Göygölün Aşıqlı kəndinin yolları işığa qərq oldu

post-img

Aşıqlı kəndi Göygöl rayonu ilə Hacıkənd qəsəbəsinin arasında yerləşir. Səfalı bir məkandır. Kəndin iqlimi imkan verir ki, ilin bütün fəsillərində burada istirahət etmək və ya gəzmək, bu gözəl yerləri görmək mümkün olsun.

Kənddə yaşayanlar əsasən heyvandarlıq, əkinçilik, bağçılıqla məşğul olurlar. Bir də ki, yolboyu yanaşı düzülən təndirlərdə bişirilən çörəklərin ətri qonaqların və xarici turistlərin diqqətini uzaqdan cəlb edir. Aşıqlılardan ən azı bir təndir çörəyi almayan adam tapmaq, sadəcə, mümkün deyil.

Lakin əvvəllər bu kənddə lazımi şərait yox idi. Xüsusilə içməli su sarıdan adamlar korluq çəkirdilər. Lakin yerli icra strukturlarının köməyi ilə indi hər bir həyətin qarşısında su kranı var və təmiz  bulaq suyu gəlir. Sakinlər Buna görə razılıq edirlər.

Göygöl şəhərindən Hacıkənd qəsəbəsinə qədər yol kənarlarına çəkilən elektrik dirəklərindən nə vaxt işıq seli düşəcəyini adamlar həsrətlə gözləyirdilər. Lakin məsələ həll olunmadığından bu da səfalı yerlərə gələn saysız-hesabsız qonaqların haqlı narazılığına səbəb olurdu. Qaranlıq, zülmətə bürünmüş dolama yollarda tez-tez qəzalar baş verirdi. Yerli əhali də yolların, dalanların işıqlandırılmamasından əziyyət çəkirdi.

Yaranmış vəziyyətə rayon icra hakimiyyəti qarışdı, müvafiq təşkilatlarla müzakirə aparıldı və nəhayət, məsələnin həlli yoluna qoyuldu. İndi neçə vaxtdır ki, bu yelərin yolları işığa qərq olub. Elə ki, qaranlıq düşməyə yaxın işqlar avtomatik olaraq işə düşür.

Uzun müddətdən sonra yoluna qoyulmuş problemin həlli adamları və qonaqları razı salmışdır.

Hamlet QASIMOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri







Sosial həyat