Özbəkistan televiziyasında Azərbaycanın işğaldan azad olunan Qarabağ bölgəsinə veriliş həsr olunub

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə bir qrup özbəkistanlı KİV nümayəndəsi növbəti dəfə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib. Səfər çərçivəsində bir sıra reportaj və veriliş hazırlanıb. 

Özbəkistan Dövlət Televiziyasının «Mənbələr sözləşəndə» adlı verilişi Azərbaycanın 30 ildən sonra Ermənistanın işğalından azad olunmuş Ağdam, Füzuli, Şuşa və Laçın rayonlarına həsr olunub. Aparıcı tanınmış jurnalist Dildora Həsənova televiziya verilişində bu rayonlarda işğalın ağır nəticələri, infrastrukturun tamamilə dağıdılması və Azərbaycan dövləti tərəfindən reallaşdırılan yenidənqurma layihələrini geniş işıqlandırıb. 

Materialda Ağdam şəhərində vandallığa və təhqirə məruz qalmış tarixi və dini abidələr, Cümə məscidinin vəziyyətinə nəzər salınır, Ağdamda həyata keçirilən yenidənqurma işləri ilə bağlı məlumat verilir. 

Verilişdə  Füzuli rayonunun ermənilər tərəfindən dağıdılan kəndləri, tamamilə məhv edilən şəhərin görüntüləri nümayiş etdirilir. Jurnalist reportaj hazırlayarkən təkcə binaların, infrastrukturun deyil, təbiətin də işğalçılar tərəfindən məhv edildiyini göstərir,  qarşılaşdığı mənzərənin nə qədər dəhşətli olduğunu vurğulayır. 

Verilişdə yeni qurulmuş Füzuli Beynəlxalq Aeroportu, Özbəkistan dövlətinin vəsaiti hesabına tikilmiş Füzuli şəhər Mizrə Uluğbəy adına 1 saylı orta məktəb və Füzulidə görülən yenidənqurma, tikinti işləri ilə də bağlı ətraflı məlumat verilir.

Şuşa şəhərində olan D.Həsənova  Şuşanın Azərbaycanın qədim şəhəri olduğunu vurğulayaraq bu diyarın Azərbaycan mədəniyyətinin, musiqisinin beşiyi sayıldığını qeyd edir, Şuşanın əsrarəngiz təbiətindən söz açır. 

Jurnalist Laçında Azərbaycan dövləti tərəfindən aparılan yenidənqurma işləri, böyük qayıdışla bağlı geniş reportaj da hazırlayıb.

Qulu Kəngərli

“Xalq qəzeti”nin xüsusi müxbiri 

Daşkənd







Mədəniyyət