Ukrayna Ali Radasının komitəsi Baş nazirin istefasını təsdiq edib

post-img

Ukrayna Ali Radasının dövlət quruculuğu, regional siyasət və yerli özünüidarəetmə Komitəsi Baş nazir Denis Şmıqalın istefasını təsdiqləyib.

AZƏRTAC bu barədə xalq deputatı Yaroslav Jeleznyakın “Telegram” kanalına istinadla xəbər verir.

“Dövlət quruculuğu Komitəsi Baş nazir Denis Şmıqalın istefasını təsdiqləyib”, - deyə xalq deputatı qeyd edib. O əlavə edib ki, Ali Radada D.Şmıqalın istefasını qəbul etmək üçün səsvermə də bu günə, iyulun 16-na təyin edilib.

Qeyd edək ki, bu həftə Ukrayna hökumətində dəyişiklik gözlənilir. Belə ki, iyulun 14-də Prezident Volodimir Zelenski Baş nazirin birinci müavini Yuliya Sviridenkoya hökumətin başçısı postunu tutmağı təklif edib. Parlament bu təyinatı dəstəkləsə, o, bu vəzifədə D.Şmıqalı əvəzləyəcək.

D.Şmıqal Müdafiə Nazirliyinə rəhbərlik edə bilər, hazırda nazirliyə rəhbərlik edən Rustem Umerov isə Ukraynanın ABŞ-da səfiri olacaq. Bundan başqa, üç nazirliyin - İqtisadiyyat, Aqrar Siyasət və Ekologiya nazirliklərinin birləşdirilməsi gözlənilir.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya