Fransanın müstəmləkə sisteminin süqutu davam edir

post-img

Özünü dünyanın sivil, mədəni, hərbi-siyasi mərkəzlərindən biri kimi görmək və təqdim etməyə çalışan rəsmi Parisin öz müstəmləkələri ilə münasibətləri fiaskoya uğramaqda davam edir. Təkcə Nigerdə son günlər baş verən narahat olaylar Fransanın Afrika siyasətinin  olduqca yarıtmaz olduğuna dəlalət edir.  

Bu günlərdə “Le Figaro” qəzetində 92 fransız senatorun Prezident Emmanuel Makrona ünvanladığı açıq məktub dərc olunub. Orada deyilir: “Bu gün Niger, dünən Mali, Mərkəzi Afrika Respublikası, Burkina-Faso Fransa və onun qoşunlarını, şirkətlərini rədd etdi. Afrikada bu hərəkat böyüyür, hətta Kot-d'İvuar kimi bizə yaxın ölkərdə belə Fransa əleyhinə aksiyalar keçirilir. Dost qitə olan Afrika, deyəsən, Fransanı başa düşməyi dayandırıb və onun roluna, mövcudluğuna getdikcə daha çox meydan oxuyur”. 

Senatorlar onu da etiraf ediblər ki, Parisin Şimali Afrika, o cümlədən Əlcəzair, Mərakeş və Tunislə münasibətlərində də qeyri-müəyyənlik və anlaşılmazlıqlar  mövcuddur. Fransa hökumətinin Afrika ilə hərbi, siyasi və mədəni əməkdaşlıq sahəsində uğursuzluqları qitədə nəinki antifransız əhval-ruhiyyəsinin güclənməsinə, həm də Rusiya, Çin və  ABŞ-ın təsirinin artmasına səbəb olub.

Hörmətli oxucular, əməkdaşımız Fransa–Afrika münasibətlərində yaranan böhranın səbəblərinə və mümkün nəticələrinə aydınlıq gətirmək üçün Bakı Dövlət Universitetinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, professor Aydın İbrahimovla söhbət etmişdir. Bu maraqlı müsahibədən bəzi məqamları diqqətinizə çatdırmağı qərara almışıq.  

– Aydın müəllim, rəsmi Parisin keçmiş müstəmləkələri ilə münasibətlərinin korlanmasının səbəbi nədir?

– Bu suala cavab vermək üçün tarixə nəzər salmaq lazılmdır. Məlumdur ki, Fransa İngiltərə ilə birlikdə dünyanın əsas müstəmləkəçi dövlətlərindən biridir. Onun müstəmləkələri əsasən Afrikanın orta şərqində və qitənin şimalında yerləşir. 

Müstəmləkəçi ölkələrin rəhbərlərində qəribə psixologiya formalaşır. Fransa və digər müstəmləkəçi dövlətlər kimi hesab edirlər ki, koloniyalar onlara hər zaman qul kimi itaət etməlidir. Parisdə  düşünürdülər ki, Fransanın yüksək inkişaf və sivil, demokratik həyat tərzi əllərində saxladıqları müstəmləkələrin həyatına müsbət təsir göstərəcək və koloniyaların əhalisi düşünmədən metropoliyanın yolunu davam etdirəcək. 

Lakin bu, baş vermədi və 1960-cı illərdən Fransanın müstəmləkə sistemi dağılmağa başladı. Gündəmə yeni idarəetmə modeli çıxdı, yəni müstəmləkələrin idarəçiləri milli kadrlardan olan hökumətlər olacaq, lakin bütün əsas və həlledici məsələlər xaricdən, konkret oalraq Parisdən idarə ediləcək.  

Bu məqsədlə xüsusi qurum, fransızdilli dövlətlərin beynəlxalq təşkilatı –Frankofoniya yaradıldı. Buraya 58 dövlət daxildir. Maraqlıdır ki, onların içərisində Fransanın köhnə müstəmləkələri ilə bərabər, qonşumuz Ermənistan da var. Bundan başqa Albaniya, Bolqarıstan və Moldova bu təşkilatın üzvüdür. Frankoniya təşkilatının niyyəti Fransanın nüfuzunu bütün dünyada yaymaq və gücləndirməkdir. 

