Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” 3 fevral 2023-cü il tarixli sərəncamı ölkənin digər sənət ocaqları kimi, bizim kollektivi də yeni uğurlara səfərbər edib. 1973-cü ildən fəaliyyət göstərən teatrımız mədəniyyətin və xalqın milli ruhunun inkişafı, ümumxalq mədəni səviyyəsinin yüksəlməsi üçün əlindən gələni əsirgəmir.
Əslində, Lənkəran teatrının tarixi XIX əsrin 90-cı illərinə təsadüf edir. Mənbələrdən məlumdur ki, həmin dövrdə Lənkəranda ilkin teatr mühiti formalaşıb. Ötən əsrin 30-40-cı illərində burada Dövlət Dram Teatrı fəaliyyət göstərib. 1973-cü il dekabrında isə ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə Lənkəran Dövlət Dram Teatrı öz fəaliyyətini yenidən bərpa edib.
Ötən 50 illik müddətdə sağlam mənəvi prinsiplər üzərində təşəkkül tapan teatr öz repertuarında Azərbaycan və xarici ölkə dramaturqlarının incilərinə mühüm yer ayırmaqla, respublika və beynəlxalq səviyyəli festivallarda uğurlar qazanıb. Yaradıcı kollektiv yubiley mövsümündə də həvəslə çalışır, zamanın nəbzinə uyğun səhnə əsərlərini yüksək səviyyədə tamaşaya qoymaqdan ötrü böyük əmək sərf edir.
Bu gün teatrda normal yaradıcılıq ab-havası hökm sürür. Teatrın direktor vəzifəsini icra edən İntiqam Hacılı və baş rejissor Anar Babalının birgə səyləri ilə kollektiv öhdəsinə düşən yaradıcılıq məsələlərinin həllindən ötrü əlindən gələni əsirgəmir. Hazırda teatrda 2 Xalq artisti, 3 Əməkdar artist, bir Prezidentin fərdi təqaüdçüsü və 3 Prezident mükafatçısı, həmçinin onlarla sənət fədaisi çalışır. Onların hər biri öz zəhmətləri, istedadları hesabına tamaşaçı rəğbətini qazanıb.
Yeni ildən üzübəri 4 tamaşanın ("Nuru babanın sərgüzəştləri" (müəllif və quruluşçu rejissor İ.Hacılı), "Gəl baharım, gəl yazım" (müəllif və quruluşçu rejissor A.Babalı), "Qapıda öpüş" (müəllif və quruluşçu rejissor İ.Hacılı), Yaşayan ölü" (müəllif K.Məmmədova, quruluşçu rejissor A.Babalı), habelə iki ədəbi-bədii kompozisiyanın da premyerasını keçirmişik.
Cari ilin repertuar planına uyğun olaraq yuxarıda adını çəkdiyimiz "Yaşayan ölü" tamaşası ilə yanaşı, hazırda teatrın səhnəsində paralel olaraq ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Q.Nəcəfzadənin "İki iyirmi üç arasında" (quruluşçu rejissor Emil Əskərov), Ç.Aytmatovun "Cəmilə" (quruluşçu rejissor İmran Ali Qurban), Ə.Haqverdiyevin "Kimdir müqəssir" vodevilinin motivləri əsasında "Müqəssir" (quruluşçu rejissor Abdulla Elşadlı), Avstriya dramaturqu Piter Turrininin "Bu da axırı" (quruluşçu rejissor Abdulla Elşadlı), Təranə Vahdin "Mən toz dənəsiyəm" (quruluşçu rejissor Emil Əskərov) əsərlərinin də məşqləri davam etdirilir. Mövsümün sonunadək bu tamaşaları sənətsevərlərin ixtiyarına verməyi nəzərdə tutmuşuq.
İyun ayından isə "Heydər Əliyev İli" və Azərbaycan Peşəkar Milli Teatrının 150 illik yubileyi münasibətilə "Uçan səhnə” adlı layihəyə start verəcəyik. Layihə çərçivəsində teatrımızın truppası rayonun ucqar yaşayış məntəqələrini gəzəcək, məkyəbyaşlı sakinlərlə görüşərək onların qarşısında tamaşa və əyləncəli proqramlarla çıxış edəcəkdir.
"Heydər Əliyev İli" çərçivəsində repertuarımızda özünə möhkəm yer tutmuş mərhum yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin "Prokuror" (quruluşçu rejissorlar Oruc Qurbanov və Anar Babalı) tamaşası ilə respublikamızın bölgələrinə qastrol səfərinə çıxmaq niyyətindəyik. Bundan əlavə, teatrımızın 50 illik yubileyi şərəfinə Lənkəranda teatr festivalının keçirilməsini də nəzərdə tutmuşuq.
Bir sözlə, milli teatrımızın 150, Lənkəran teatrının isə 50 illik yubileylərini yaddaqalan sənət uğurları ilə qeyd etmək əzmindəyik.
Ağaddin BABAYEV,
Lənkəran Dövlət Dram Teatrının ədəbi-dram hissə rəhbəri