“Ölümcül həqiqətlər” cana gəldi

post-img

Tanınmış jurnalist Bahəddin Həzi həyat həqiqətlərindən bəhs edən publisist yazıları hər zaman maraqla oxunur. Onun son illərdə qələmə aldığı məqalə, yol qeydləri, esse və hekayələri, həmçinin Qarabağ mövzusunda xatirə poemasını ipə-sapa düzərək, kitab halında çap etdirməsini məslək adamının, azad düşüncə sahibinin yaradıcılıq hesabatı kimi dəyərləndirə bilərik. 

Müəllifin yeni kitabı “Ölümcül həqiqətlər” adlanır. Kitaba ön söz yaz­mış filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin təbirincə desək, Bahəddinin yazılarının əksəriyyətinə zamanın ağrı-acıları hopmuşdur. Əsl mənada həqiqətə köklənmiş bu yazılara dövrün nəfəsi, adi insan yaşantılarından tutmuş milli tale ilə bağrıbadaş olmaq hissi də hakimdir. Gerçəkliyə obyektiv münasibəti yaradıcı məskləkin cövhəri sayan müəllif publisistrik yazılarını illə­rin müşahidələri və müşahidələrin hik­mətləri üzərində qurub.

Kitabı oxuduqca “Bir səhər “Çahar­gah”a oyandıq”, “İtirilmiş paradiqmalar”, “Mərhəmət ətri” və digər bölümlərdə toplanmış ayrı-ayrı yazıların aurasına düşür və duyğulanırsan. 2019-cu ildə qələmə alınmış “Yadımdakı Qarabağ” xatirə-poemada uşaqlıq xatirələrindən başlamış, işğala məruz qalmış əzəli torpaqlarımızın düşməndən təmizlən­məsi əzminə qədər lirik-obrazlı tərzdə poetik duyğu və düşüncələr toplu halın­da oxucuya təqdim olunub. Yaddaşdan boy göstərən əlvan təbiət lövhələri, et­noqrafik təsvirlər həm də “Uca tanrım, bitsin artıq doğma torpaq həsrətim” deyən müəllifin Qələbə müjdəli arzu və istəklərinin tərcümanı kimi maraq kəsb edir. Nə yaxşı ki, Bahəddin Həzinin hə­min zəfər həsrətli poemasının da daxil edildiyi yeni kitabı artıq Qarabağda qa­zanılmış möhtəşəm qələbənin ruhuna bələndiyimiz hazırkı vaxta təsadüf edib. Başqa sözlə desək, müəllifin məcazi mənada “ölümcül” saydığı həqiqətləri cana gələrək dirçəlib, özünün əsl sahib­lərinin qədəmləri üçün qəribsəmiş dağ­larda, zirvələrin qaşında bayrağa dönüb qürurla dalğalanmağa başlayıb.

İnamla deyə bilərik ki, qələmdaşımı­zın araya-ərsəyə gətirdiyi bu yeni kitabı­nı da oxucular maraqla qarşılayacaqlar.

“Xalq qəzeti”

Mədəniyyət