Tarixi faktlara rəng verən rəssam

post-img

Ölkəmizdə rəssamlıq sənətini yüksəklərə qaldıran,  bu peşəni   Azərbaycandan kənarda layiqincə təmsil edən görkəmli rəssamlarımız çox olub. Bu məktəbin layiqli davamçılarından biri də rəssam Nihad Əliyevdir. 

Portret janrında rəsmlər çəkməyə üstünlük verən rəssam ərsəyə gətirdiyi əsərlərdə gizlənən incə detallar haqqında izləyiciləri məlumatlandırır, onlarda həmin əsər haqqında bədii fikir formalaşdırır. Kompozisiyalı portretlərin  onun həyatında  mühüm yer tutduğunu deyir. Dahi bəstəkarları, yazıçıları, elm və incəsənət adamlarını, tarixi şəxsiyyətləri tablolarında əbədiləşdirir. 

Nihad Əliyev 1986-cı ildə Göyçay şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Ali təhsilini iqtisadiyyat sahəsi üzrə alsa da, uşaqlıq hobbisi olan rəssamlığa  marağı onu rahat buraxmır. Rəssam deyir ki, bu sənət onun üçün hər şeydir. Onu  həyata bağlayan çəkdiyi rəsm əsərləridir. Həmin əsərlərdən ilhamlanaraq böyük uğurlar əldə edir. Ürəkdən çəkilən rəsm əsəri qazanc xatirinə çəkilən rəsm əsərindən daha dəyərli olur. 

O, opera əfsanəsi Pleçido Dominqoya həsr olunan “Lirik-dramatik tenor və bariton”, dahi italyan bəstəkarı Ennio Morrikonenin əks olunduğu “Tanrının İtaliyaya bəxş etdiyi sərvət”, alman ədəbiyyatının əfsanəsi Hötenin canlandırdığı  “İohann Volfanq Höte”, dünya şöhrətli memar və dizayner Zaha Hadidin şərəfinə çəkilən “Mənim ən sevimli layihələrim”, fransız heykəltəraşı Frederik Ogüst Bartoldinin təsvir olunduğu “Dünyanı işıqlandıran azadlıq”, türk ordusunun yenilməz qəhrəmanı Nuru Paşaya həsr olunan “Qələbəyə baxış”, “Bakının işğaldan azad edilməsi” və digər son dərəcə maraqlı rəsm əsərlərinin müəllifidir.   

Rəssam 36 xarici ölkədə – Türkiyə, Ukrayna, Rusiya, ABŞ, Hindistan və digər yerlərdə keçirilən  beynəlxalq sərgilərdə, müsabiqələrdə ölkəmizi layiqincə təmsil edib, diplom və mükafatlarla təltif olunub. Məktəblilər arasında keçirilən sərgilərdə, müsabiqələrdə münsiflər heyətinin üzvü və rəhbəri qismində çıxış edən Nihad Əliyev  Fransanın paytaxtı Parisin mərkəzində yerləşən, dünyanın ən böyük və ən zəngin muzeyləri sırasında olan, Mona Lizanın evi kimi tanınan Luvr Muzeyində keçirilən sərgilərdə uğurla iştirak etdiyi üçün, sertifikatlarla təltif olunub. 18 dəfə Hindistanda keçirilən beynəlxalq müsabiqədə münsif kimi iştirak edib.

“Qafqaz Media İctimai Birliyi” tərəfindən, “İlhamlı Azərbaycan” döş nişanı və “Xarı Bülbül” medalı ilə mükafatlandırılıb. 2020-ci ildə “Caspian Awards 2020” Azərbaycan layihəsində “İlin Peşəkar Rəssamı” adına layiq görülüb. 2021-ci ildə, Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarıyla, rəssamlıq sahəsində göstərdiyi uğurlu fəaliyyətinə görə, “İlin Adamı” media mükafatı ilə mükafatlandırılıb. 2021-ci ildə "Diamonds of Turkey Awards 2021" Azərbaycan layihəsində "Türkiyənin Brilliant Simaları" mükafatına layiq görülüb.

Almaniya Beynəlxalq Ədəbiyyat, İncəsənət və Kommunikasiya Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Qızıl fırça” mükafatı laureatıdır.

Fidan HÜQUQQIZI, 
“Xalq qəzeti”

 















Mədəniyyət