Şəkidə “İpək yolu” festivalı

post-img

Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı başlanıb. Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan festivalda Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivləri iştirak edirlər.
Festivalın təntənəli açılış mərasimi “Marxal” kompleksinin Yay Teatrında keçirilib. Rəsmi hissədən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifasında Xalq artisti Firəngiz Əlizadənin vətənpərvərlik mövzusunda “İntizar” operası nümayiş olunub. Ertəsi gün Şəki Xan Sarayının qarşısında “Zəfər” muğam qrupunun konserti olub. Eyni zamanda “Yuxarı Karvansaray” mehmanxana-kompleksində musiqisevərlərə Çin Xalq Respublikasının Lianşan-İy Muxtar Vilayətinin ansamblının konserti təqdim olunub.
Voleybol yarışı və karate üzrə keçirilən açıq şəhər birinciliyi də festivala həsr olunub.
Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı iyulun 7-dək davam edəcək.

Ə.DOSTƏLİ, “Xalq qəzeti”

Mədəniyyət