Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının ikinci – regional mərhələsi ölkəmizin 14 iqtisadi-coğrafi rayonunun 14 şəhəri üzrə 26 məntəqədə keçirilir.
“BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən festival çərçivəsində yay düşərgələrində incəsənət xadimlərinin ustad dərsləri təşkil edilib, uşaqlar üçün əyləncəli oyunlar keçirilib. Qeyd edək ki, festival 27 minədək iştirakçını əhatə edir və 2-ci mərhələ iyul-avqust ayında da davam edəcək. Bu mərhələnin qalibləri sentyabrda Bakıda final mərhələsinə iştirak hüququ qazanacaqlar.
***
Marvel ulduzu Robert Douni “The New York Times” qəzetinə müsahibəsində “Shaggy Dad” komediyasını və “The Amazing Journey of Doctor Dolittle” fantaziyasını karyerasının ən vacib filmləri hesab etdiyini açıqlayıb.
“Son 25 ildə çəkildiyim iki ən mühüm film “Shaggy Dad” və “The Amazing Journey of Doctor Dolittle”dir”, – deyə o bildirib. Xatırladaq ki, Robert Dounin baş rollardan birini canlandırdığı sensasiyalı “Oppenheimer” filmi iyulun 21-də nümayiş olunacaq. Film amerikalı fizik və atom bombasının yaradıcısı Robert Oppenhaymerin həyatından bəhs edir.
***
Bakı Gənclər Mərkəzində “Tanrının xilas əli” bədii-sənədli filminin təqdimat mərasimi olub.
Film Xəzər dənizində batan azyaşlı qızları xilas edərkən həlak olmuş məktəbli Tofiq Hüseynovun qəhrəmanlığından bəhs edir. Ssenari müəllifi və rejissoru Babək Abbaszadədir. O, təqdimat mərasimində xatıradıb ki, hələ 1972-ci ildə görkəmli rejissor, Xalq artisti Eldar Quliyev tərəfindən ərsəyə gətirilən “Var olun, qızlar...” filmi həmin mövzuya həsr olunmuşdu. “Tanrının xilas əli” sənədli filmi ilə növbəti dəfə, daha real faktlar və şahid xatirələri ilə qəhrəmanın həyatına işıq tutulub.
Ə.DOSTƏLİ, “Xalq qəzeti”