Mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda demokratiya növbəti dəfə sınaqdan “əla” qiymət alıb. Belə ki, bütün dünya bu siyasi kampaniyanı böyük diqqətlə izləyib və dostlar da, rəqiblər də “afərin!” deməli olub. Bu, 85 milyonluq türk xalqının böyük qələbəsidir.
Seçkilərin ilk gündən favoriti, “Cümhur İttifaqı”nın lideri Rəcəb Tayyib Ərdoğan səslərin sayılması başa çatandan və qalibin adı müəyyən olunandan sonra Ankaradakı prezident iqamətgahının qarşısında toplaşan üç yüz mindən çox insanın toplaşdığı izdiham qarşısında parlaq nitq söyləyib.
Dövlət başçısı xalqı yüksək ideallar naminə bundan sonra da birlik və həmrəylik nümayiş etdirməyə çağırıb: “Qalib təkcə biz deyilik. Türkiyə qalibdir, bizim demokratiya qalibdir! İndi əl-ələ verərək milli hədəflərimizə doğru irəliləməliyik!”
Səsvermənin nəticələrinə görə, hazırkı dövlət başçısı ümumi səslərin 52,18 faizini, onun ana müxalifətdən olan rəqibi K.Kılıçdaroğlu isə 47,82 faizini toplayb. Beləliklə, Türkiyə xalqı daha beş il ölkəni idarə etmək səlahiyyətini zəmanəmizin ən xarizmatik siyasətçilərindən sayılan, görkəmli dövlət xadimi R.T.Ərdoğana həvalə edib.
R.T.Ərdoğan nitqində son seçkilərin ölkənin ictimai-siyasi həyatında böyük önəm daşıdığını qeyd edərək bunu “Türkiyə demokratiyasının zəfəri” adlandırıb. Prezident bildirib ki, qarşıda ölkəni daha böyük vəzifələr və çağırışlar gözləyir: “Biz gecə-gündüz çalışaraq fevralın 6-da baş verən dəhşətli zəlzələ zamanı dağıdılan şəhər və kəndlərimizi yenidən qurmalıyıq. Bu, hazırda hökumətin prioritetidir”.
Dövlət başçısı sonra vurğulayıb ki, türk xalqı ruhən güclü, yenilməz xalqdır və bütün çətinliklərin öhdəsindən gəlməyə qadirdir. O, zərrə qədər şübhə etmir ki, Türkiyə qlobal dünya düzənində mütləq öz layiqli yerini tutacaq. Belə ki, bu gün həqiqətən dünya çalxalanır, böyük oyunçular yeni qaydalar müəyyən etməyə cəhd edir.
Türkiyə bu siyasət burulğanında nəinki batmamalı, əksinə, yeni hədəflər üçün səfərəbər olmalıdır. Bu gün Türkiyə dövlətinin və xalqının R.T.Ərdoğan kimi güclü lideri var. Çoxları bu dahi siyasətçini haqlı olaraq qlobal siyasət fenomeni hesab edirlər. Onun qurucusu və rəhbəri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) iqtidarda olduğu 21 il ərzində istisnasız olaraq 16 dəfə keçirilən seçkiləri qələbə ilə başa vurub!
Bəli, bu gün dünyada baş verən gərgin qlobal proseslər rəsmi Ankaranı fəal daxili və xarici siyasət yürütməyə sövq edir. Heç kəs şübhə etmir ki, Türkiyə qarşıdakı illər ərzində də öz milli maraqları çərçivəsində prinsipial və ədalətli mövqe sərgiləməkdə davam edəcək. Türkiyə günbəgün güclənir və daha qüdrətli olmaq əzmindədir!
Xatırladaq ki, səsvermədən bir gün sonra, mayın 29-u İstanbulun 1453-cü ildə Sultan Fateh Mehmet tərəfindən fəth edildiyi gün idi. 570 il əvvəl baş verən bu möhtəşəm hadisə orta əsrlər tarixinə köhnə eranın sonu, yeni eranın başlanğıcı kimi düşüb. Türkiyə bu gün də yeni mədəniyyət, sivilizasiya daşıyıcısı rolunda çıxış edir. Yenidən R.T.Ərdoğanın nitqinə qayıtsaq deyə bilərik ki, türk demokratiyasının son seçkilərdə qələbəsi artıq “Türkiyə əsri”nin başladığına dəlalət edir.
