Repressiya qurbanı – “Şükriyyə”

post-img

Akademik Milli Dram Teatrında "Şükriyyə" tamaşasının premyerası keçirilib. Yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan eyniadlı tamaşa bu ilin repertuar planına uyğun olaraq təqdim olunub. 

Tamaşa Azərbaycanın istiqlal şai­ri, Stalin rejiminin repressiya qurbanı Əhməd Cavadın həyat yoldaşı Şükriy­yə Axundzadənin Qazaxıstandakı sür­gün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də “xalq düşməninin arva­dı” kimi həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və Şimali Qazaxıs­tanın Akmola vilayətinə – əmək koloni­yasına göndərilib. Zülm və zorakılığa məruz qalan insan özünü qorumaq üçün müqavimət göstərməyə çalışır. Şükriy­yənin milli mənliyini qorumaq cəhdləri qeyri-normal quruluşa və insanları məhv edən rejimə qarşı onun etirazıdır. Müəlli­fin qələmə aldığı bu qəmli və sərt həyat hekayəsi haqqında gəldiyi qənaət, təlqin etdiyi həqiqət bundan ibarətdir. 

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Os­manovdur. Səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssam Aygün Mahmudova, işıq rəssamı Rafael Həsə­nov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.

Səhnə əsərinin ən üstün cəhəti teatrı qışqırmağa deyil, məhz düşünməyə, dü­şündürməyə sövq etməsidir. Bu baxım­dan Cavid Zeynallının "Şükriyyəsi" quru­luşçu rejissora münbit bir meydan verdi, ölkənin ən böyük səhnəsində örnək ta­maşa qoymaq üçün şərait yaratdı. 

Yeni yaradıcılıq işində Xalq artistləri Nurəddin Mehdixanlı (Fyodor Alekseye­viç) və Əli Nur (Süleyman bəy), Əməkdar artistlər Münəvvər Əliyeva (Şükriyyə), Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzaye­va (Mariya) və Şəlalə Şahvələdqızı (Qa­dın müstəntiq), həmçinin bir sıra aktyor və aktrisalar çıxış ediblər.

Quruluşçu rejissor Bəhram Osma­nov:

– Fikrimcə, tamaşada istəyimizə nail ola bildik. Səhnə mizanları, aktyor heyətinin vahid ideya ətrafında birləş­məsi, hadisələrin həyəcanla izlənməsi çəkilən zəhmətin heç də hədər getmədi­yini göstərdi. İnşallah, sentyabr ayından “Şükriyyə” teatrın repertuarında öz yerini tutacaq. Premyeraya baxa bilməyənlər yeni mövsümün əvvəlindən bu imkanı qazanacaqlar. 

Baş rolun ifaçısı Münəvvər Əliyeva:

– Şükriyyə çətin obraz idi. Öhdə­sindən nə dərəcədə gəldiyimi tamaşa­çılar deyə bilər. Mənsə təkcə onu deyə bilərəm ki, “Şükriyyə”dən daha öncə “Ah, bu uzun sevda yolu”nda Mikayıl Müşfiqin xanımı Dilbəri oynamışam. Hər ikisi rep­ressiya qurbanı olsa da, obrazlar tama­milə fərqlidirlər. Buna görə müəyyən çə­tinliklər vardı, amma rolların öhdəsindən gəlməyə çalışmışam. 

Premyeradan sonra aldığımız tama­şaçı rəyləri səhnə əsərinin uğurlu alındı­ğına dəlalət elədi.

Ağalar İdrisoğlu, Əməkdar incəsənət xadimi:

– Çox xoşuma gəldi. Dramaturji ma­terialın səhnə həlli uğurlu idi. Bir də ki, tarixi mövzuda oynanılan belə əsərlərə tamaşaçı marağı yüksək olduğundan, yaradıcı heyətin üzərinə daha böyük mə­suliyyət düşür. Şadam ki, dostlarım pye­sin uğurlu səhnə həllinə nail ola biliblər. 

Arif Ərşad, yazıçı:

– Premyeraya Sumqayıtdan bir neçə dostla gəlmişdik. Doğrusu, yetərincə zövq aldıq. Akademik Milli Dram Teatrı­nın səhnəsində belə düşündürücü əsər­lərin oynanılması məmnunluq yaradır. Səhnə ustalarımızı təbrik edirəm.

Mehman Həsənli, filologiya üzrə fəlsəfə doktoru:

– Akademik Milli Dram Teatrında əziz dostum Cavid Zeynallının müəllifi oldu­ğu "Şükriyyə" tamaşasını böyük maraq və qürurla izlədim. Əsər də, quruluş da, səhnədə aktyorların performansı da çox mükəmməl idi. Qürurlandım ki, bu, bi­zim gənc dostumuzun, nəsildaşımızın ölkənin bir nömrəli səhnəsini fəth etmə­siydi. Tamaşanın sonunda bunun heç də təsadüfi olmadığı hər kəsə əyani sübut olundu. Cavid Zeynallını və tamaşanın ərsəyə gəlməsində əməyi olan bütün ya­radıcı kollektivi təbrik edirəm!

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Mədəniyyət