Kosovoda etnik zəmində gərginlik yaşanır

post-img

Son günlər Serbiya ilə Kosovo arasında münasibətlərdə gərginlik yaşanır. NATO-nun sülhməramlı qüvvələri Kosovo və Metohiyada gərginliyi azaltmaq üçün Kosovonun şimalındakı dörd bələdiyyədə mövcudluğunu gücləndirib. Bu barədə missiyanın “Twitter” səhifəsində deyilir.

Sülhməramlı qüvvələr (KFOR) həmçinin bildirib ki, Kosovoda təhlükə­sizliyin və hərəkət azadlığının təmin edilməsi üçün bütün lazımi tədbirləri görəcəklər.

Vəziyyətin gərginləşməsi isə Ser­biyada narahatlıq yaradıb. Bu ölkənin Prezidenti Aleksandr Vuçiç beş Qərb ölkəsi - Almaniya, İtaliya, Fransa, Bö­yük Britaniya və ABŞ-dan ibarət şura çağırıb. Serbiya liderinin sözlərinə görə, bu ölkələr Priştinaya görə məsu­liyyət daşıyırlar və orada sakitlik yarat­mağa borcludur. 

“Biz xəbərdarlıq etdik... Mən on­lardan sonsuz dərəcədə xahiş edirəm ki, münaqişəni dinc yolla həll etsinlər, çünki serblər sülh istəyirlər və başqa heç nə istəmirlər”, - Serbiya prezidenti bildirib.

Vuçiçin fikrincə, münaqişənin mərkəzində özünü Kosovonun baş naziri adlandıran Albino Kurti dayanır. O, həqiqətən Serbiyanın Şimali Atlan­tika alyansı ilə münasibətlərini poz­mağa çalışır. “Biz öz adamlarımızın öldürülməsinə icazə verməyəcəyik, münaqişənin sülh yolu ilə nizamlanma­sı üçün mümkün olan hər şeyi etməyə çalışacağıq”, – Serbiya lideri bildirib.

Bu arada Serbiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib və sərhəd boyu yerləşdirilib. Onlar sərhədi keç­məyə cəsarət etməyəcəklər. Əvvəla, ona görə ki, o biri tərəfdə gücləndirilmiş NATO bölmələri yerləşib.Və Serbiya bu gün NATO ilə döyüşmək gücündə de­yil. Vuçiç qarşıdurmaya getməyəcək. Onun üçün yalnız bir yol qalıb: Avropa liderləri, Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin nümayəndələri ilə danı­şıqlar aparmaq və Kosovodakı serbləri qorumağa çalışmaq. 

Xatırladaq ki, 2023-cü il mayın 29-da serblər Zveçan bələdiyyəsinin küçələrinə çıxaraq Kosovo polisinin, NATO kontingentinin ərazidən çıxa­rılmasını tələb ediblər. Onların digər tələbi isə təyin olunan alban merlərinin geri çağırılmasıdır. Aksiyanı dağıtmaq üçün NATO hərbçiləri cəlb olunub. On­lara Kosovo polisi də dəstək verib. 

Qarşıdurma nəticəsində 25-ə yaxın əsgər xəsarət alıb. İtaliyanın xarici işlər naziri Antonio Tajani missiyada vəzifə­sini yerinə yetirən 11 italyan əsgərinin yaralandığını açıqlayıb və onlardan 3-nün vəziyyətinin ağır olduğunu, lakin həyatları üçün ciddi təhlükənin olmadı­ğını bildirib. Bütövlükdə isə qarşıdur­mada hər iki tərəfdən 94 nəfər müxtəlif dərəcədə xəsarət alıb. 

 

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya