Tanınmış musiqişünasın yubileyi və kitab təqdimatı

post-img

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) tanınmış musiqişünas, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Həcərxanım (Həcər) Babayevanın 75 illik yubileyinə həsr olunmuş konfrans və “Seçilmiş məqalələr” kitabının təqdimat mərasimi keçirildi.                      

H. Babayeva 17 aprel 1948-ci ildə anadan olub. 1957-1969 - cu illərdə Ü.Hacıbəyov adına Azərvaycan Dövlət  Konservatoriyasının (ADK) nəzdindəki orta-ixtisas musiqi məktəbində təhsil alıb. 1969-1973-cü illərdə ADK-nın “Tarix-nəzəriyyə” fakültəsində təhsilini davam etdirib və oranı fərqlənmə diplomu ilə bitirib. 1973-1978-ci illərdə Bakı Məktəbəqədər Pedaqoji məktəbində, 1978-1993-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda, 1993 - 1997-ci illərdə Türkiyənin Bilkənd Universitetində, 1970-2009-cu illərdə Azərbaycan Milli Konservatoriyasının nəzdində musiqi kollecində müəllim, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) əvəzçi müəllim, 2009-cu ildən orada “Musiqi nəzəriyyəsi” kafedrasında baş müəllim, dosent, 2011-ci ildən isə professor vəzifəsində çalışır. 1995-ci ildə Ankara Bilkənt Universitetində ustad dərsləri aparıb.                                                                         

Azərbaycan Bəstəkarlar İttifaqı “Musiqişünaslıq” bölməsinin sədri, ölkədaxili və xaricdə keçirilən konfrans və simpoziumların iştirakçısıdır. 2008-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Vasif Adıgözəlov,  Ağabacı Rzayeva və Firəngiz Əlizadənin yaradıcılığına həsr olunmuş monoqrafiyaların,  "Elementar musiqi nəzəriyyəsi” dərsliyinin, “Harmoniya” (I, II hissə) və “Harmoniya fənninin tədrisinə dair” metodik vəsaitlərinin müəllifidir. Bir sıra qəzet və jurnallarda müntəzəm şəkildə yazılarla çıxış edir.          

Tədbiri giriş sözü ilə açan ABİ sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə yubilyarın çoxşaxəli yaradıcılığından, insani xüsusiyyətlərindən danışdı. Onun yarım əsrlik elmi-pedaqoji fəaliyyətinin yaddqalan məqamlarını ayrıca qeyd etdi.

BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli ailəvi dostu Həcər xanım haqqında səmimi fikirlərini və onun mərhum həyat yoldaşı musiqişünas professor Elxan Babayevlə bağlı xatirələrini bölüşdü.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi,  professor Zemfira Qafarova “Musiqişünaslar ailəsi” adlı məruzəsində günümüzün qəhrəmanının misalında layiqli alim və müəllimin milli musiqi sənətimizin inkişafına verdiyi töhfədən söhbət açdı.

Sonra söz musiqiyə verildi.Üzeyir Hacıbəyli adına BMA-nın “Detaşe” violinoçular ansamblının gənc üzvləri öz məharətlərini göstərdi. Xalq artisti Zəhra Quliyevanın bədii rəhbəri olduğu ansamblın və konsertmeyter Səbinə Muradovanın ifaları - Üzeyir Hacıbəylinin “Koroğlu” operasından 2 rəqs və  Karl Bomun “Daimi hərəkət”i alqışlarla qarşılandı.

AMEA-nın müxbir üzvü, sənətşünaslıq elmləri doktoru, professor Rəna Məmmədova-Sarabskayanın həmkarından bəhs edən “Həcərxanım Babayevanın elmi fəaliyyəti” məruzəsi maraq doğurdu.

Musiqili estafetini davam etdirən Xalq artisti Salman Qəmbərovun pianoda müşayiətilə Rövşən Qəhrəmanovun vokal ifasında görkəmli bəstəkar Rauf Hacıyevin “Saçlarına gül düzüm” və “Leyla” mahnıları yeni performansda hamının diqqətini çəkdi.

Əməkdar incəsənət xadimi,  sənətşünaslıq elmləri doktoru, professor İmruz Əfəndiyevanın “Həcərxanım Babayevanın nəşr olunmuş kitabları və dərslikləri haqqında”, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor  Könül Nəsirovanın “Həcərxanım Babayevanın pedaqoji fəaliyyəti”, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımovun “Təcrübəli müəllim”, sənətşünaslıq elmləri doktoru, BMA-nın professoru Aytac Rəhimovanın “Həcərxanım Babayevanın “Seçilmiş məqalələr” kitabı haqqında” məruzələri səbəbkarın dörddə üç əsrlik ömrünün bütün çalarlarını əhatə etdi və önun məhsuldar yaradıcılığı hərtərəfli şəkildə vurğulandı.

“Qafqaz” ictimai birliyinin “Xarıbülbül” medalının yubilyara təqdimatı isə əsl sürpriz oldu. Təkrarən səhnəyə çıxan “Detaşe” violinoçular ansamblı İohannes Bramsın “Macar rəqsləri” və Tofiq Quliyevin “Sevgi valsı” əsərlərini xüsusi şövq və zövqlə ifa edərək tədbirə rəng qatdılar.  

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının aparıcısı olduğu proqram H. Babayevanın minnətdarlıq dolu nitqi ilə yekunlaşdı. 

Ə.ƏLİYEV,

"Xalq qəzeti"









Mədəniyyət