Hacı Zeynalabdin Tağıyevdən akademik Azad Mirzəcanzadəyə uzanan neft körpüsü

post-img

Əlbəttə, kim təsdiq edə bilər ki, müsbət elmi əsaslar olmadan bizim neft sahələrimiz bundan sonra onilliklər ərzində neft sənayesinin bütün tələbatını ödəmək gücündədir.

Hacı Zeynalabdin Tağıyev

 

Bəri başdan deyək ki,  Azərbaycanın tarixi şəxsiyyətləri sırasında özünəməxsus yeri olan  Hacı Zeynaladin Tağıyevlə akademik Azad Mirzəcanzadə arasındakı ortaq mənəvi dəyərləri və bağları görməkdə, necə deyərlər, iki tarixi şəxsiyyət arasındakı neft körpüsünü qurmaqda bizə Tağıyev haqqında bu il nəşr olunan “Neft sənayesinin təxirəsalınmaz ehtiyacları”, həmçinin E.Şahbazov və E.Kazımovun “Akademik Azad Mirzəcanzadə – neft elinin fenomani” kitabları yol göstərmiş, bələdçilk etmişdir.

Məlum olduğu kimi, 1823-cü ildə Bakıda başmaqçı ailəsində dünyaya göz açan Hacı Zeynalabdin Tağıyev  uşaqlıqdan bənnalıq edib, daha sonra inşaat ustası və təşkilatçısı kimi fəaliyyət göstərib. Daha sonra o, 1872-ci ildə iki nəfərlə şərik olaraq Bibiheybətdə torpaq payı icarəyə götürür, quyu qazdırmağa başlayır. Amma uzun müddət keçməsinə baxmayaraq, neft çıxmır. Rəqibləri Hacının müflis olacağını bildirir, şəriklərində isə ümidsizlik yaranır. Onların öz paylarını satmağa müştəri axtardıqlarını biləndə Tağıyev şəriklərinin pulunu verərək, tamamilə buruğa və yerə yiyələnir. Neft hasilatı ləngisə də, Hacı darıxmır, dözür, fəhlələrin pulunu heç vaxt gecikdirmir. Nəhayət, quyu gözlənilmədən fontan vurur. Bununla da başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin Bakının ən varlı adamlarından birinə, gələcəkdə isə Azərbaycanın ən nüfuzlu biznesmeninə çevrilir.

Əslində, bu adi həyat həqiqəti, səbr və dözümlülük, sabaha inam hissi bir insanın həyatında dönüş nöqtəsi olur və istər-istəməz bir yunan filosofunun  ”ən yeni qərarlar qəbul etməyi bacarmayanları gələcəkdə ən yeni problemlər gözləyir” ifadəsini yada salır.  

İlk baxışda uşaq nadincliyi kimi gözə çarpan belə bir dönüş nöqtəsinə Azad Mirzəcanzadənin taleyində də rast gəlmək olur. “Azad müəllimin xairələrindən”: “1936-cı ildə mən Bakının 14 nömrəli məktəbinin 1-ci sinfinə getmişəm. Bütün hərfləri tanımağıma baxmayaraq, 2-ci sinfə kimi söz düzəldə bilmirdim. Yalnız yaxşı təfəkkür bu vəziyyətdən çıxış yolu tapmağa kömək edirdi. Yaxşı yaddaşım vardı və bu, mənə kömək edirdi. Bacım mənim üçün oxuyurdu və mən onun oxuduğu hər şeyi yadda saxlayırdım... 3-cü sinifdə oxuyanda qonşumuzgilə başqa şəhərdən bir qız qonaq gəlmişdi. Təbii ki, mən ona nəyə qadir olduğumu nümayiş etdirmək istəyirdim. Çox düşündükdən sonra qərara aldım ki, əgər pilləkənin məhəccərində başı üstə dursam, qızın xoşuna gələrəm. Təbii ki, heç nə alınmadı. Mən qəhrəmanlıq göstərərkən yıxıldım, ayağım sındı və üç ay gipsdə qaldı.   Amma bu hadisənin faydası böyük oldu, gipsdə ikən mən oxumağı öyrəndim.” 

Görünür, böyük şəxsiyyətlərin həyatında heç nə təsadüfi olmur.  Ümumiyyətlə,  elmlə məşğul olmağın, öyrənməyin vəzifəyə, yaşa baxmadığını, heç vaxt gec olmadığını biz Azad müəllimin həyat təcrübəsindən də görə bilirik.  

