Təravətini saxlayan xanım-xatın poeziya

post-img

Sumqayıtdan yola yenicə çıxmışdım ki, maşının radiosunda unudulmaz Xalq şairi Nigar Rəfibəylinin sözlərinə Xalq artisti Emin Sabitoğlunun bəstələdiyi musiqilərdən ibarət konsert proqramı başlandı. Həzin ruhlu nəğmələrin, illah da “Aman ayrılıq” mahnısının qanadlarında 30 kilometrlik məsafənin necə başa çatdığını hiss etmədim. 

Mən ki doymamışdım heç vüsalından,

Mənə zülm eylədi yaman ayrılıq.

Nə olardı bir gün durub yuxudan

Görəydim ki, olub yalan ayrılıq…

Təəssüf ki, nə ayrılıqlar yalana çıxır, nə də kövrək xatirələr unudulur. Yadıma nə zamansa Nigar Rəfibəylinin haqqında oxuduğum xatirələr düşür. Xüsusilə də xəstəxanada olduğu vaxt həyat yoldaşı Rəsul Rzanın ölüm xəbərinin ondan giz­lədilməsi. Halı pisləşər deyə, bunu ona bildirmirlər. Təəccüblənir ki, ömür-gün dostu niyə ona zəng vurmur. Rəsul Rza­nın təzyiq üzündən nasazladığını və hə­kimlərin ona bir müddət telefondan uzaq qalmağı tapşırdığını söyləyirlər. İyunun 23-də Nigar xanımın ad günündə oğlu Anar bəy ona böyük bir yasəmən dəstə­si alıb aparır və deyir: “Rəsul bu gülləri Mərdəkandan sənə göndərib”. Evə qayıt­dıqdan sonra 50 illik can sirdaşının yox­luğunu hiss edib yas saxlayır və bir həftə keçmir ki, o da haqq dünyasına qovuşur. 

Bu günlərdə Nigar Rəfibəylinin ana­dan olduğu Gəncə şəhərindəki Xan ba­ğında qoyulmuş heykəlinin qarşısında onun yubiley tədbiri keçirilib. AYB-nin və AMEA-nın Gəncə bölmələrinin təşkil etdikləri tədbirdə Nigar xanımın poetik dünyasının özünəməxsusluğundan, bəy qızı kimi mənəvi dünyasından danışılıb. Şairin yaradıcılığından nümunələr səs­ləndirilib. 

Elə bu ay Nigar xanımın ruhunu şad edən daha bir tədbir Ankarada keçirilib. Xalq yazıçısı Anar Rzayevin anadan ol­masının 85-ci ildönümü münasibətilə ona Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 30 illik yubiley medalı təqdim edilib. Anarın Azərbaycan ədə­biyyatının inkişafına xidmətlərindən, türk dünyasının ədəbi-mədəni birliyinin möh­kəmlənməsinə göstərdiyi köməkdən söh­bət açılıb. Həmin mərasimdə Nigar xanı­mın nəvəsi Günel Anarqızı da çıxış edib. Təntənə Nigar Rəfibəyli və Rəsul Rzanın şeirlərinə bəstələnmiş məşhur mahnılar­dan ibarət konsertlə davam edib.

Anarın yazdığına görə, ailə borcu, analıq vəzifəsi, evin qayğıları Nigar xanı­mın yaradıcılığına mane olurdu. “Biz ha­mımız onun vaxtını talayırdıq, onu yazı masasından ayırırdıq, hisslərini, duy­ğularını, fikirlərini dağıdıb pərən-pərən edirdik... Öz-özü ilə tək qalmasına imkan vermirdik, qəlbiylə baş-başa qalmağa macal tapmırdı”. Amma bütün bunlara baxmayaraq, Nigar Rəfibəylinin 35 kitabı çap edilibsə, deməli, əsl sənət aşiqi, ya­radıcılıq fədaisi olub. 

Qeyd edək ki, görkəmli şair, tərcümə­çi Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətlərinə görə orden və medallarla təltif olunub, Əməkdar mədə­niyyət işçisi və Xalq şairi adlarına layiq görülüb. 

 

Ə.DOSTƏLİ, “Xalq qəzeti”



Mədəniyyət