Əcnəbi söz adamlarının poeziyamıza böyük marağını gördüm

post-img

Mübaliğəsiz olaraq möhtəşəm tədbir oldu. Azərbaycan dilində şeirlərimi səsləndirdim. Orda iştirak edən şairlərlə çox gözəl münasibətlər qurdum. Ana dilimdə şair Salam Sarvanın tərcüməsində şeirlərimi səsləndirdim. Çox fərqli bir təcrübə oldu. 

Bu sözləri “Xalq qəzeti”nə Kolumbiyada keçirilən dünya poeziya hərəkatının ilk konqresindən qayıdan şairə Nigar Həsənzadə bildirib. 

O deyib ki, iyulun 1-dən başlayan 33-cü Beynəlxalq Medelin Şeir Festivalı və paralel olaraq iyulun 13-dən 18-dək Venesuelanın paytaxtı Karakasda Dünya Poeziya Hərəkatının I Konqresi baş tutub. Müxtəlif ölkədən 60-a yaxın şairin qatıldığı Medelin beynəlxalq şeir festivalının əsas məqsədi demokratik azadlıqlara, sosial dəyişikliklərə və sülh, qardaşlıq prinsiplərinə həsr olunmuşdu. Ölkəmizi bu konqresdə və dünyanın ən böyük şeir festivalında layiqincə təmsil etməyə çalışdım.

 N.Həsənzadə qeyd edib ki, hər kəs poeziyaya köklənmişdi. İştirakçılar bir-birindən fərqli, gözəl əsərlərini təqdim edirdilər: 

“Festivaldakı çıxışlarımda sözlərimi necə diqqətlə dinlədikləri məni daha da məsuliyyətli edirdi. Böyük bir auditoriya ilə, böyük və səmimi duyğular bir yerdə cəmləşmişdi. Tərcümələrin dinləyicilərə bu qədər dərin nüfuz etdiyini heç vaxt görməmişdim. Ana dilimizdə səsləndirdiyim şeirlərim alqışlarla qarşılandı, müxtəlif ölkələrin söz adamları bizim poeziyaya, hiss və düşüncələrə maraq göstərdiklərini mənə bildirdilər. Elə təkcə bu fakt bura gəlişimin nə qədər əhəmiyyətli olduğunu mənə bir daha anlatdı”, – deyə tanınmış şairə əlavə edib.

Anar ƏLİ,

“Xalq qəzeti”

 









Mədəniyyət