Teatr son altı ay ərzində altı tamaşa hazırlayıb
Bildiyimiz kimi bu ilin aprel ayında “Heydər Əliyev İli” və Azərbaycan Peşəkar Milli Teatrın 150 illiyi çərçivəsində Teatr Forumu keçirildi. Forumda teatrda olan problemlər barəsində panel müzakirələr baş tutdu. Ümumiyyətlə, teatrlarda çalışan işçilərin və tetarların maddi-texniki bazasının yaxşılaşdırılması üçün verilən təkliflər mədəniyyət naziri və teatr biliciləri tərəfindən dinlənildi. Paralel olaraq tetar rəhbərlərinə tövsiyyə edildi ki, bəzi iş prinsiplərinə onların start verməsi çox yaxşı olardı. Bütün bunları nəzərə alıb, Ləkəran Dövlət Dram Teatrına üz tutduq. Bildiyimiz kimi, uzun illər incəsənət sahəsində çalışan rejissor və prodüser İntiqam Hacılı yanvar 2023-cü il tarixində teatra mədəniyyət naziri tərəfindən direktor vəzifəsini icra edən kimi təsdiq edilib. 2022-ci ilin yanvarında isə Anar Babalı tetara baş rejissor göndərilib. Bu iki şəxslə yanaşı teatrın bədii-quruluş hissə müdiri Emin Fərzullayevlə və 2022-ci ilin dekabrında yenidən doğma teatrına qayıtmış quruluşçu rejissor Emil Əskərovla görüşdük. Son altı ayda teatrda görülən işlər barəsində danışdıq. Həmsöhbətlərimizin hər birinə eyni sualları ünvanladıq: “Teatrda hansı tamaşalar və yeniliklər oldu” və “Yeni mövsümdə Lənkəran Dövlət Dram Tetarını hansı layihələr gözləyir”.
“Bütün bunları biz teatrda uzun illər işləyən samballı və işə yeni götürülən gənc kadrların köməkliyi ilə həyata keçirtdik”
Lənkəran Dövlət Dram Teatrının direktor vəzifəsini icra edən İntiqam Hacılı bildirdi ki, Lənkəran Dövlət Dram Teatrı cənub bölgəsi üçün önəmli mədəniyyət ocağıdır: “Bu, dünyada da belədir, teatrı olan şəhərlər teatrsız şəhərlərdən həmişə bir addım öndə olurlar. Biz teatrımızın repertuarını və kadr potensialını gücləndirməklə naliyyətlər əldə edə biləcəyimizi ilk olaraq özümüzə aydın etdik. Paralel olaraq teatrın təsərrüfat məsələlərində və nizam-intizam qaydalarında olan problemləri də unutmadıq. Çünki, nizam-intizam olmayan yerdə, hansısa inkişafdan danışamaq olmaz. Sözssüz ki, bütün bunlar Lənkəran Dövlət Dram Teatrının nizamnaməsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun şəkildə icra edilir. Bununla da biz son altı ayda, yəni 17 yanvar-17iyul 2023-cü il tarixində böyük bir irəliləyişə nail olduq. Repertaurımıza 6 əsas tamaşa əlavə etdik ki, bu tamaşalar üç-üç olaraq ayrı-ayrı üç ayda eyni zamanda hazırlandı. “Yaşayan ölü” (müəllif Könül Məmmədova, rejissor Anar Babalı), “Yalançı şahzadə” (müəllif və rejissor Tərlan Abdullayev) və “Gəl yazım, gəl baharım” (müəllif və rejissor Anar Babalı) - bu üç tamaşa yanvarın sonlarından aprelin 15-nə qədər paralel şəkildə hazırlandı. Bir növ gücləndirilmiş iş sisteminə keçmişdik. Bu yaradıcılıq iş prinsipi nəticə göstərdikdən sonra digər üç tamaşa da - “Müqəssir” (müəllif Ə.B.Haqverdiyev, rejissor Abdulla Elşadlı), “Cəmilə” (müəllif Çingiz Aytmatov, rejissor İmran Əli Qurban) və mono tamaşa “Bu da axırı” (müəllif Piter Turini, rejissor Abdulla Elşadlı) - aprelin 15-dən iyulun 15-nə qədər 3 ay ərzində paralel olaraq hazırlandı və hər üç tamaşaya daxili baxış keçirildi. Bütün bunları biz teatrda uzun illər işləyən samballı kadrların, eləcə də işə yeni götürülən gənclərin köməkliyi ilə həyata keçirdik. Məsələ o idi ki, biz bu işlərlə yanaşı inzibatı işləri də uğurla icra etdik ki, onlardan da biri cənab nazırin əmrində xüsusi vurğulanan təhvil-təslim işləri idi. Təsərrüfat işlərində olan bəzi problemləri aradan qaldırmağa da nail olduq, ən əsası isə iş otaqlarının bəzilərini və kiçik zalı kondisionerlə təmin etməyimiz idi”.
