyman” adlı məqaləmi oxudum Süleyman Dəmirələ, alnımdan öpdü. Fürsətdən istifadə edib Süleyman Dəmirələ dedim ki, əsgəri okullar Azərbaycana cəmi 50 yer ayırır, azdır. Dəmirəl oradaca göstəriş verdi və 500 yer ayırdılar, yataqxana da tikdilər. Bu da 30 il sonra Qarabağda gerçək­ləşən zəfərimizə hələ o vaxt verdiyimiz töhfə sayıla bilər. 

– Mətbuatda 100-dən çox məqalə­niz çıxıb. Türkiyədə opera sənəti barədə kitabınız da çıxıb, deyəsən. Xatırlayırıq ki, siz 1970–1980-ci illər­də Azərbaycan Dövlət Televiziyasında "Opera haqqında söhbətlər" silsilə verlişlərinin aparıcısı olmusunuz. Ki­tabı yazanda bu təcrübə köməyinizə gəldimi?

– Əlbəttə. O kitabı yazmağı mənə tanınmış həkim-pediatr, ictimai xadim İh­san Doğramaçı sifariş vermişdi. Demiş­dim ki, Ankarada opera qurduq, amma Türkiyədə opera rejissoru yoxdur. Ən azı 10-15 müəllim yetişdirmək lazımdır. Dedi, məktəb aç, kimi istəyirsən, dəvət et. Etdik, qurduq, sonra baxdıq ki, dərslik yoxdur. Dedilər, onu da özün yaz. Bir aya “Opera sənəti” kitabını yazdım. 

O zaman Bilkənt universietində ça­lışırdım. Qazi universitetinin rektorunun dəvət ilə orda da teatr bölümünü qurduq. Təsəvvür edin ki, konservatoriyada teatr bölümü var, amma müəllim yoxdur. Orda da gündə 2 saat dərsimi keçirdim, təzə­dən məni qaytarırdılar Bilkənd universi­tetinə. Yoldaşım nevropatoloqdur, onu da işə götürmüşdülər... 

– Həm sənətdə, həm elm sahəsin­də məhsuldar fəaliyyətlə yanaşı, di­aspor fəaliyyətiniz də olub...

– Hə, bir Azərbaycan yardımlaşma və mədəniyyət dərnəyi qurmuşduq. Dərnək Türkiyə ilə Azərbaycan arasında işgüzar əlaqələr yaratdıq bu xətlə. Azərbaycan­dan bütün yazıçı, şair, sənət adamlarının yaradıcılıq gecələrini keçirdik.

– Bu fəaliyyətinizə görə sizə veril­miş TÜRKSOY-un yubiley medalı halal haqqınızdır. Bu barədə nə deyə bilər­siniz?

– Nə deyim? 2014-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən Ankarada mənim yaradıcılığı­mın 50, ömrümün 70 illiyinə həsr olun­muş tədbir keçirilib və tədbir zamanı türk dünyası qarşısında səmərəli fəaliyyətimə görə həmin yubiley medalı təqdim olunub. Orada səhnəyə qoyulan “Koroğlu” opera­sında bütün türk dövlətlərindən sənətçilər oynayırdılar. Ardınca biz, demək olar ki, bütün türk dövlətlərində oynadıq o tama­şanı. TÜRSOY-un layihəsi idi. 

– Sizin “İllərdə izlər”adlı maraqlı kitabınız da var, bütün həyat hekayə­niz orada əksini tapıb. Eyni zamanda cənab İlham Əliyev haqqında türkcə “Siyasət səmasında parlayan ulduz” kitabınız işıq üzü görüb. Bu kitabı necə yazdınız?

– İlk vaxtlar İlham Əliyevin fəaliyyətini Türkiyədə çox bilmirdilər. Mətbuatda bu barədə səhifə-səhifə yazılar verdim. Bir türk dostum dedi ki, bunları topla və bir kitab elə. Beləcə, fikir formalaşdı, yaz­dıqlarımı bir yerə yığıb, kitab halına gətir­dim. Ankaradakı dostlar da çapını təşkil etdilər. Çox nəfis şəkildə çap olunub. 

– Bəs, Azərbaycanın bugünkü qələbə ruhu ilə bağlı nəsə yaratmaq fikriniz varmı?

– Azərbaycan həqiqətləri Türkiyədə, eləcə də dünyada daha geniş təbliğ edil­məlidir. Bu baxımdan mən də əlimdən gələni etməyə hazıram. Bəzi fikirlərim var, amma indidən açıqlamaq istəməz­dim.

– Əflatun müəllim, maraqlı söhbətə görə təşəkkür edirəm!

 

Müsahibəni apardı:
Əli NƏCƏFXANLI
XQ



Müsahibə