Dünya Zəngəzur dəhlizinin açılmasını intizarla gözləyir

post-img

Fikrət Yusifov, 
[email protected]

Bu körpü Şərqlə Qərbi daha da yaxınlaşdıracaq

Bu gün Şərqdə olduğu kimi, Qərbdə də Zəngəzur dəhlizinin açılmasının dünya ticarətinin inkişafında ciddi bir dönüş yaradacağına böyük inam formalaşıb. Zəngəzur dəhlizindən keçib Şərqlə Qərbi birləşdirən Orta Dəhliz onun təşəbbüskarları və iştirakçıları üçün nə deməkdir? Nədən Amerika Birləşmiş Ştatları bu il sentyabr ayının 9-da Hindistanın paytaxtı Nyu Dehlidə “Böyük İyirmiliy”in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı sammitində Çinin təşəbbüsü ilə hələ 10 il bundan öncə irəli sürülən “Bir kəmər, bir yol” layihəsinin qarşısına Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi adlanan nəqliyyat xətti layihəsini çıxartdı? Bütün bu suallara hər iki layihənin iqtisadi göstəricilərini təhlil etməklə cavab vermək mümkündür.

Əvvəlcə illik xarici ticarət döv­riyyəsi 6,3 trilyon dollardan çox olan Çindən Avropaya bir trilyon dollara qədər dəyərində yüklərin ən qısa quru yolla daşınmasını tə­min edə biləcək və əsas qolunun Zəngəzur dəhlizindən keçəcəyi “Bir kəmər, bir yol” layihəsi barədə. 

Bu məqamda onu deyək ki, bu yolla daşımalar vaxtın 3 dəfəyə qədər qısaldılmasına, investorların qazancının 3 dəfəyə qədər artma­sına imkan verəcəkdir. Bu, inves­torlar üçün yüz milyardlarla dollar həcmində ölçülən yeni qazanc mənbəyinin yaranması deməkdir. Belə olan halda dövlət büdcəsi 5 milyard dollar ətrafında müşahidə edilən Ermənistan bu gün Zəngə­zur dəhlizinin açılması ilə bağlı nü­mayiş etdirdiyi siyasi oyunbazlıqla heç nəyə nail ola bilməz. Bu dəhliz mütləq açılacaq. Təbii ki, Ermənis­tan ağıllı davranarsa, bu dəhlizin fəaliyyətindən böyük iqtisadi və si­yasi dividentlər əldə edə bilər. Yox, əgər Ermənistan öz məkrindən xilas olmasa, Türkiyə Prezidenti R.T.Ərdoğanın dediyi kimi, bu dəh­liz İran ərazisindən keçəcək və bu­nunla da problem həllini tapacaq. Baxın, Zəngəzur dəhlizinin Ermə­nistan üzərindən keçməsinə qar­şı olan İran onun öz ərazisindən keçməsinə razılıq verdi. Çünki bu dövlət sözügedən layihənin həm iqtisadi, həm də siyasi əhəmiyyə­tini yaxşı dərk edir.

Bu gün Çin iqtisadiyyatı real olaraq dünya nəhəngi hesab edilən ABŞ iqtisadiyyatını üstələ­yir. Beynəlxalq statistikada Alı­cılıq Qabiliyyəti Prioriteti adlı bir göstərici mövcuddur. Bu göstə­riciyə əsasən, dünyanın müxtəlif ölkələrində istehsal olunan Ümu­mi Daxili Məhsulun həcmi həmin məhsulların ABŞ bazarındakı qiy­mətləri ilə ölçülərək, onların real dəyəri müəyyən olunur. Belə bir yanaşmanın səbəbi isə odur ki, bütün ölkələrin milli valyutalarının məzənnəsi dünya ölkələri tərəfin­dən rəsmi qəbul olunmuş ABŞ dollarına nəzərən müəyyən edilir. 

