Ötən həftə ilk dəfə olaraq Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ikigünlük “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu keçirilib. “Xalq qəzeti” olaraq həmin ərəfədə redaksiyamızda tanınmış kino xadimlərini dəyirmi masa ətrafında müzakirələrə dəvət etmiş, sonra isə forumun gedişi haqqında ətraflı məlumat vermişdik. Bəs, artıq tarixə çevrilmiş dövlət tədbiri necə keçdi, perspektiv üçün hansı vəzifələr müəyyənləşdirildi? Milli kinomuzla bağlı strategiyanın konturları nədən ibarət olacaq? Bu suallara aydınlıq gətirmək istərdik.
Bəri başdan deyək ki, işgüzar şəraitdə keçən Forumda Mədəniyyət naziri Adil Kərimlinin, həmçinin kino təsərrüfatına cavabdehlik daşıyan ünlü sənət adamlarının çıxışları ümumi konsepsiyaya aydınlıq gətirib. Bildirilib ki, əsas məqsəd 125 yaşlı Azərbaycan kino sənətinin uğur yoluna nəzər salmaq, perspektivə baxmaq və problemlərə işıq tutmaqdır. Bundan bir qədər əvvəl Teatr Forumu da keçirilmişdi və il ərzində ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində mədəniyyətimizin digər sahələri ilə də bağlı analoji yaradıcı toplantılar təşkil ediləcək, son olaraq, mədəniyyətimizin İnkişaf Strategiyası formalaşdırılacaq.
Forum öz işini dörd panel müzakirəsi üzrə davam etdirib. “İdeologiya. Milli Kino – dünən, bu gün və sabah” adlı ilk panelində “Mədəniyyət siyasətində kinonun rolu”, “Milli kinoda mövzu seçimi. Cəmiyyətin gözləntisi və dövlət sifarişi”, “Kino sahəsində peşəkar kadr hazırlığının mexanizmləri”, “Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri” adlı ikinci paneldə “Müəllif kinosunda uğur meyarları”, “Kinofestivallar və kinofondlar – müştərək istehsal üçün zəruri platforma” və “Satış potensialı az olan filmlər üçün dəstək sistemi”, “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri” adlı üçüncü paneldə “Kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi zamanı nələr nəzərə alınmalıdır?”, “Tamaşaçının yerli filmlərə marağının artırılması necə tənzimlənməli?”, “Azərbaycanfilm” kinostudiyasının 100 illik tarixi və gələcək perspektivləri” və Azərbaycan kinosunda beynəlxalq təcrübənin tətbiqi” adlı sonuncu paneldə isə “Kino sahəsində planlı iqtisadiyyat modelindən bazar iqtisadiyyat modelinə keçid”, “Beynəlxalq kino kontekstinə inteqrasiyanın mexanizmləri”, Xarici sərmayənin kino sənayesinə cəlb olunması prinsipləri” mövzularında müzakirələr aparılıb.
Xatırladaq ki, forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.
Tədbirdə milli kinoya dövlət qayğısının davamlı olduğu təqdir edilib. Son illər ölkəmizdə istehsal olunan filmlərin dünya arenasına çıxarılması və bəzilərinin mükafatlandırılması, film çəkilişinə vəsait qoyuluşunun həcminin artması və tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişafından xəbər verən amillər kimi vurğulanıb. Bildirilib ki, kinematoqrafiyada şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Kino Agentliyinin yaradılması irəliləyişə böyük təkan olacaq.
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında kino sənətinin də inkişaf etdirilməsi konsepsiyasının öz əksini tapması nikbinlik yaradır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da bu sahəyə hərtərəfli diqqət göstərir.
Eyni zamanda mötəbər tədbirdə problemlər qabardılıb və rəqabət qabiliyyətli kinomuzun formalaşması istiqamətində atıla biləcək addımlar müzakirə olunub. Ayrı-ayrı çıxışlar, müsahibələr bu xüsusda bir sıra önəmli məsələlərə işıq salıb və forumdan ciddi gözləntilərin olduğunu göstərib. Fərəh doğuran hal budur ki, natiqlər diqqəti şəxsi müşküllərindən daha çox, ümumi məsələlərə cəlb edib, milli kino sənətimizi daha da canlandırmaq istəklərini dilə gətiriblər. Tərəqqiyə istiqamətlənmiş addımların daha inamla atılması zərurəti önə çəkilib. Ümid ifadə olunub ki, foruma toplaşan kino ictimaiyyəti, görkəmli mədəniyyət xadimlərimiz Azərbaycan kinematoqrafiyasının qarşısında dayanan problemləri aradan qaldırmaq üçün əməli olaraq birləşəcəklər. Çünki milli kinomuzun inkişafı, yeni mərtəbəyə qaldırılması bütün xalqın arzusudur.
Forumda kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi zamanı nələrin nəzərə alınmalı olduğu, tamaşaçının yerli filmlərə marağının artırılmasının necə tənzimlənməsi, “Azərbaycanfilm” kinostudiyasının 100 illik tarixi və gələcək perspektivləri, xarici sərmayənin kino sənayesinə cəlb olunması prinsipləri və sair mövzulara toxunulub.
Dövlət əhəmiyyətli tədbirdə ölkənin görkəmli mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, xarici ölkələrdən gəlmiş qonaqlar da iştirak edirdilər. Düşünürük ki, hər kəs məhz milli kino təəssübkeşliyimizin, ekrana xırda məişət məsələlərini deyil, ictimai önəm daşıyan mövzuları gətirmək istəyimizin və eyni zamanda mental dəyərləri qorumaq məramımızın şahidi oldu.
Deyilənlərin söz olaraq qalmayacağına ümid edirik. İnanmaq istərdik ki, Azərbaycan kinosunun tamaşaçı zövqünü yönləndirmək qabiliyyəti daha da artacaq, tezliklə milli filmlərimiz dünya mədəniyyətlərarası dialoqunda özəl mövqeyi ilə mütləq qaydada hesablaşılan tərəfə çevriləcək.
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”