– Bəs niyə hər şey əksinə oldu? 

– Bəli, çox şey Yelisey sarayının planlaşdırdığı kimi getmir. Görünən budur ki, Fransa keçmiş müstəmləkələrin inkişafını sürətləndirə bilmədi. Rəsmi Paris öz siyasi müstəqilliklərin elan etmiş keçmiş koloniyaları ilə qarşılıqlı inam və etimada əsaslanan bərabərhüquqlu iqtisadi və siyasi əməkdaşlıq qurmaq istəmədi. 

Nigerdə baş verən olaylar buna gözəl nümunədir. Bu ölkə dünyada ən yoxsul dövlət sayılır. Niger insan inkişafı indeksinə görə də dünyada axırıncı yeri tutur. 

Lakin bir amil var ki, bu, Nigeri fransızların müstəmləkə təfəkküründə bu ölkənin əhəmiyyətini kəskin artırır. Paris Nigeri əldən buraxmağı ağlına belə gətirmir. 

Qeyd etmək lazımdır ki, Niger uran ehtiyatlarına görə dünyada beşinci yerdədir. Lakin bu ölkədə əhalinni yarıdan çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. 

Nigerdə baş verən hərbi çevriliş bu qəbildən olan ölkələr üçün adi haldır. Bununla bərabər, zəngin uran ehtiyatları Nigerin strateji əhəmiyyətini artırır. Nəzərə alaq ki, Fransanın ümumi elektrik enerjisinin 70,6 faizi atom elektrik stansiyalarında istehsal olunur. Xammal isə Afrikadan, ən çox da Nigerdən gəlir. 

– Nəyə görə Afrikada Fransanı sevmirlər? 

– Fransalı müstəmləkəçilər bu ölkələrin inkişafı üçün heç bir iş görməyiblər. Onların iqtisadiyaytı yalnız əhalinin istehlak malları ilə təchiz olunmasına yönəlib. Məsələn, Misir pambıq, Nigeriya neft, Qana kakao, Şri-Lanka çay üzrə ixtisaslaşıb.  Yalnız bu ölkələrin paytaxtları az-çox inkişaf edib. Bu ölkələrdə zənginlərlə kasıblar arasında uçurum daim dərinləşir, müstəmləkəçilərin yetişdidiyi satqın elita isə imperialistlərin maraqlarına xidmət edir.  

Sosial sferada da ədalətsizliklər və kəskin fərqlər durmadan artır. Bütün bunlar Afrika ölkələrində saysız-hesabsız qiyam və çevrilişlərə şərait yaradır.

– Qitədə Fransanın yerini tutmaq istəyən dövlətlər də az deyil...

– Fransanın Afrikada zəifləməsi Çin və Rusiyanın əlinə işləyir. Onlar bir qədər başqa siyasət həyata keçirir. Belə ki, Pekin və Moskva “Qlobal Cənubu” “Qlobal Şimal”ın əleyhinə çevirmək istəyir. Onlar Fransanın uğursuz köhnə modelindən fərqli olaraq yeni əməkdaşlıq yolları axtarır və tətbiq etməyə cəhd edirlər.  

Bütün bunlar Ukrayna müharibəsinə başı qarışan Qərbi narahat edir və çıxış yolu axtarmağa vadar edir. Bu kontekstdə ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nulandın Nigerə səfərini və Makronun BRİKS sammitinə getmək arzusunu qeyd etmək yerinə düşərdi.  

Əks tərəf də boş dayanmır, belə ki, Rusiya Afrikanın borclarını silir, orada hərbi mövcudluğunu gücləndirir. Rusiya SSRİ dağılandan sonra Afrikada ilk dəfə olaraq ali təhsil müəssisələri və mədəniyyət mərkəzləri açır. Çin isə Afrika iqtisadiyyatının əsas donorlarından birinə çevrilib. 

Beləliklə, Afrika uğrunda yarış amansız rəqabət davam edir. Hansı super gücün daha üstün mövqelər qazanacağını isə zaman göstərəcək.  

 

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV, 
“Xalq qəzeti” 

 



Ordu