Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il noyabrın 8-də xalqa növbəti müraciətində Şuşanın düşmən tapdağından azad edilməsi barədə məlumat verəndə mən sosial şəbəkədə “Bu gün bizdən çox onların ruhu sevinir” adlı yığcam yazı paylaşmışdım. Həmin yazıda Qarabağ, xüsusən, Şuşa musiqiçilərinin ad-soyadından ibarət mükəmməl bir siyahı təqdim edilirdi.
Təbii ki, siyahıda görkəmli xanəndə, muğam bilicisi, Əməkdar artist Zülfü (Zülfüqar) Adıgözəlovun da adı var idi. Olmaya da bilməzdi. Çünki bu sənətkar Şuşanın Qaradolaq kəndində anadan olmuş, Qarabağ muğam məktəbinin ən ali səviyyəsinə ucalmışdı. Onun yaratdığı sənətkarlıq məktəbi oğlu Vasif Adıgözəlov və nəvəsi Yalçın Adıgözəlli tərəfindən böyük məsuliyyət və uğurla davam etdirilib və etdirilir.
Qeyd edək ki, Zülfü Adıgözəlov 1927-ci ildə Cabbar Qaryağdıoğlu tərəfindən Bakıya dəvət edilir və paytaxtda Üzeyir bəy Hacıbəyli, Qurban Pirimov, Müslüm Maqomayevin qarşısında imtahan verərək sınaqdan uğurla çıxır. Elə həmin adamların tövsiyəsi ilə dövlət radio verilişləri komitəsinə işə qəbul olunur. Muğam ifaçıları yazırlar ki, Zülfü Adıgözəlov muğamların özünəməxsus oxuma məktəbini yaradıb. Ensiklopedik materiallarda göstərilir ki, tanınmış xanəndələrdən Əbülfət Əliyev, Sahib Şükürov, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, İldırım Həsənov, Ağaxan Abdullayev, Tələt Qasımov və bir çox başqa sənət adamları onun məktəbinin davamçılarıdır.
Mərhum bəstəkar Vasif Adıgözəlov danışırdı ki, atamın ifa etdiyi və lentə, qrammofon vallarına yazdırdığı “Rast”, “Mahur-hindi”, “Segah-Zabul”, “Bayatı-Şiraz”, “Humayun” muğamları, eləcə də, təsniflər, xalq mahnıları Azərbaycan musiqi xəzinəsinin inciləridir. Vasif müəllimin fikrincə, Zülfü Adıgözəlov təkcə muğamları qorumurdu, həm də tanrının ona verdiyi səsi daim qoruyurdu: “Bir dəfə Şuşaya getmişdik. Biz hansısa bulaqdan su içdik. Sonra atam bulağa yaxınlaşdı və əlini, üzünü yuyaraq dedi: – Ah, nə gözəl içməli sudur. Ancaq bir udum da olsun, içmədi. Çünki səsini qoruyurdu”.
Xatırladaq ki, Zülfü Adıgözəlov 1898-ci ildə Şuşada doğulmuş, 1963-cü il mayın 31-də Bakıda vəfat etmişdir.
İ.MİRZƏBƏYLİ, “Xalq qəzeti”