Kukla Teatrında “Açıq qapı” günləri keçiriləcək

post-img

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı peşəkar Azərbaycan milli teatrının yaranmasının 150, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq müxtəlif silsilə tədbirlər keçirəcək.

Bu barədə teatrın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, “Kukla Teatrları Həftəsi” adlanan tədbirin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir.

Tədbirin təşkilində məqsəd ölkədə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq əlaqələrini daha da genişləndirmək, təcrübə mübadiləsinə nail olmaq, qarşılıqlı səfərlərin yeni mərhələsinə keçmək və bölgə teatrlarının yaradıcılıq imkanlarını paytaxt teatrsevərlərinə təqdim etməkdir.

“Açıq qapı” prinsipi ilə tamaşaçılara təqdim olunacaq səhnə əsərlərinin nümayişi Azərbaycan Dövlət Kukla Teatrının böyük səhnəsində baş tutacaq.

Tamaşa nümayişləri ilə yanaşı müasir uşaq ədəbiyyatı, kukla teatrları və onun çağdaş inkişaf tendensiyaları, eləcə də teatr-tamaşaçı əlaqələri ilə bağlı müxtəlif formatlı müzakirələr də teatrsevərlərin ixtiyarına veriləcək.

Iyunun 13-də təntənəli açılış mərasimi ilə öz işinə başlayacaq tamaşa həftəsində müxtəlif regionlarda fəaliyyət göstərən Kukla teatrları repertuarlarındakı fərqli səhnə işlərini təqdim edəcəklər.

Iyunun 17-nə nəzərdə tutulan bağlanış mərasimində isə iştirakçılara təşkilatçı teatr adından xatirə hədiyyələri və sertifikatlar təqdim olunacaq.

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”

Mədəniyyət