Başqa sözlə, məsələn, əgər bu gün Çində istehsal olunan hər han­sı bir məhsulun dəyəri Çin bazarın­da 1 dollardırsa, həmin məhsulun ABŞ bazarında qiyməti bundan iki dəfəyə qədər yüksək ola bilər. Bu yanaşma ilə hazırda Çin Amerika Birləşmiş Ştatlarından 10 trilyon dollardan çox Ümumi Daxili Məh­sul istehsal edir. Təbi ki, Çinin son bir neçə on ildə belə sürətlə inkişa­fı ABŞ-ı ciddi əndişələndirir. 

Buna görə də indiyədək Çin iqtisadiyyatının sürətli inkişafı­nın qarşısını almaq məqsədilə bir neçə dəfə müxtəlif maneələr yaradılıb. İllər öncə Çində peyda olmuş qorxulu “Quş qripi” əslində Çin iqtisadiyyatını ən azı 50 il geri salmağa hesablanmış bir addım idi. 2019-cu ilin sonlarından ko­ronavirus pandemiyasının məhz Çindən başlaması da təsadüfi sa­yıla bilməz. D.Trampın hakimiyyəti dövründə Çinlə ABŞ arasındakı ticarətdə ortaya atılan “rüsum mü­haribəsi” yenə də Çin iqtisadiyyatı­nın inkişafında müəyyən əngəllərin yaradılmasına hesablanmış addım idi. Lakin Çin hakimiyyəti hər dəfə qarşısına çıxan bu problemlərin həllinin uğurlu yollarını tapa bildi. 

Çin iqtisadiyyatının inkişaf sürətini əngəlləməyə hesablan­mış son addım rəsmi Pekinin bey­nəlxalq ticarət əlaqələrini zəiflət­mək məqsədilə cari ilin sentyabr ayında Hindistanda keçirilən G20 sammitində Birləşmiş Ştatlar tərə­findən Hindistan–Yaxın Şərq–Av­ropa İqtisadi Dəhlizi adlı layihəni ortaya çıxarmaqla atılmış oldu.

ABŞ-ın Çinin 8 trilyon dollardan artıq vəsait xərclənəcək, 60-dan çox ölkənin iştirakı ilə reallaşdırıla­caq “Bir kəmər, bir yol” layihəsinin qarşısına çıxardığı bu alternativ yol layihəsi iqtisadi cəhətdən nə qədər səmərəli ola bilər? Öncə onu deyək ki, Hindistanın bu gün xarici ticarət dövriyyəsi Çinin xarici ticarət dövriyyəsindən 5,3 dəfə, ix­racı isə 8 dəfəyə qədər azdır. Daha sonra, ABŞ-ın təklif etdiyi yeni da­şıma layihəsi ilə yüklər 3 nəqliyyat vasitəsi ilə iki dəfə su və iki dəfə quru yolla daşınaraq Avropaya çatdırıla bilər. Yəni Hindistandan Birləşmiş Ərəb Əmirliklərinə su yolu ilə çatdırılacaq konteynerlər, oradan dəmir yolu ilə Səudiyyə Ərəbistanı vasitəsilə İordaniyaya, buradan isə yenidən quru yolla İs­railə daşınacaq və sonda bu yüklər İsraildən Yunanıstana yenidən su yolu ilə daşınmalı olacaq. 

Marşurutun çətinlikləri bunun­la bitmir. Hazırda Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanı arasında dəmir yolu xətti yoxdur və deməli, bu iki ölkə arasında yüklər ya avtomobil yolu ilə daşınmalı, ya da onların arasında yeni dəmir yolu xətti çəkilməlidir. Layihənin daha bir ciddi problemi isə yüklərin keçəcəyi 6 ölkə arasında gömrük anlaşmasının olmamasıdır. Bütün bunlar layihənin reallığını ciddi şübhə altına alır.

Şərqlə Qərbi birləşdirəcək ən yaxın və iqtisadi cəhətdən səmərə­li quru yol Türkiyə üzərindən keçə bilər. Bu mənada Çinin 10 il öncə təklif etdiyi və əsas xətlərindən bi­rinin Zəngəzur dəhlizindən keçə­cəyi “Bir kəmər, bir yol” layihəsinin alternativi yoxdur. Xatırladaq ki, Çinin 10 il öncə irəli sürdüyü bu la­yihəni hamıdan öncə Azərbaycan dəstəkləmişdi.

Siyasət