İkinci - “Yeni mövsümdə Lənkəran Dövlət dram Tetarını hansı layihələr gözləyir” sualımıza isə direktor əvəzi belə cavablandırdı: “Planlarımız, layihələrimiz çoxdur, onları mərhələli şəkildə həyata keçirməliyik. Yuxarıda sadaladıqlarımdan başqa teatrın “Uçan səhnə”, AYB-nin Lənkəran Bölməsi ilə müştərək “Yerli müəlliflərlə birgə iş” layihələrimiz var. Üstəlik noyabr-dekabr ayında Lənkəran Dövlət Dram Teatrının yenidən “Dövlət Dram Teatrı” statusu almasının 50 illiyidir və bu yubileyin keçirilməsi barəsində də bizim planımız var. Sözssüz ki, payız mövsümündə də yeni tamaşalar hazırlanacaq. Bu iş sistemi bizi qorxutmur, əksinə daha da məsuliyyətli edir.”.
“Yanvar-iyul aylarında hazırlanan tamaşalar yeni mövsümdə repertuarımızı zənginləşdirəcək”
Teatrın baş rejissoru Anar Babalı isə suallarımıza cavabında bildirdi ki, Lənkəran Dövlət Dram Teatrından əvvəl Azərbaycan Akademik Milli Dram Teatrında çalışıb: “Tetar sahəsində təcrübəm az deyil - 15 il. 2022-ci ilin yanvarından isə Lənkəran Dövlət Dram Teatrına baş rejissor təyin olunmuşam. 2022-ci il bizim teatra yeni nəfəs gətirmək üçün başlanğıc və çətin il oldu. 2023-cü ildən isə yeni rəhbərlik təyinatı bu işləri sürətləndirdi. Biz son altı ay ərzində 6 tamaşadan əlavə rejissor Emil Əskərovun quruluşunda “20 Yanvar” ilə “26 Fevrala” həsr edilən kompozisiyalar da hazırladıq və həmin tarixlərdə nümayiş etdirdik. Əlavə olaraq “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevə həsr edilmiş 3 tədbir keçirtməyə nail olduq. Lənkəran Dövlət Universiteti ilə birgə “Heydər Əliyev və Azərbaycan Teatrı”, Lənkəran Sosial və Aqrar-Texnoloji kolleci ilə birgə “Heydər Əliyev: Azərbaycan mədəniyyəti və təhsili” tədbirlərindən sonra hər iki təhsil ocağının kollektivi “Prokuror” tamaşasını izləyiblər. AYB-nin Lənkəran Bölməsi ilə birgə “Heydər Əliyev və Azərbaycan dramaturgiyası” tədbirində isə mövzu ilə yanaşı “Yerli yazarlarla birgə iş” layihəsi də dəstəklənib və bu layihə teatrda artıq öz təsdiqini tapıb. Bundan əlavə Lənkəran Dövlət Dram Tetarı “Heydər Əliyev İli” çərçivəsində iki rayonda - Biləsuvar və Lerikdə “Prokuror” tamaşası ilə qastrolda oldu. Yanvar-iyul aylarında hazırlanan tamaşalar isə bizim yeni mövsümdə repertuarımızı zənginləşdirəcək, teatrın açıq kassa siyasətini, eləcə də tamaşaçıların teatra marağaını gücləndirəcək. Biz yeni mövsümdən də aktiv fəaliyyətimizi davam etdirəcəyik. Çünki, yeni layihələrimiz bizi gözləyir”.
