Bədən və ruhun harmoniyası - Mandala

post-img

Mandala bədənimizin və ruhumuzun harmoniyasını daim vəhdətdə saxlayan, insan şüuruna müsbət təsir edən mühüm vasitədir. Bu vasitə ilə yaranan şəkillər, təsvirlər və s. bədənimizdə olan tarazlığı, tanrının və təbiətin insana bəxş etdiyi ahəngi göstərir. Bu sahə ilə məşğul olan klinik psixoloq Aytən İdrisli mandala sənəti adlı workshoplar təşkil edir, mandalanın fəlsəfəsi və faydaları haqqında geniş məlumat verir. Aytən xanımla bu barədə olan söhbətimizi oxuculara təqdim edirik: 

- Aytən xanım, mandala nədir və necə yaranıb?

- Hinduizm və Buddizmdə ritual və meditasiya məqsədləri üçün istifadə edilən simvollara mandala deyilir. Mandala Sanskrit dilində "dairə" deməkdir. “Manda” enerji və ya mahiyyəti, “La” isə gəmi anlayışını ifadə edir. 

İnsanlar ta qədim zamanlardan divar və qaya üzərində çəkdikləri müxtəlif heyvan fiqurları və digər şəkillər vasitəsilə bir-biri ilə ünsiyyət qurmağa çalışırdılar. Ova getməzdən əvvəl divar üzərində ovlamaq istədikləri hansısa bir heyvanın rəsmini çəkir və onu dairəyə alırdılar. Həmin dairə mandala adlanır. Ətrafında çəkdiyimiz çevrə isə bir nöqtədən başlayaraq, digər nöqtəyə gəlməyimizi göstərir. Mandalaların çevrəsi bəzən dördkünc şəkildə də olur. Bu da eril(kişilik) enerjisini təmsil edir. Dairəvi şəkildə ola çevrə isə dişil(qadın) enerjisini göstərir. 

- Mandalalardan daha çox harda istifadə olunur?

- Yunan mifologiyasında da mandalalardan istifadə olunub. Bir mandala çəkilib, içərisində ana bətnində olan körpə təsvir olunub. Bu da yunanlarda artımın daha çox olduğunu göstərir. 

Mandalalar həmçinin, İslam dinində də istifadə olunur. Ərəb əlifbasında olan yazılar çevrə içərisində hazırlanır. Etdiyimiz duaları, istəkləri o dairənin  içərisinə alıb, mandala formasında hazırlayırlar. 

İnsanın göz quruluşu - göz və onun çevrəsi ilk mandalamızdır.

İnyong adlanan mandalalar da var ki, ağın içində qara və ya əksinə qaranın içində ağı göstərir. Bu da həyatımızda olan hər bir şeyin təzad təşkil etdiyinin bariz nümunəsidir. İnyong daha çox bunu təmsil edir. Məsələn, hər yaxşılığın içində bir pisliyin, hər xeyirdə bir şərin olduğunu görmək mümkündür.

-Mandala olmasa idi nə baş verərdi?

-Mandala eyni zamanda, kainatın harmoniyası deməkdir. Yəni, insan düşüncəsində, istəklərində və s. hər şeyin tarazlıqda olduğu aydın şəkildə ifadə olunur. Mandala rəsmlərinə diqqətlə baxsaq kainatda olan bütün ziddiyyətlərin - mənfi-müsbət, gecə-gündüz, xeyir-şər, qadın-kişi və s. qarşılığını görə bilərik. Bütün bunlar həyatımızda və yaşam tərzimizdə eyni anda olmasa, daxilimizdə olan  tarazlıq bir anda pozula bilər. Məsələn, insan bədəninə diqqət yetirsək bunun şahidi ola bilərik. Hər bir canlının iki əli, iki ayağı, iki gözü və s. var. Kənardan baxdığımız zaman isə görərik ki, ortadan bir xətt keçir. Yəni orda olan hər şey bir dənədir. Kənarda olanlar isə iki dənədir. Bu da Tanrının və təbiətin insana bəxş etdiyi möhtəşəm bir ahəngdir. Onlardan biri olmazsa bədənimizdə olan tarazlıq, ahəng pozular. 

-Mandalanın insan şüuruna təsiri nədən ibarətdir?

-Mandala eyni zamanda insanın baş quruluşunu da xatırladır. İnsan beyni iki hissəyə ayrılır: sağ və sol hissə. Sol tərəf daha çox məntiq, ideya və analitik düşüncəmizlə, sağ tərəf isə intuisiya, yaradıcılıq, incəsənət və duyğusallıq ilə əlaqəlidir. Sağ və sol beynimizi eyni anda inkişaf elətdirmək üçün mandala köməyimizə çatır. Bu rəsmləri çəkərkən beynimizin hər iki hissəsində tarazlıq yaranmağa başlayır və beynimiz güclənərək, aktiv fəaliyyət göstərir. 

Mandala həm də insanın ruhunu tanımasında önəmli rol oynayır. Bu zaman  üçüncü göz aktivləşir və sezgilərin rolu artır.

-Mandala haqqında başqa nələri bilməliyik?

-Mandalanın bindu adlanan forması da var ki, bunun da mənası yaratmaq, başlamaq deməkdir. İçəridən kənarlara doğru xətlər çəkərək hər iki istiqamət eyni olmaqla yeni mandalamızı yaratmağa başlayırıq. İnsan özü şəxsi mandalasını nə cür təsvir edirsə o formada da yarada bilər. Çəkdiyimiz rəsmi çevrə daxilinə salıb, iki, dörd və bir neçə hissəyə bölərək içərisini müxtəlif rənglərlə bəzəyə bilərsiniz. Burada orta hissədə yuxarıdan aşağıya qədər şaquli istiqamətdə çəkilən xətt göy və yeri ifadə edir, üfüqi istiqamətdə çəkilən xətt isə ilin dörd fəslini və çoxalmanı göstərir. 

Psixoloq Karl Qustav Yungun dediyinə görə mandalalar daxili aləmimizi və ruhumuzu açıb göstərən bir vasitədir. O, psixoanaliz sayəsində mandalalardan istifadə edərək, alzhaemir xəstələri ilə məşğul olmuş və onların daxili aləmini açıb, göstərmişdir. Amerikada da bu tip xəstələrdə yaddaşı gücləndirmək üçün mandalalardan istifadə olunur. 

Fidan HÜQUQQIZI,

XQ

   

 





Mədəniyyət