Qarabağla birgə muzeylər də dirçəlir

post-img

Bu gün Beynəlxalq Muzeylər Günüdür

 

 

Mədəni irs obyektlərinin aparıcı qolunu təşkil edən muzeylər tarixən müharibələrdən ən çox əziyyət çəkən mədəniyyət müəssisələrindəndir: bu hal Qarabağ müharibəsində də istisna deyildir. Sovet üsuli-idarəsi dövrünə təsadüf edən hərbi münaqişənin başlandığı tarixi mərhələdə Azərbaycanda fəaliyyət göstərən muzey şəbəkəsinin mühüm bir hissəsini, məhz Qarabağ muzeyləri təşkil edirdi. Bunların sayı ilə bağlı müxtəlif kəmiyyətlərin göstərilməsi bəzi muzeylərin ictimai əsaslar üzərində fəaliyyət göstərməsi faktı ilə arqumentləşdirilir ki, bunu da qarabağlıların öz mədəni irsinə olan marağı, yüksək muzeyşünaslıq təfəkkürü ilə əsaslandırmaq olar. 

Hərbi müdaxilənin başlandığı dövrdə Qarabağ muzeylərinin dövlət statistikasına görə 22, müstəqil tədqiqatçıların isə, apardığı indiki araşdırmalara görə isə, 34 sayda (bunlardan 29-u rəsmi statuslu, ictimai əsaslarla ikisi-Şuşa qalası Gəncə qapısının yanında “Daş sənətkarlığı muzeyi” və “Molla Pənah Vaqifin məqbərə muzey kompleksi” olmuşdur (“Qarabağ muzeyləri” layihəsinin müəllifi Vüqar Tofiqli bu istinadı rəsmi mənbə və vaxtilə həmin muzeylərdə çalışmış əməkdaşların fikirlərinə əsaslandırır). 

Qarabağ muzeylərinin mötəbərliyi, təkcə Qarabağ muzey fondunun zənginliyi ilə deyil, həm də bəzilərinin, nəinki keçmiş SSRİ-də, eləcə də dünyada unikallığı ilə seçilməsi faktı ilə izah edilirdi. Belə ki, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin (2019-cu ildən Azərbaycan Milli Xalça muzeyi) Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 26 sentyabr 1985-ci il tarixli 502 №-li əmrinə əsasən yaradılmış Şuşa filialı, Ağdam Çörək muzeyi dəyərinə görə  dünya əhəmiyyətli muzeylər idi. Bu muzeylərin unikallığı profil xüsusiyyətlərinə görə o vaxtkı SSRİ ərazisində yeganə olması faktı ilə bağlı idi. 19 may 1987-ci il tarixindən Şuşa şəhərində XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanəsində (Köçərli küçəsi, ev 17) fəaliyyət göstərən Azərbaycan Xalçası və Xalq Tətbiqi sənəti Dövlət Muzeyinin Şuşa filialında nümayiş olunmuş vaxtılə Bakıdakı muzeyin əsas fondundan seçilmiş ümumi sayı 246 mühafizə vahidindən ibarət olan xovlu, xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim nümunələri, zərgərlik və bədii metal məmulatlarının əksər hissəsi (183 ədəd eksponat) 1992-ci ilin mart ayında təxliyə olunaraq öz əvvəlki məkanına (Bakıdakı Xalça muzeyi) qaytarılmışdır. Bu eksponatların hamısı XIX-XX əsrin Qarabağ toxuculuq məktəbinə aid “Şabalıd-buta”, “Bəhmənli”, “Xanlıq”, “Çələbi”, “Yumma”, “Qasımuşağı”, “Ləmpə”, “”Bağçada güllər”, “Atlı-itli” adlı xovlu xalçalarını, müxtəlif xovsuz və xalça məmulatlarını-cecim, zili, şəddə, kilim, çul, xurcun, yəhər üzü, örkənlər idi. 

Təəssüf ki, 56 ədəd mis, 6 ədəd xalça məmulatı, 1 ədəd bədii tikmə nümunəsi itmiş hesab edilir. Qarabağ muzeyləri şəbəkəsində XIX əsrdə istifadəyə verilərək un dəyirmanı funksiyasını yerinə yetirmiş binanın nəzdində 1983-cü il noyabrın 25-də yaradılmış Ağdam Çörək Muzeyinin xüsusi yeri var idi. Təkcə toplusuna görə deyil (kolleksiyaya daxil olan mühafizə vahidinin sayı 2800 idi), yerləşdiyi binanın memarlıq estetikasına görə diqqəti cəlb edən tikilinin fasadının maraqlı mozaika ilə tərtib edilməsi (müəllifləri ağdamlı rəssam-dizayner Zakir Rüstəmov, yəhudi əsilli Eduard Germanoviç Krupkindir) muzeyin profili ilə həmahənglik təşkil edirdi. 

