Özbəkistanda “Xalqların mədəni ənənələri və mətbəxi” adlı beynəlxalq festivalda dolma birinci yerə layiq görülüb

post-img

Özbəkistan Xarici İşlər Nazirliyi Daşkəndin Mərkəzi Parkında “Xalqların mədəni ənənələri və mətbəxi” adlı beynəlxalq festival keçirib. 

Festivala Özbəkistandakı müxtəlif ölkələrin səfirləri, digər diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri, ictimaiyyət təmsilçiləri, yerli azərbaycanlılar, jurnalistlər, Daşkənd  sakinləri qatılıb.

Tədbirdə Türkiyə, Azərbaycan, Böyük Britaniya, ABŞ, Qazaxıstan, Rusiya, İtaliya, İran, Misir, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Hindistan, Pakistan, Tacikistan, Ukrayna və digər ölkələrin Özbəkistandakı səfirlikləri və mədəniyyət mərkəzləri iştirak ediblər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) beynəlxalq festivalda bu ilki iştirakını Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edib və bu məqsədlə Azərbaycan pavilyonunun önündə Ulu Öndərə dair foto və nəşrlərdən ibarət sərgi də keçirib. 

Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib. Festivalda Azərbaycan mədəniyyətinə dair suvenirlər, Qarabağın milli kişi və qadın geyimləri iştirakçıların diqqətini cəlb edib. 

Azərbaycan guşəsinə gələnlərə ölkəmizin mədəniyyətinə, mətbəxinə dair müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə olunub. Qonaqlar plov, dolma, qutab, dovğa, kükü və şirniyyatlarımızın dadına baxıblar.

Festival iştirakşısı olan digər ölkələr də öz xalqlarının mədəniyyətini, mahnı və rəqslərini, mətbəx nümunələrini nümayiş etdiriblər.

Festival çərçivəsində təşkil edilən konsertdə AMM-nin rəqs ansamblının üzvlərinin ifasında  milli rəqslərimiz maraqla qarşılanıb.

Müxtəlif ölkələrin təmsilçılərindən ibarət  münsiflər heyəti Azərbaycan milli yeməyi olan dolmanı “Ən dadlı yemək” nominasiyasında birinci yerə layiq görüb və festivalın mükafatı ilə təltif edib. 

Festivalda satılan yeməklərdən əldə olunan gəlirin Özbəkistanda fiziki qüsurlu uşaqlar üçün İnternat məktəblərinin hesabına köçirilməsi nəzərdə tutulub.

Qulu Kəngərli 

Daşkənd 

 















Mədəniyyət