“Dekorasiya, geyim və rekvizit üçün lazım olan materialları istəyərkən “yox” sözünü eşitmədik”
Teatrın bədii-quruluş hissə müdiri Emin Fərzullayev isə suallarımıza istehsalat işləri ətrafında cavab verdi. O da qeyd etd ki, bir rüb ərzində 3 tamaşa hazırlamaq təcrübəsi həqiqətən çətin və məsuliyyətli işdir, amma həm də zövqverici bir prosesdir: “Bizim 6 tamaşamızın hər birinin səhnə tərtibatı çox uğurlu oldu. Dekorasiyalar, geyimlər həqiqətən möhtəşəmdir. Buna yeni mövsümdən tamaşaçılar özləri də şahid olacaq. Bu dekorasiyarı hazırlamaq və təhvil vermək çətin olsa da biz bunun öhdəsindən gəldik. Çünki, rəhbərlikdən tutmuş aktyor heyətinə qədər hədəfimiz bir idi: tamaşalar təhvil verilməlidir. İş prosesində yeni təyin olunmuş rəhbərlik direktor otağından çox sexlərdə bizlə birgə olurdu. Tetar kollektiv sənətdi, birgə çalışmaq, bir-birini dinləmək daim görülən işin xeyrinə olur. Biz keçən altı ayda 6 tamaşanı hazırlayan zaman dekorasiya, geyim və rekvizit üçün lazım olan materialları istəyərkən “yox” sözünü eşitmədik. Nəticədə yeni mövsüm üçün səhnə və geyim tərtibatı baxımından maraqlı tamaşalarımız var. İnanıram ki, tamaşaçılarımızın zövqünü oxşaya biləcəyik. Problemlərə gəldikdə isə, biz bu problemləri mərhələ-mərhələ həll edirik. Düzdür, öz aləmlərində bizə mane olmaq istəyənlər də var, cürbəcür ürəkbulandırıcı və qərəzli addımalar atırlar. Amma biz öz işimizi görürük və tetarın inkişafını düşünürük”.
“Bu istehsalat prosesi teatrda çalışan qocaman sənətkarların gənclərə dəstəyi və tövsiyəsi ilə baş verir”
“Yeni təyinatlarla işləmək və layihələr həyata keçirmək Lənkəran Dövlət Dram Teatrına məni sıx bağlayır” deyən teatrın quruluşçu rejissoru Emil Əskərov 2022-ci ilin sonunadək Azərbaycan Akademik Milli Dram Tetarında çalışıb. Emil Əskərov əlavə etdi ki, teatrdakı yeni nəfəs hər bir işçini ruhlandırır: “Mən inanıram ki, Lənkəran Dövlət Dram Tetarının sədaları 1-2 ildən sonra uzaqlardan gələcək və o mükəmməl şəkildə Azərbaycanı, Azərbaycan mədəniyyətini təmsil edəcək. Çünki, bu gün teatra Mədəniyyət Nazirliyinin diqqəti və dəstəyi ilə paralel olaraq göndərilən yeni kadrlar dövlətçilik ənənələrinə sadiq kəslərdir, teatrı bilən şəxslərdir. Lənkəran Dövlət Dram Teatrı bu ilin əvvəlindən başlayan iş sistemini ikicə il davam etdirərsə, tetarın uğuru böyük olacaq və bir zamanlar burada olan iş nüfuzu yenidən bərpa olunacaq. Sözsüz ki, bu istehsalat prosesi teatrda çalışan qocaman sənətkarların gənclərə dəstəyi və tövsiyəsi ilə baş verir. Baş tutan tandem teatrda gedən istehsalat prosesini gücləndirib. Bu il “Heydər Əliyev İli” çərçivəsində 3 teatr - Azərbaycan Akademik Milli Dram Tetarı, Azərbaycan Gənc Tamaşaçılar Teatrı və Sumqayıt Dövlət Dram Teatrı bizim tetarda qonaq oldular və zövq oxşayan tamaşalar nümayiş etdirdilər. Lənkəranın ucqar kəndlərində balaca tamaşaçlarımızı sevindirən “Uçan səhnə” layihəsi ilə ilk olaraq 8 iyunda Lənkəran rayonunun Bəliton kəndində olduq. Bu layihə ilə yeni mövsümdən digər ucqar kəndlərdə yaşayan uşaqlarımızın görüşünə gedəcəyik. Çoxlu müştərək layihələrimiz bizi gözləyir. Arxada qoyduğumuz 6 ay gərgin iş prosesi bizə böyük bir istehsalat təcrübəsi oldu. Yeni mövsümdən hazırlayacağımız tamaşalar və digər layihələr kollektivin əldə etdiyi təcrübəsi əsasında daha uğurlu olacağına bir işarədir.”.