SSRİ məkanında profilinə görə nadir sayılan bu muzeyin fond və ekspozisiyasında b.e.ə. VII minilliyə aid daşlaşmış buğda dənələri, qədim əkinçilik alətləri-kərki, xış, qara kotan, oraq, çin, vəl, b.e.ə. III minilliyə aid gil sac, təndir və beş dəyirman növü (döymə təndir (b.e.ə. III-II minillklər), kərpic təndir (III-VIII əsr), əl dəyirmanı (b.e.ə. III-II əsr), su dəyirmanı (VII əsr), yel dəyirmanı (XVII əsr), qoşqu dəyirmanı (orta əsr), od dəyirmanı kimi yüksək muzey dəyərinə malik əşyalar nümayiş etdirilir və qorunurdu. 1992-ci ilin avqustunda Ağdamın işğalı zamanı iki dəfə mərmi hücumuna məruz qalmış muzeyin aqibəti ilə bağlı istintaq-əməliyyat qrupunun hesabatında onun binasının tamamilə yanması, mühafizə fondundakı 670 ədəd əşyanın, həmin dövrün məzənnəsi ilə 9100 rubl dəyərində inventarın məhv edildiyi haqqında məlumat verilir. 

İşğal dövrünü əhatə edən 29 il ərzində fəaliyyətlərini Azərbaycanın müxtəlif  muzeylərində davam etdirən, ölkənin muzey işinin inkişafına fəal şəkildə qoşulan Qarabağ muzeyləri öz varlıqlarını sübut edirdilər. İşğal altındakı muzeylərin fəaliyyətlərinin bərpası və əlaqələndirilməsi məqsədilə bu ərazilərdəki tarix diyaşünaslıq muzeylərinin birləşmiş mərkəzinin yaradılması ideyasının qabardılması Azərbaycan dövlətinin  Qarabağ muzeylərinin fəaliyyətinə prioritet kimi yanaşılmasının göstəricisi kimi dəyərləndirilməlidir. 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2007-ci ildə imzaladığı “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında”kı Sərəncamında işğal altındakı Qarabağ muzeyləri də xatırlanmış,  bu sənəddən irəli gələn tələblər həmin  muzeylərə də şamil edilmişdir. 

2020-ci noyabrın 8-də Müzəffər Azərbaycan Ordusunun Qarabağı erməni işğalından azad etməsi, nəinki Qarabağda, bütövlükdə Azərbaycanda muzey quruculuğunda yeni bir mərhələnin başlanğıcına təkan oldu. Bu mərhələni səciyyələndirən əsas xüsusiyyətlər işğaldan azad edilmiş Qarabağda həyatın, sosial-mədəni infrastrukturun yenidənqurulması planında muzey işinin bərpası, müxtəlif yerlərdə fəaliyyətlərini davam etdirən muzeylərin öz əvvəlki məkanlarına qaytarılması və möhtəşəm qələbə şərəfinə Zəfər muzeyləri, tarixi yaddaşın möhkəmləndirilməsi məqsədilə işğal muzeylərinin yaradılması ilə bağlıdır. Ölkə başçısı İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının  işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”  Qarabağ ərazisində muzey işinin dirçəldilməsi prosesinin strateji sənədi oldu. 2022-2026-cı illəri əhatə edən bu Proqramın “Yaşayış məntəqələrində mədəniyyət tədbirlərinin keçirilməsi və mədəni irs obyektlərinin bərpası” adlı 2.7. Fəaliyyət istiqamətində nəzərdə tutulan həmin dövrdə tamamilə və ya qismən dağıdılmış muzeylərin tikintisi və bərpası ((2.7.2), İşğal və Zəfər muzey komplekslərinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsi (2.7.3) bu prosesin mühüm istiqamətlərini təşkil etdi. Muzeylərin bərpasının ilkin mərhələsində hər rayon üzrə dağıdılmış muzeylərin monitorinqinin aparılması, muzey fondlarının inventarlaşdırılması, muzeylər barədə arxiv materiallarının araşdırılması, hazırlanmış müvafiq konsepsiyalar əsasında muzeylərin tikilməsi, bərpası və təmirindən sonra fəaliyyətə başlaması nəzərdə tutulmuşdur. Əslində Qarabağ muzeylərinin bərpasına bir qədər əvvəl başlanılsa da, lakin bu proses hazırda planauyğun şəkildə həyata keçirilməkdədir. 