Bəllidir ki, Azad Mirzəcanzadə 23 yaşında elmlər namizədi, 29 yaşında elmlər doktoru adına layiq görülüb. Lakin bu görkəmli alimin ömür yolu, elmi fəaliyyəti heç də bir çoxlarının güman etdiyi kimi hamar olmayıb. Dəfələrlə haqsız maneələrlə üz-üzə gəlib. Bu işdə mənfur qonşularımızın payı az olmayıb. Müsahibələrindən birində “Sizin ideyalarınız hər zaman əngəlsiz qəbul olunubmu?” – sualını Azad müəllim belə cavablandırmışdı: “Bu mənada mənim əsasən bəxtim gətirib, amma düşünülmüş və məqsədyönlü şəkildə maneələr yaradıldığı da olub. Belə ki, 1951-ci ildə Y.A.Şvartsla birlikdə ”Yüksəktezlikli vibrasiyalı qazma” ixtira mövzusunda yeni texniki ideya işləmişdik. Bu təklif Neft Sənayesi Nazirliyinə mühəndis Qriqoryanın rəyi üçün göndərilmişdi. O, demək olar ki, mənfi rəy verdi. Buna baxmayaraq, problemin əhəmiyyətini nəzərə alaraq nazirin  12.07.1951-ci il tarixli ”Neft sənayesində vibrasiya metodunun tədbiqi” haqqında əmrinə əsasən, AzİNMAŞ-ın direktoru Danielyana vibroqazma texniki layihəsinin hazırlanmasının institutun iş planına daxil edilməsi barədə sərəncam verildi. Danielyan bu işi məhv etmək məqsədilə bu məsələyə nazirliyin Texniki İdarəsinin ixtiralar şöbəsinin müdiri Torosyanı da cəlb etdi. Sonuncu bu ideyanı birdəfəlik basdırdı. Bu hadisə ermənilərin uzaq məqsədləri naminə hələ o zamanlar da birləşə bildiyini aydın nümayiş etdirir.”  

Ermənilərin məkrli siyasət yeritməsinə baxmayaraq, görkəmli alim dünyanın bütün neft ölkələrində “Mirzəcanzadə mayeləri” kimi tanınmış özlü-plastik mayelərin hərəkətinə həsr olunmuş tədqiqatın müəllifi kimi tanınıb və həmin elmi axtarışların uğurlu nəticəsi açıq dənizdə – Neft Daşlarında öz təsdiqini tapıb.  

Akademik Azad Mirzəcanzadə neft-qaz yataqlarının başlanğıc və mövcud vəziyyətini, eləcə də layların neft və qaz-kondensat veriminin gələcəkdə maksimum artırılması nəzərə alınmaqla işlənilməsinin nəzəriyyə və təcrübəsinə çox mühüm yeniliklər gətirib, qaz-kondensat və qeyri-Nyuton neftli yataqların işlənməsi nəzəriyyəsini, mürəkkəb şəraitdə quyuların qazılmasının hidrodinamik əsaslarını işləyib hazırlayıb. Onun təşəbbüsü ilə axtarış-kəşfiyyat işlərindən tutmuş neftin və qazın nəqlinədək neft sənayesinin ən müxtəlif sahələri tədqiq edilib. Böyük alimin neft elmi sahəsində işlərinin nəticələri Azərbaycan, Başqırdıstan və Qərbi Sibirin məşhur neft rayonlarında, eləcə də xarici ölkələrdə geniş tətbiq olunub, nəticədə uğurlu iqtisadi səmərə əldə edilib.

Əslində, hər iki dahi şəxsiyyətin həyat yoluna nəzər saldıqda onlar arasında bir mənəvi bağ olduğunu, necə deyərlər, sözün əsl mənasında bir neft körpüsü olduğunu görürürük və fikrimizi akademik Azad Mirzəcanzadənin Hacı Zeynalabdin Tağıyev haqqında dediyi dəyərli sözlərlə yekunlaşdırmaq istəyirik: “Mənə elə gəlir ki, biz anlamalıyıq ki, maddi dəyərlərin istehsalından elmi potensialın artırılmasına keçmək lazımdır. Bunun üçün bizdə həm kadrlar nöqteyi-nəzərindən, həm də maddi baza baxımından hər cür imkanlar mövcuddur. Burada böyük maarifçi və şəxsiyyət Hacı Zeynalabdin Tağıyev yada düşür. Onun Azərbaycanda qızlar üçün açdığı gimnaziyada ali təhsilli və maarifçi qadınların pleyadası yetişib. Onun köməyi sayəsində olduqca çox sayda böyük şəxsiyyət gəncliyində təhsil üçün Rusiyaya və xaricə göndərilib. Şövkət Məmmədovanı, Nəriman Nərimanovu, akademik Mirqasımovu və b. xatırlamaq kifayətdir.”

 

Akif Əhmədgil, 
“Azərbaycan Neft Təsərrüfatı” jurnalının xüsusi müxbiri

 



Sosial həyat