Azərbaycan yazıçılarının əsərlərinin də daxil olduğu “MDB ölkələri xalqlarının ədəbiyyatının antologiyası” Birlik məkanında “İlin Kitabı” elan olunub

post-img

Azərbaycan yazıçılarının əsərlərinin də daxil olduğu “MDB ölkələri xalqlarının ədəbiyyatının antologiyası” bu günlərdə Moskvada keçirilmiş MDB ölkələri və Gürcüstanın Beynəlxalq Uşaq və Gənclər Kitab Forumunda “İlin Kitabı” elan olunub.

Rusiya paytaxtından qayıdan uşaq yazıçısı, “Everest” nəşriyyat evinin baş redaktoru professor Solmaz Amanova bildirib ki, onunla yanaşı, ölkəmizi forumda Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Azərbaycan Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin baş məsləhətçisi İslam Hüseynov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Zahidə Dadaşova və bədii illüstrator Nərminə Abdullayeva təmsil ediblər.

Rus dilinin 2023-cü ildə Müstəqil Dövlətlər Birliyində millətlərarası ünsiyyət dili elan edildiyini xatırladan Solmaz Amanova qeyd edib ki, tədbirlərin bir qismi birinci Moskva Beynəlxalq Uşaq Kitab Yarmarkası və “III Birliyin Oxucular Assambleyası” çərçivəsində “Eksposentr” Mərkəzi Sərgi Kompleksi və Rusiya Dövlət Uşaq Kitabxanasının platformalarında keçirilib.

“MDB-də mütaliə mədəniyyəti: ümumi keçmişdən böyük gələcəyə” mövzusunda plenar iclası Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy aparıb. Solmaz Amanova və Azərbaycan nümayəndə heyətinin digər üzvləri məruzələrlə çıxış ediblər. Xüsusən yazıçının “Tarixin gücü: “İrs” seriyasından Solmaz Amanovanın nağılları” mövzusunda məruzəsi maraqla qarşılanıb.

Forumun yekunlarına görə ümumi mədəni irsin formalaşdırılması və inkişafı üzrə gələcək qarşılıqlı fəaliyyət barədə qətnamə qəbul edilib. Bəzi naşirlər MDB ölkələri yazıçılarının kitablarını nəşr etmək istədiklərini bildiriblər, çünki uzun illər ərzində uşaq kitabxanaları Birlik ölkələrinin uşaq nəşrlərini əldə etməyiblər.











Mədəniyyət