Heydər Əliyev Fondunun Şuşada 2021-ci ilin sentyabr - noyabr aylarında təşkil etdiyi silsilə tədbirlər çərçivəsində vaxtı ilə Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında nümayiş olunmuş yuxarıda adları sadalanan xovlu və xovsuz xalçalar, xalça məmulatları, mis qablar, tikmə və milli geyimlərdən ibarət “Yenidən doğma diyarda! Qarabağın sənət inciləri” adlı müvəqqəti ekspozisiyanın təşkili, nəinki həmin muzeyin, eləcə də Qarabağda muzey işinin bərpası prosesinin başlanğıcı hesab edilir. Qarabağda muzey işinin bərpasının çətinliklərindən ən mühümü qaçqın düşmüş muzeylərin inventar kitablarının itməsidir ki, bu da muzey rəhbər və əməkdaşlarının arxivlərdə foto və videomaterialları yığmalarını, həmin muzeylərin binaları və işğaldan öncəki ekspozisiyası haqqında məlumatların toplamalarını zəruri etdi. Milli Xalça muzeyinin Şuşa filialının bərpası da, məhz bu prosesdən keçmişdir. XIX əsrin II yarısında Şuşanın Yuxarı məhəlləsində inşa edilmiş bina əsaslı təmir və bərpa olunaraq muzeyə uyğunlaşdırılmış, ekspoziyası layihələndirilmişdir. Milli Xalça muzeyinin Şuşa filialı 2023-cü il mayın 10-da tam bərpadan sonra açıldı. 

Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birgə vaxtılə təxliyə edilmiş muzey əşyaları, məhz həmin muzey  üçün alınmış XVIII əsə aid Çələbi xalçasının nümayiş olunduğu ekspozisyanın açılışında iştirak etmişdir. Bu, Qarabağda muzey işinin bərpası prosesinə təkan verən böyük mədəni hadisədir.

İşğaldan azad edilmiş Qarabağda tam şəkildə bərpa olunmuş muzey professional milli vokal sənətinin əsasını qoymuş SSRİ xalq artisti Bülbülün Şuşada doğulduğu, yaşadığı evin əsasında yaradılmış memorial muzeydir. Bu muzey Bülbülün 1937-ci ildən ömrünün sonunadək-1961-ci ilin sentyabrınadək Bakıda yaşadığı mənzilində 1976-cı ildə yaradılmış (1982-ci il  iyunun10-da açılışı olmuşdur)  memorial muzeyin filialı kimi təşkil olunmuşdur. Digər Qarabağ muzeyləri kimi bu memorial muzey də erməni qəsbkarları tərəfindən dağıdılaraq, müğənniyə məxsus olan 137 sayda mühafizə vahidi talan edilmişdir. Muzey toplusuna daxil olmuş bütün memorial əşyalar- Bülbülün ifa etdiyi qaval, piano, xanəndə libası və eləcə də, sənədli fono-foto materillar-sənədlər, afişalar və s. oğurlanaraq yoxa çıxmışdır. 

İşğal zamanı vandalizmə məruz qalmış-oğurlanmış və talan edilmiş, dağıdılmış muzey materialları, xüsusilə, memorial əşyalar Bakıdakı muzey əşyalarının orijinal-əsilləri əsasında yenidən yaradılaraq fond kolleksiyası komplektləşdirilmiş, ekspozisiyası layihələndirilmişdir. Muzeyin ekspozisiya konsepsiyasında  binanın interyerindən əlavə, ekstryeri də eskpozisiya sahəsinə cəlb edilmişdir: görkəmli müğənninin yaşadığı mənzilin həyətindəki qocaman tut ağacı, erməni qəsbkarları tərəfindən müğənninin tuncdan hazırlanmış güllələnmiş büstünün də nümayişi müharibənin muzey sərvətlərinə vurduğu zərbənin əyani sübutu kimi emosional təəssürat doğurur. 

Hazırda muzey fəaliyyət göstərərək öz ziyarətçilərini qəbul etməkdədir. 2022-ci il iyununda vokalçıların Bülbül adına VIII ənənəvi Beynəlxalq müsabiqəsinin bu muzeydə keçirilməsi fəaliyyətin yeni dönüşünü yaratdı.   

