Şamaxıda “Sabir poeziya günləri”

post-img

Şamaxı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Sabir poeziya günləri” çərçivəsində Azərbaycan satirik şeirinin ustadı Mirzə Ələkbər Sabirin anadan olmasının 161 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib.

Tədbirdən öncə Şamaxı Rayon İcra Hakimiy­yətinin (RİH) başçısı Tahir Məmmədov, Azərbay­can Yazıçılar Birliyinin məsul şəxsləri, konfransa dəvət olunmuş mədəniyyət və incəsənət xadim­ləri, həmçinin rayon ictimaiyyətinin nümayən­dələri M.Ə.Sabirin məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölgə­sinin rəhbəri, yazıçı Orxan Fikrətoğlunun aparı­cılığı ilə keçirilən konfransda dahi şairin həyat və yaradıcılığı ətrafında geniş məruzələr dinlənilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Yazıçılar Birliyinin katibləri İlqar Fəhmi, Elçin Hüseyinbəyli, professor Rüstəm Kamal, professor Vaqif Yusifli, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurban­soy, Xalq artisti İlham Namik Kamal, Xalq artis­ti Nurəddin Mehdixanlı, Əməkdar artist, qiraətçi Ağalar Bayramov və başqaları görkəmli sənət­karın satiralarını müsəlman şərqində bir intibah, oyanış kimi qiymətləndirərək, Sabir poeziyasının ölməzliyini, bənzərsiz söz ustadının fikirlərinin hər zaman aktual olduğunu diqqətə çatdıraraq onun yaradıcılığının Azərbaycan ədəbiyyatında mühüm yer tutduğunu vurğuladılar.

Konfransda çıxış edən Şamaxı RİH-in başçı­sı Tahir Məmmədov Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi olan Mirzə Ələkbər Sabirin yaradıcılığına göstərilən dövlət qayğısın­dan, ustad sənətkara olan xalq məhəbbətindən, sonsuz ehtiramdan söz açdı.

Tədbir çərçivəsində “Letterpress” nəşriyyat evi tərəfindən yeni tərtibatda 7 cilddən ibarət “Hophopnamə”nin təqdimatı keçirildi.

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri





Mədəniyyət