Dövlət başçısı nitqində Türkiyədəki seçkiləri işıqlandırarkən açıq-aşkar qərəzli mövqe nümayiş etdirən Qərb mətbuatını da kəskin tənqid edib. Onlar R.T.Ərdoğanı “qara piara çevirmişdilər. Qəzet və jurnalların manşetlərində Türkiyə liderini “yıxmaq” üçün min bir hədyan yazan Qərb mətbuatı 28 mayda bir daha uduzub.
R.T.Ərdoğan suriyalı qaçqınlar məsələsinə də toxunub. Bildirib ki, Türkiyə dövləti bu vaxta qədər təxminən 600 min qaçqının təhlükəsiz ərazilərə köçürülməsini təmin edib. Yaxın beş ildə isə bir milyondan çox qaçqının yerləşdirilməsi üçün Qətər dövlətinin fəal iştirakı ilə böyük bir layihə icra olunacaq.
Xatırladaq ki, 2011-ci ildə “Ərəb baharı” kampaniyası çərçivəsində Bəşər Əsəd rejimi əleyhinə başlanan kütləvi etiraz aksiyaları Suriyada ağır vətəndaş müharibəsinə çevrilib və dörd milyona yaxın insan canını xilas etmək üçün Türkiyə ərazisinə qaçıb. Hazırda onların 3,7 milyon nəfər olduğu bildirilir.
28 maydan sonra Türkiyə uzaq məsafəyə təkanla qaçışda uğurlu start götürən idmançıya bənzəyir. Uğurlar sənə, əziz Türkiyə!
Rüfət RÜSTƏMOV,
BDU-nun türk filologiyası kafedrasının müdiri, professor
Çağdaş dünyanın ən xarizmatik siyasətçilərindən olan Rəcəb Tayyib Ərdoğanın 28 mayda qazandığı tarixi qələbə bütün dünya türklərini sevindirdi. Bu, təkcə Türkiyənin deyil, Böyük Turanın böyük qələbəsidir!
R.T.Ərdoğan kimi böyük siyasətçi elə-belə, asan yolla yetişmir. Onu şanlı tarixə və zəngin mədəniyyətə sahib olan böyük türk xalqı, yenilməz türk ruhu yetişdirib. Türklər mərd, iradəli, azadlıqsevər olduqları qədər də humanist və ədalətlidirlər. Onlar tarixdə heç bir xalqın adət-ənənələrinə, mədəniyyətinə kəm baxmayıblar. Türklər dağıdıcı deyil, qurucu millətdir.
Azərbaycan–Türkiyə dövlətlərinin və xalqlarının qardaşlığı tarixin ən ağır, çətin sınaqlarından üzüağ çıxıb. 2020-ci ilin payızında xalqımızın erməni işğalçılarına qarşı 44 günlük şanlı savaşa başladığı ilk gündən qardaş Türkiyə xalqı və onun lideri Rəcəb Tayyib Ərdoğan yanımızda olub. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.
Dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə bu qədər yaxın olan iki dövlət və millət tapmaq qeyri-mümkündür. Bu dövlətlərin liderləri bir-birlərinə dərin hörmət əlaməti olaraq “əziz qardaşım!” deyərək müraciət edirlər. Bu zaman bütün türk elləri sevinir, düşmənlərin isə bağrı yarılır.
Mən otuz-qırx il bundan əvvəl Türkiyədə işləmişəm. Yadımdadır, hətta ölkənin paytaxtı daş kömürlə qızdırılırdı. Paytaxtda tüstüdən bəzən göz-gözü görmürdü. Sayın R.T.Ərdoğanın iyirmi illik parlaq liderliyi ilə Türkiyə heyrətamiz dərəcədə dəyişib, müasirləşib, gözəlləşib.
R.T.Ərdoğan o liderlərdəndir ki, onlar qarşıya böyük hədəflər qoyur və onların uğurla icra olunmasına nail olurlar. Hesab edirəm ki, R.T.Ərdoğanın rəhbərliyi ilə Türkiyə yaxın gələcəkdə daha möhtəşəm uğurlar əldə edəcək!
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”