Qarabağda muzey işinin bərpası təkcə fəaliyyətini dayandırmış, müvəqqəti köçürülmüş muzeylərin yenidən öz ərazilərinə qaytarılması layihəsi ilə kifayətlənmir. Bu sahədə işin digər prioritetini yuxarıda qeyd olunan Dövlət Proqramında öz əksini tapmış İşğal və Zəfər muzeylərinin yaradılması təşkil edir. Həmin muzeylərin açıq səma altında təşkilinin planlaşdırılmasını ölkə başçısı Qarabağda muzey işinin bərpası strategiyasının əsas prioriteti sayır: “Şəhərlər bərpa olunarkən hesab edirəm, hər bir şəhərdə dağıdılmış yerlər qalmalıdır ki, bunu heç kim heç vaxt unutmasın. ... misal üçün, Ağdam şəhərinin, Füzuli şəhərinin, digər şəhərlərin hansı hissəsi, hansı kvartalı dağıdılmış vəziyyətdə qalsın, Ermənistan işğalının açıq səma altında muzeyi kimi. Hesab edirəm ki, azad olunmuş bütün şəhərlərdə işğal muzeyləri də yaradılmalıdır. Memorial komplekslərlə, bizim Zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal muzeyləri də yaradılmalıdır”.

Müharibələrin mədəni terroruna məruz qalmış dünyanın yüzlərlə şəhər və kəndlərində tarixi yaddaşın qorunub saxlanılması məqsədilə muzeyləşdirmənin bu metodunun tətbiqi aktuallığını saxlamaqdadır. Vyetnamdakı “Sayqon müharibə muzeyi”, Cənubi Koreyadakı “Müharibə memorialı”, İngiltərədəki “Spaldinq müharibə memorialı”, Yaponiyadakı “Xirosima sülh memorialı” müharibələrin açı nəticələrinin əyani sübutu kimi ən səmərəli muzey formasıdır. Əslində bu tipli muzeylərin yaradılması, həm  tarixi yaddaşın əbədiləşdirilməsi konteksti, öz vizuallığı ilə, həm də müasir informasiya müharibəsində daha üstün imkanlarına görə mühüm əhəmiyyət kəsb edir. Açıq səma altında yaradılan bu muzeylər öz əsil, real eksponatları ilə əlavə izaha ehtiyacı olmayan informasiyanın ötürülməsini təmin edir. Qarabağda işğaldan azad edilmiş rayonlarda- Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Xocalıda, Ağdamda, Xankəndində, xüsusilə, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada açıq səma altında muzeylərin yaradılması üçün kifayət qədər  maddi və qeyri-maddi mədəni, təbii potensial çox böyükdür. Burada erməni vandallarının yerlə-yeksan etdikləri tarixi abidələrin, yerli memarlıq üslubunda tikilmiş mülklərin, məscidlərin, inanc yerlərinin və təhsil ocaqlarının acı taleyini əks etdirən mövcud vəziyyət bu şəhərin açıq səma altında muzey statusu üçün əlverişli edir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Qarabağ ərazilərində Zəfər və İşğal muzeylərinin yaradılması təklifi açıq səma altında muzeylərin yeni forması kimi 2021-ci il mayın 28-də Ağdamda öz real həllini tapdı. Hazırkı muzeyin konsepsiyası ümumilkdə, 22 hektara yaxın ərazini əhatə etməklə Ermənistanın Qarabağda törətdiyi terrorizmin vizual mənzərəsini yaratmaq məqsədilə Ağdam şəhərinin dağılmış vəziyyətdə olan müəyyən bir hissəsini açıq səma altında memorialın yaradılması ideyasından ibarətdir. Memorialın layihəsi belədir: 17.23 hektar ərazini əhatə edəcək kompleks müasir dizayn əsasında layihələndirilən muzey binası, xatirə gölü, memorial bağ və dağıntılardan ibarət olacaqdır. Ağdam Zəfər muzey kompleksi 5 hektara yaxın ərazini əhatə etməklə müasir dizaynlı bina, Bayraq meydanı və Zəfər arenası hissələrini əhatə edəcəkdir. 

Hazırda Ağdam Zəfər və İşğal muzeylərinin fondlarının yaradılması layihəsi üzrə tədbirlərə start verilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 22 aprel 2022-ci il tarixindən başlayaraq Ağdamla bağlı maddi və qeyri-maddi dəyərlərin toplanılması üçün xalqa müraciət etmişdir. Bütün bunlar muzey işinin dirçəldilməsi məsələsinin işğaldan azad olunmuş Qarabağın bərpası layihəsinin ayrılmaz tərkib hissəsi olduğunu sübut edir. 

Beləliklə, bu faktlar Qarabağın işğal olunmuş ərazilərində muzey işinin bərpasının həmin ərazidə sosial-mədəni infrastrukturun yenidən qurulmasının tərkib hissələrindən biri olduğunu qabardır.

Yeganə Eyvazova, 

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

 

Mədəniyyət